Modern.az

Sahibsiz dərd

Sahibsiz dərd

12 İyul 2010, 23:38

...Təkcə torpağın deyil, zamanın da üzü soyuqdur. Vaxt ötdükcə ən üsyankar ehtiraslar, bir insanın, bir nəslin, bir millətin teleyinə öz yanar damğasını vuran, könüllərdə, düşüncələrdə qarsıyan izlər buraxan alov dilli dərdlər belə soyuyur, təqvimlərdə sıralanan sırsıraya - damla-damla əriyən buz parçasına çevrilirlər.

Zaman və onun soyuq üzü üçün "heç kim unudulmur, heç nə yaddan çıxmır" anlayışı yoxdur və o, yaddaşını güclülərin yaratdığı tarixin "idarəçiliyinə" etibar edənlərə öz şərtlərini diqtə etməkdədir.

 

Riyakar gözlər

 

...Qəribə millətik. Biz itkilərimizə, itirdiklərimizə - başqalarının bizim üçün dərdə çevirdiyi gerçək nəsnələrə sahib çıxmaqdan daha çox təxəyyülümüzün məhsulu olan, obrazlı, bədii dərdlərimiz üçün ağlamağı xoşlayırıq. Həm də dünyanın heç bir millətinə xas olmayan şəkildə: "Bir gözümüz gülür, o biri isə ağlayır".

Mən hansısa bir millətin, xalqın, toplumun öz dərdlərinə, problemlərinə məhz bu obrazlı deyim müstəvisindən yanaşa biləcəyini ağlıma belə gtirmirəm. İnsanın bir gözü gülür, digəri isə ağlayırsa, deməli o, sadəcə riyakardır, ikiüzlüdür, arsızdır, unutqandır...

Mətləbə bir az uzaqdan yol aldım. Amma müxtəlif mərasimlərdə göz yaşlarımızın ovcumuza sıxılmasına xidmət edən bayatı, şeir..., kəsəsi şifahi və bədii ədəbiyyatımızın az qala bütün nümunələrinin leytmotivinə çevrilən obrazlı dərdlərimizdən gerçək problemlərimizə yol tapmaq üçün istər-istəməz uzaqdan başlamalı olursan. Çünki biz poetik-sentemental dərdlərimizlə gerçək problemlərimizin kələfini elə dolaşdırmışıq ki, ipucunu tapmaq üçün az qala "Ekvator xəttini" bir neçə dəfə dövrə vurmalı olursan...

 

Təəssüf yağışı

 

...Bəzən mediamızın və ayrı-ayrı siyasi təşkilatların ştatlı və ştatdankənar ziyalılarının əksəriyyəti Qarabağ savaşı, Azərbaycan torpaqlarının işğalı ilə bağlı bədii ədəbiyyat nümunələrinin azlığından, yaxud yoxluğundan şikayətlənirlər. Amma Qarabağ probleminin, yəni ortalıqda olan gerçək dərdimizin bədii ədəbiyyat nümunəsinə çevrilmədiyinə sevinirəm. Deməli, Azərbaycan xalqı hələ də Qarabağ itkisinə gerçək dərdi kimi yanaşır. Onu göz yaşlarını ovcuna sıxmaq üçün emosional təsir vasitəsinə çevirməyib.

Amma məsələnin digər tərəfi də var. Təbriz, İrəvan, Zəngəzur, Dərbənd və itirilmiş, qəsb edilmiş digər torpaqlarımız barəsində ağızdolusu danışan, şeirlər, poemalar, romanlar yazan, namizədlik və doktorluq dissertasiyaları müdafiə edən aydınlarımızın böyük əksəriyyəti nədənsə Qarabağ problemilə bağlı susmağa üstünlük verirlər.

Çünki tarix haqqında danışmaq daha asandır...

Çünki tarixi geriyə qaytarmaq mümkün deyil...

Qarabağı isə geriyə qaytarmaq olar.

Çünki o hələ tarixə çevrilməyib.

Qarabağı geriyə qaytarmaq üçünsə sözdə yox, əməldə fədakarlıq lazımdır. Fədakarlıq üçünsə təəssübkeşlik, vətəndaş mövqeyi, Vahid millət, Vahid vətən təfəkkürü və sahibsiz olana sahib çıxmaq əxlaqı...

Acı da olsa Qarabağ ortalıqda qalan, kimsənin sahib çıxmaq istəmədiyi bir dərdə çevrilir.

İtirdiklərimizə, qəsb edilən, yağmalanan torpaqlarımıza sahiblənmək əvəzinə nəyin bahasına olursa-olsun bizim üçün milli natamamlıq kompleksinə çevrilmiş məğlubiyyət acısından xilas olmağa çalışırıq.

Mən Azərbaycan ziyalılarının, elm, mədəniyyət və ədəbiyyat adamlarının sonuncu dəfə nə zaman Qarabağ dərdi ətrafında bir araya gəldiklərini, Azərbaycan prezidentinə müraciət ünvanladıqlarını unutmuşam.

Amma aralarında imzalarına və şəxsiyyətlərinə hörmət bəslədiyim insanların da olduğu bir qrup Azərbaycan ziyalısı bir araya gələrək, Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədildiyi barədə iddalarda bulunmağı özünə rəva bilən Eynulla Fətullayevlə bağlı Azərbaycan prezidentinə müraciət edə bilirlər. Olsun, bu da onların haqqıdır...

...Təəssüf ki, Qarabağ problemi bu gün Eynulla Fəttulayev qədər populyar deyil.

...Təəssüf ki, beynəlxalq təşkilatlar Qarabağın erməni işğalından azad edilməsi naminə deyil, Eynulla Fətullayevin azadlığa buraxılması üçün bəyanatlar verirlər.

...Təəssüf ki, bir milyon insanın haqqına, Azərbaycan torpaqlarının işğalına göz yuman, təcavüzkara hərtərəfli yardım, təcavüzə məruz qalana isə təzyiq göstərən aparıcı güclərə və onların "beynəlxalq təşkilatlar" adlanan ruporlarına Qarabağın yox, Eynulla Fətullayevin azadlığını tələb etməklə xoş gəlmək olur.

...Təəssüf ki, Azərbaycan hökumətinə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son proseslərə aydınlıq gətirilməsi məqsədilə deyil, Eynulla Fətullayevin azadlığa buraxılması üçün müraciət ünvanlamaqla "mən də varam" mesajını vermək mümkündür.

...Təəssüf ki, bizim ümummilli, ümumAzərbaycan anlayışları ilə bağlı ilkin, reflektiv instiklərimiz sovet dönəminin "hamıya məxsus olan, amma eyni zamanda kimsəyə məxsus olmayan" kolxoz fəlsəfəsindən qaynaqlanır...

...Təəssüf ki, təəssüflənməkdən özgə bir şey bacarmırıq!  

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü