26 fevral 2017, Bazar
Ana Səhifə - FOTOSÖHBƏT - Qənbər Şəmşiroğlu ilə FOTOSÖHBƏT
Qənbər Şəmşiroğlu ilə FOTOSÖHBƏT
26.12.2014, 11:10

Modern.az saytı Dədə Şəmşirin oğlu, millət vəkili Cavid Qurbanovun atası Qənbər Şəmşiroğlu ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Dədə Şəmşir ruhunun daşıyıcısı olan Qurbanov Qənbər Şəmşir oğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun  Ağdaban kəndində anadan olub.

1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.

1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından "Azərittifaq"da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.

16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunub.

Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


Düz 11 albom şəklim Kəlbəcərdə qaldı. Ona gördə də sizə uşaqlıq, tələbəlik, gənclik illərimin şəkillərini təqdim etmək imkanından məhrumam. Çox yaxşı şəkillərim var idi. Heyif, Kəlbəcərdən...!
Folklorşünas Sədnik Paşayev Kəlbəcərdə araşdırma aparırdı. Bu işdə daim ona kömək edirdim ki, Kəlbəcərin folkloru itib batmasın. Bu şəkil o zamanlar lentə alınıb.

Bu şəkli mənə buradakı dostlar verdi. Ali Partiya Məktəbində təhsil aldığım vaxtlarda dostum Abbas Mazanovla...


Sənətşünas Ziyadxan Əliyev kəndimizə gəlmişdi. Bu şəkli də elə o özü çəkib...

1972-ci il. "Pravda" qəzetinin əməkdaşları dağları gəzmək üçün Azərbaycana səfər etmişdilər. Bakıdan isə rəhbərlik onları jurnalist Zahid İsmayılovun müşayiəti ilə Kəlbəcərə göndərmişdi. 

1973-cü il, Murtuzayev Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi işləyən vaxtlar. Plenumdan sonra adətən rayon rəhbərliyi şəkil çəkdirərdi. Həmin anlardan bir kadr...   

1976-cı il. Azərbaycan Ali Sovetinin iclası. Mən o zaman Kəlbəcərdə İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdım. Onda İcraiyyə komitələrinin sədrləri də Ali Sovetə gəlirdilər.

Nəriman Həsənzadə İstisuya gəlmişdi. O vaxt Kəlbəcərə gələn ziyalılar mütləq bizimlə görüşürdülər. Bu dəfə mən İstisuya gedib, dostuma baş çəkdim.


Lenin adına kolxoz Kəlbəcərin ən qabaqcıl kolxozlarından, Qurban Məhərrəmov isə rayonun ən qocaman müəllimlərindən idi.
O kənd də, o müəllim də erməni girovluğunda qaldı... Bu şəkildə kolxozun sədri Qurban Məmmədova bayraq təqdim edirəm...


Taleyimdə Gədəbəydə işləmək da varmış... 

1957-ci ildə dədəmlə Bakıya - Əlyazmalar İnstitutuna gəlmişdik. Araşıdrmaçı alim Əminə Eldarova dədəmin yaradıcılığı haqda dissertasiya işi yazmışdı. Elə orada Osman Sarıvəlli, Mirəli Seyidov və Əminə Eldarova ilə şəkil çəkdirdik.    


Alimlər dədəmin qonağı idilər. Şəkil bizim həyətdə çəkilib.
Dədə Şəmşirin maraqlı məziyyətlərindən biri də əvəzsiz söhbətləri idi. Dədəmin söhbətindən doymaq olmurdu. O vaxt ziyalılar da belə deyirdilər. Nəyisə təkararlamağı xoşlamırdı dədəm, hər söhbətində təzə bir şey deyirdi...

Azərbaycan aşıqları Gədəbəydə... 

Bakıdan vəzifəli adamlar Kəlbəcərə gəlmişdi. Bu şəkil İstisuda çəkilib...

Əli Vəliyev, Söhrab Tahir, Əhməd İsayev dədəmin qonaqlarıdır...

Adamın o günlər üçün burnunun ucu göynəyir...

  

Kəlbəcərdə qış çox sərt keçirdi. Həmin qış gününün birində dostlarla bərabər.

1 May bayramı. Bu bayram o vaxt böyük təntənə ilə qeyd edilirdi. Hər dəfə də dostlar bir yerə toplaşıb şəkil çəkdirirdilər.

Kəlbəcərli günlərdən yadigadı bu şəkil...

 

İllər beləcə keçib getdi... Dünyada qalan elə dünya olur. Göygöl rayonu Kəlbəcərə çox yaxındır. Kəlbəcərin ətrini bu rayondan alıram... Ona görə darıxan kimi o rayona gedirəm...

Mərhum Cavad Heyətlə...


Professor Ədibə xanım Paşayeva ilə


Dostum Salehlə Kislavodskda...

Bütün qohumlar məcburi köçkündür. Onlarla görüşməyi özümə borc hesab edirəm.

Göygöldə oğlum Cavid dostlu ilə mənə qonaq gəlmişdi.

Professor Nərgiz Paşayeva ilə BDU-nun 95 illiyində səmimi söhbət edirik... 

Türkiyəli qonaqlarla Aşıq Şəmşirin büstü önündə....

Amerikanın folklorşünas alimi Azərbaycanda aşıq sənətini araşdırır. Gördüyünüz bu cavan oğlan isə Həbib Misirovdur, çalışqan, tərbiyəli...


Türkiyədən gələn Səfər Karakoyunlu qonağımızdır...

Bu yaşıma qədər bütün seçkilərdə ailəlikcə iştirak etmişəm.

 

Türk yazarları, sənətçiləri ilə. Qənirə Paşayeva çox qocaq xanımdır...


BDU-nun 95 illiyində ziyalılarla bir arada

Türkiyənin Gəncədəki konsulu ilə...

Kəlbəcərin anım günü...Nəsib Nəbioğlu və Məmməd Aslanla...


Yol gedirik. 1957-ci ilin 4 sentyabrından indiyə qədər bu yolda daim biri-birimizə həmdəm olmuşuq. Adam yaşlaşanda daha mehriban olur ha...

 

Gəlinlərimlə...

Baba, ata, nəvə...