Modern.az

Parlament jurnalistləri deputat Məlahət İbrahimqızını necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Məlahət İbrahimqızını necə xarakterizə edirlər?

Parlament

13 Sentyabr 2010, 16:33
Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Məlahət İbrahimqızı barədə fikirlərini bildiriblər.

Məlahət İbrahimqızı 99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilib. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
1983-cü ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olub, 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, Hesablayıcı komissiyasının sədridir.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“525-ci qəzet”“1News” İnformasiya Agentliyinin əməkdaşı Kamil Həmzəoğlu: “Məlahət İbrahimqızına abırlı, həyalı, ləyaqətli, özünün-sözünün  yerini bilən bir Azərbaycan xanımı kimi çox böyük hörmət və ehtiram bəsləyirəm. O, parlamentin aktiv, işgüzar millət vəkillərindən də sayıla bilər. Düzdür, 2-ci çağrış parlamentdə Məlahət xanım indikindən qat-qat fəal idi, amma bununla belə o, 3-cü çağırış parlamentdə də yeri gələndə, istər cari məsələlərin, istərsə  qanun layihələrinin müzakirəsində aktivlik nümayiş etdirməyə çalışır. Məlahət xanım həm də, fəaliyyəti dövründə bir sıra qanunvericilik təşəbüüsu ilə çıxış edib. Məhz onun rəhbərliyi altında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun lahiyəsi hazırlanaraq parlament müzakirələrinə çıxarılıb. Doğrudur, bəzi məqamlara görə həmin qanun lahiyəsi geri qaytarılıb, amma bildiyim qədər, qanunvericilik işləri planından çıxarılmayıb. Onun rəhbərliyi ilə növbəti- “Ailə həkimi haqqında” qanun lahiyəsi hazırlanır və çox güman ki, həmin sənəd payız sessiyasının müzakirəsinə çıxarılacaq. Məlahət xanım həm parlamentdə, həm də üzvü olduğu hakim partiyada xüsusi çəkisi, söz sahibi olan xanım millət vəkillərindəndir. Əgər belə olmasaydı, YAP-ın ən güclü rayon təşkilatlarından olan Nəsimi təşkilatına sədirlik ona həvalə edilməzdi. Bu, onu göstərir ki, Məlahət xanım növbəti dəfə də YAP-ın namızədlər siyahısına salınacaq və 4-cü çağırış parlamentdə də təmsil olunacaq.
 Jurnalistlərlə münasibətinə gəlincə, bunu qənaətbəxş saymaq olar. O, jurnalistlərin suallarını cavablandırmaqdan yayınmır. Seçicilərlə necə işləməsinə gəldikdə isə, bildiyimə görə onların da problemlərinin həllində yaxından iştirak etməyə çalışır.
Son olaraq, Məlahət xanıma növbəti seçkilərdə uğurlar arzulayıram”.  

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Məlahət İbrahimqızı bir millət vəkili kimi özünü doğruldub. Milli Məclisdə qanunların müzakirəsi zamanı fəallıq göstərib. Qadın və uşaq hüquqlarının müzakirəsində fəal iştirak edib. Reproduktiv sağlamlıq və qadın sağlamlıqları haqqında parlamentdə çıxışlar edib. Əfv sahəsində də fəaliyyəti mövcuddur. Bir sıra məhbuslar onun təşəbbüsü ilə indi azadlıqdadırlar. Jurnalistlərə açıq deputatdır. İstənilən fikri bölüşməkdən çəkinmir. Seçiciləri ilə münasibəti haqqında məlumatım yoxdur”.  

“Üç nöqtə”
qəzetinin əməkdaşı Elməddin Muradlı: “Əvvəlki dönəmdə daha fəal görünürdü. Milli Məclisdə o qədər də hiss etmədim onun fəallığın. Düzdür, müəyyən sosial problemlərin qaldırılmasında iştirak edib. Özünə məxsus təklifləri olubdu.
Məlahət xanım həmişə insanları düşünərək çıxışlar edir. Jurnalistlərlə münasibəti yaxşıdır, salam-əleykümü var. Onun bir layihəsin çox bəyənmişdim, məhkumların təhsil məsələsi ilə bağlı, ancaq davam etmədi. Seçiciləri ilə bildiyim qədər ilə normal münasibətdədir, işləyir”. 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Məlahət İbrahimqızı Milli Məclisin spesifik deputatlarındadır. Hiss olunur ki, yaxşı təşkilatçılıq qabiliyyəti var. Bu baximdan yəqin ki, seçicilərinin problemlərinin həllinə yardimçı olur. Parlamentdə həmişə YAP-ın mövqeyindən çıxış edir. Onun həm də dostlarına sadiq insan olduğu hiss olunur. Jurnalistlərlə münasibətləri əladır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Məlahət xanım Milli Məclisin ən fəal deputatlarından biridir. O, eyni zamanda YAP Siyasi Şurasının üzvü kimi fəaldır. O cümlədən siyasi məsələlərdə aktivlik göstərir. İctimai-siyasi məsələlərə də həmişə fikir bildirir. Məlahət xanım bir sıra qanun layihələri ilə də bağlı təklifləri olub. Həm mətbuata münasibəti yaxşıdır, həm də seçiciləri ilə bildiyimə görə yaxşı çalışır”.  

AzərTAc
-ın əməkdaşı Xətayi Əzizov: “Məlahət xanım həm deputat kimi, həm də “Lider Qadınlar” Cəmiyyətinin sədri kimi fəallıq göstərir. Eşitdiklərimə görə seçiciləri ilə də işləyir. Onun qanun yaradıcılığında da fəaliyyətini yüksək qiymətlənmdirərdim. Məsələn, analarla bağlı, reproduktiv sağlamlıqla bağlı fəaliyyəti daha çox təqdirə layiqdir. Məlahət xanım jurnalistlərlə də çox açıqdır. O, bu yaxınlarda,  Parlament Jurnalistləri Birliyi ilə birgə jurnalistlərin Tusi adına klinikada müayinədən keçirilməsinin təşəbbüskarı olub. Belə fəaliyyətləri var ki, bunlar həqiqətən təqdirə layiqdir. Bütün bunlara görə adam deyir ki, belə deputatlardan çox olaydı...”.  

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Məlahət xanım Milli Məclisin nə aktiv, nə də passiv deputatlarındandır. Jurnalistlərə münasibəti çox yaxşıdır. Seçiciləri ilə münasibətinə gəlincə isə mən onun elə bir fəaliyyətini görməmişəm”.  

“Həftə içi”
qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “YAP-ın üzvü olmasına baxmayaraq, siyasətcil xanımdır. Onun parlamentdəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. İstər sosial məsələlərlə bağlı, istərsə də insan haqlarının qorunması ilə bağlı, digər məsələlərlə əlaqədar qanun yaradıcılığında töhfəsini vermiş deputatlardandır. Çalışqan millət vəkilidir. Belə xanımların parlamentdə olması xalqımız və dövlətimiz üçün çox faydalıdır. Mən inanıram ki, növbəti seçkilərdə YAP-nın tərkibində namizəd kimi adı olacaq. Jurnalistlərə açıq deputatdır”.  

“Xəbərlərİnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Məlahət xanımı biz aktiv deputatlar sırasına aid edə bilərik. O, parlamentdə bir sıra qanunvericilik məsələlərinə dair, seçicilərin, vətəndaşların probleminin həll olunmasında təşəbüsslərlə çıxış edib. Xüsusən də milli məsələlərdə özünün mövqeyini sərgiliyən deputatlardandır. Onu özünün mövqeyini sərgiləyən deputatlardan biri kimi xarakterizə etmək olar. Jurnalistlərlə münasibəti normaldır, mətbuata açıq deputatdır. Seçiciləri ilə işi barəsində məlumatım yoxdur”.  

“Zaman
-Azərbaycan qəzetinin əməkdaşı Natiq Pənahlı: “Milli Məclisin azsaylı xanım deputatlarından biri kimi Məlahət İbrahimqızının fəaliyyətini orta səviyyədə dəyərləndirmək mümkündür. Ancaq ilk vaxtlar onun aktivliyi daha çox hiss olunurdu. Son illərdə bu aktivliyin müəyyən qədər səngidiyini müşahidə etmişəm. Seçiciləri ilə münasibətləri barədə məlumatsız olduğumdan, bu barədə nəsə deyə bilmərəm. Jurnalistlərlə münasibətinə gəlincə, bunu normal qiymətləndirirəm”.  

Modern.az
saytının əməkdaşı Elşad Eyvazlı: “Məlahət İbrahimqızı Millli Məclisin çox iş görüb, az görünən deputatlarındandır. Qanunvericilik sahəsində o, ciddi təşəbbüslərlə yadda qalıb. Jurnalistlərlə münasibətinə gəlincə, deputat onlarla həmişə əlaqə qurmaqda maraqlıdır. O, seçicilərinin problemləri ilə daim maraqlanır. Məlahət İbrahimqızı həm də sosial aksiyalarla yadda qalıb”.  

“Xalq Cəbhəsi”
qəzetinin əməkdaşı Ağa Cəfərli: “YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon təşkilatının sədri olan Məlahət İbrahimqızını fəal millət vəkili hesab etmirəm. Milli Məclisin iclaslarında xüsusi fəallığı ilə diqqət çəkmir, az çıxış edir. Çıxış edəndə hakim partiyanın mövqelərini müdafiə etməklə yadda qalır. Daha doğrsusu YAP-ın mövqeyini müdafiə etmək ücün çıxışlar edir. Problemlər haqqında isə çox az danışır. YAP-dan olan millət vəkillərinin böyük əksəriyyəti seçicilərin problemləri ilə demək olar ki, maraqlanmır, Məlahət İbrahimqızını da siyahıya aid edərdim. Bizim qəzetin əməkdaşları bir dəfə ondan müsahibə götürmüşdülər, bu müsahibə necə əzab-əziyyətlə ərsəyə gəldi, onu bir Allah bilir. Əvvəla Məlahət xanim bir çox sullara cavab vermək istəmədi, bir çox suallara qeyri-səmimi cavab verdi, müsahibəyə bir neçə dəfə özü baxdı və hər dəfəsində də çoxlu dəyişikliklər etdi. Yada salım ki, əməkdaşımız ondan müsahibə götürmək ücün bir neçə həftə gözləməli olmuşdu, Məlahət xanim hər dəfə bir bəhanə ilə müsahibə verməkdən yayınmaq istəyirdi, əslində bu fakt onun jurnalistlərə necə münasibət bəsləməsinin parlaq göstəricisi sayıla bilər. Mən bu cür deputatların Milli Məclisdə sayının artmasını istəməzdim”.  

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva: “Məlahət İbrahimqızını bir millət vəkili kimi çox bəyənirəm. Bir qadın kimi hər zaman Parlamentdə qadınların hüquqlarını müdafiə edir. Onların rifahının yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürür. Sosial siyasət komitəsini təmsil etdiyinə görə, bu sahədəki işləri yüksək qarşılanır. M.İbrahimqızı millət vəkili olmaqla yanaşı, bir QHT rəhbəri kimi də öz fəaliyyətində qadınlara üstünlük verir.  Onu xeyiyyəçi deputatlar sırasına daxil etmək olar. Bir insan kimi də xoşüzlü mehriban xanımdır. Onun KİV-lərlə münasibətinə gəlincə, hər zaman açıq, səmimi, olduğu kimi görünən xanımdır. İndiyə kimi onun hər hansı bir media nümayəndəsinə pis münasibətini görməmişəm. Bundan əlavə, o, fəaliyyət göstərdiyi rayonun da inkişafında böyük əməyə sahibdi. Seçiləri ilə münasibətdə isə qayğıkeş, onların problemlərinə bacardığı qədər yardım etməyə can atan bir millət vəkilidi”. 

"Hürriyyət" qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: " Məlahət xanım Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə əks etdirən, sözün həqiqi mənasında xanım-xatın bir deputatdır. Doğrudur, hərdən onun parlamentin iclaslarında passiv olduğu və bütövlükdə Milli Məclisin işində o qədər də aktiv iştirak etmədiyi görüntüsü yaranır. Ancaq bu hislər aldadıcıdır, əslində Məlahət xanım qanun yaradıcılığında yaxından iştirak edən, gənc parlamentarizmimizin oturuşmasında özünəməxsus xidmətləri olan bir millət vəkilidir. Onun parlamentdən kənar fəaliyyəti də çoxşaxəli və kifayət qədər zəngindir, rəhbəri olduğu “Lider qadınlar” İctimai Birliyində də adından da göründüyü kimi lider qadın obrazını yaratmağı bacarıb. Məlahət İbrahimqızı bir insan kimi də olduqca dəyərlidir və inanmıram ki, ondan narazı qalan kimsə olsun".

Vüqar Ağamalıoğlu  


Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü