20 yanvar 2017, Cümə
Ana Səhifə - FOTOSÖHBƏT - Professor Elçin İsgəndərzadə ilə FOTOSÖHBƏT
Professor Elçin İsgəndərzadə ilə FOTOSÖHBƏT
08.09.2014, 09:48

Modern.az  saytı Elçin İsgəndərzadə ilə FOTOSÖHBƏT layihəsini tədqim edir:

Elçin İsgəndərzadə (İsgəndərov Elçin Barat oğlu) 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub. 1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi qızıl medalla bitirib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakül­təsində təhsil alıb. İnstitutu fərqlən­mə diplomu ilə bitirib.  Texnika və filologiya elmləri doktoru, professordur. 

Nyu-York Elmlər Akademiyasının,  «Qafqaz Xalqları» Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının,   Beynəlxalq Kadr Akademiyasının, Təbriz Dil və Kültür Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,  Gürcüstan Milli Akademiyasının,  Avropa Mədəniyyət Akademiyasının həqiqi (akademik) üzvü seçilib.

Türkiyə İLESAM-ın (Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və TYS-nin (Türkiyə Yazarlar Sendikası), Quzey Kıbrıs Türk Cümhuriyyətinin  KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Kurumu) Vəqfinin, Rusiya Yazıçılar Birliyinin, Bolqarıstan Yazıçılar Birliyinin, Qırğızıstan Milli Yazıçılar Birliyinin, Kosova Türk Yazarlar Birliyinin, Ukrayna Yazarlar Birliyinin,  Rumıniya Yazarlar Birliyinin üzvüdü.

2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib.

200-dən çox elmi əsərin, 47 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii və elmi kitabın müəllifidir. 

Türkiyə, Rusiya,   Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, Özbəkistan, Polşa, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.

Azərbaycan Texniki Universitetinin professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texniki Elmlər üzrə Ekspert Şurasının üzvüdür.


Şəkilli tarixim burdan başlayır (öncəkilər işğal olunub). 1 sentyabr 1971-ci ildi. Ağdamın Əhmədavar kəndi... Birinci sinif şagirdlərinin sənəd üçün şəklini çəkməyə kəndimizə fotoqraf gəlmişdi. İlk dərs günüm. Yanımdakı qardaşımdı.

Həmin kəndin səkkizillik məktəbinin buraxılış günüdür. 25 may 1979-cu il. Artıq  dönəmin məşhur “Kvant” jurnalı məni laureat, kəndimiz isə alim kimi  tanıyır.

Qızıl medallı abituriyentəm! Politexnik institutuna sənəd vermək üçün çəkdirmişəm.

Tələbə yoldaşlarımı Cıdır Düzünə gəzməyə gətirmişəm. 1984-cü ildi.

Ədəbiyyata Məmməd Arazın xeyir- duasıyla gəlmişəm. O zaman çox dəb olan və tale müəyyənləşdirən “Uğurlu yol”umu Məmməd Əmi yazıb. 31 ildir ki, Məmməd Arazın adına xələl gətirməməyə çalışıram.

 

1997-ci ilin dekabr ayıdı. Anar müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edir. Bu gün Nobel mükafatı alsam, sevinci o günün sevincinə çatmaz! AYB-ni ömrüm boyu Şuşam kimi sevmişəm.

 

Bəxtiyar Vahabzadənin - Millilik və Türkçülük Ustadımın evindəyəm. Ümumi söhbətimiz poeziya, şəxsi söhbətimiz Çingiz Aytmatov, Xudu Məmmədov və Şahmar Əkbərzadədir. O qədər inanırdı ki, mənə, bəzən sirlərini də açırdı...

Sabri  Koz və Harid Fedai ilə Vaqif Səmədoğlunun qonağıyıq. Fikrət Qocanın fanatı, Səyavuş Məmmədzadənin həmyerlisi olaraq onları da dəvət etmişəm.

Azərbaycanda ilk dəfə təşəbbüsüm və təşkilatçılığımla Beynəlxalq Şeir Festivalı keçirilir. 12 ölkədən türkdilli ən məşhur şairləri dəvət etmişik.

 

Krımtatar Yazarlar Birliyinin sədri Şakir Səlim və birlik üzvləri ilə görüş. Ağməscid, 2006

 

Yeddi dəfə Dünya çempionu Ceyhun Məmmədov həm qohumum, həm də uşaqlıq dostumdur. Burda haqqında yazdığım “Çempion” kitabını müzakirə edirik. 1996-cı ildi.

 

Əziz qardaşım Sabir Rüstəmxanlının “Ömür kitabı”  həm də bizim ailənin ömur yolunu müəyyənləşdirib. Şəkil 2003-cü ildə indi olmayan “Köhnə İnturist”də çəkilib. Sətiraltı mənası var, ona görə yazdım.

 

Çağdaş Türk şeirinin ən böyük milli şairi hesab etdiyim Yavuz Bülənt Bakilər qonağımızdır. Bakı,2004.

KKTC  Cumhurbaşkanı Rauf Denktaşla uzunillik dostluğum və mənə olan böyük sevgisi nəticəsində Şəxsən Özü yayınladığı və Özü ön söz yazdığı “Bəyaz dua” kitabım Ginnesin rekord kitabına düşəcək bir alternativsizlik bəxş etdi mənə. İndiyədək heç bir Prezident heç bir şairin kitabına ön söz yazmayıb. Lefkoşa, 2004