Modern.az

Sumqayıtda sahibkarlar məmurlardan şikayət edirlər

Sumqayıtda sahibkarlar məmurlardan şikayət edirlər

14 İyul 2010, 18:30

Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində Sumqayıtda sahibkarlarla keçirilən ilk tədbirdə yerli dövlət idarələrinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak edib. Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələri bildiriblər ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcud olduğuna görə Fond sahibkarları maarifləndərməklə yanaşı, onlara hüquqi yardım göstərmək fikrindədir. İş adamları məmurların onların işinə əsassız müdaxilələrindən, onların fəaliyyətinə şəhər vergi, əmlak və reyester xidməti, əmək müfəttişliyi və sanitar epidemioloji xidmət, yerli icra strukturları əməkdaşlarının süni maneələr yaratmalarından narazılıq ediblər. Hətta sahibkarların əmlak məsələləri ilə bağlı verilən məhkəmə qərarlarının da vergi xidməti tərəfindən icra edilməməsi vurğulanıb. Fonddan təəssüflə bildirilib ki, Sumqayıt şəhər Vergi Xidmətinin nümayəndəsi tədbirdə iştirak etməyib. Bütün bu qeyri-qanuni müdaxilələrə görə sahibkarlar fəaliyyətlərini genişləndirə bilmədiklərini söyləyiblər.

Korrupsiyaya qarşı Mübarizə Fondu digər regionlarda da belə görüşlərin keçirilməsini nəzərdə tutur. Yekunda konkret faktlara əsaslanan nəticələrlə bağlı pozuntuya yol verən qurumlarla əlaqədar daxil olan şikayətlərin Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcəyi də vurğulanıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü