Modern.az

Deputatlar yay tətilindən qayıtdılar

Deputatlar yay tətilindən qayıtdılar

Parlament

14 Sentyabr 2010, 18:40
Milli Məclisdə ilk iclası Regional məsələlər komitəsi keçirib  

Parlamentarilərin yay tətilinidən qayıdan Milli Məclisin deputatları dünəndən iş başına dönüblər. Bununla bağlı parlamentin komitələri öz işlərinə start veriblər. 
İlk iclası parlamentin Regional məsələlər komitəsi keçirib. Komitənin sədri Arif Rəhimzadə əvvəlcə yaz sessiyasının yekunları ilə bağlı hesabatı təqdim edib. O qeyd edib ki, yaz sessiyası ərzində Regional məsələlər komitəsi 9 qanun layihəsini müzakirə edərək parlamentə tövsiyə edib və həmin sənədlərin hamısı sonda qəbul olunub. Paralel olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hesabat da parlamentdə müzakirə olunub. Ötən sessiya ərzində referendumdan sonra Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə əlaqədar bələdiyyələrin parlament qarşısında hesabat verməsini nəzardə tutan qanun layihəsi üzərində də iş başlayıb. Komitə sədri dedi ki, artıq bu qanunun ilkin konturları hazırdır. Amma məsələ çox mürəkkəb olduğundan hazırda məsləhətləşmələr davam edir.  

A.Rəhimzadənin dediyinə görə, hesabat dövründə Regional məsələlər komitəsi rayonlar arasında mövcud olan bir sıra torpaq mübahisələri ilə bağlı da araşdırmalar aparıb. Məsələn, Şamaxı və Qobustan rayonu arasında yaranan torpaq mübahisəsinimn həlli üçün həmin əraziyə İşçi Qrupu göndərilib, vəziyyət yerindəcə öyrənilib. Bununla bağlı təkliflər hazırlanaraq təqdim olunub. Komitənin payız sessiyası ilə bağlı iş planı barədə məlumat verən komitə sədri dedi ki, görüləcək işlər 3 qrupa bölünüub. Birinci qrup yeni qanun layihələrinin hazırlanması və qəbulunu nəzərdə tutur. İkinci qrup qanunlara əlavə və dəyişikliklərin edilməsi, üçüncü qrup müxtəlif tədbirlərin keçirilməsidir. Sessiya çərçivəsində inzibati ərazi vahidlərinə əlavə və dəyişikliklər də edilməsi nəzərdə tutulur. Komitə sədrinin hesabatı geniş müzakirə açılmadan qəbul edilib. 

İclasda Hacıqabul və Ağsu rayonlarının inzibati ərazi vahidlərinə dəyişliklərin edilməsi barədə məsələyə də baxıldı. Bu barədə məlumat verən A.Rəhimzadə dedi ki, Hacıqabul rayonunun Navahı kənd inzibati dairəsində əlavə iki inzibati ərazi vahidi yaradılır. Bunlardan biri Navahı qəsəbə, digəri isə Pirsaat inzibati ərazi vahidi adlandırılacaq. Komitə sədri bildirdi ki, Navahı inzibati ərazi vahidi çox böyük ərazini əhatə edir. Buraya 5 kənd daxildir. İndi həmin kəndlərdən ikisi ayrılaraq müstəqil inzibati ərazi vahidi olur. Komitə sədrinin sözlərinə görə, bu dəyişiklik həmin kəndlərdə yaşayan əhalinin xeyrinə olacaq. Burada yeni iş yerləri açılacaq, həmçinin infrastruktur yaxşılaşacaq.  

Ağsu rayonunda isə Padar kənd inzibati ərazi dairəsinə daxil olan Nəmirli kəndinin ərazisindəki faktiki mövcud olan Bənəcik kəndinin müstəqil inzibati ərazi vahidi kimi təsdiqldənməsi təklif olunur. A.Rəhimzadə deyib ki, Bənəciyin əhalisi ötən əsrin əvvəllərində Abşeronun Qobu qəsəbəsindən Ağsu rayonuna köçüb və burada heyvandarlıqla məşğul olub. Keçən əsrin əvvəllərində də Bənəcik adlı kənd mövcudluğunu qoruyub saxlayıb. Sonradan islahatlar çərçivəsində bu kənd ləğv olunub və Nəmirliyə birləşdirilib. İndii həmin kəndin bərpası təklif olunur. Bənəcik kəndinin 155 nəfər əhalisi, pay torpaqları ilə birlikdə 200 hektar torpağı olacaq.  

Müzakirələrdə çıxış edən komitə üzvü Fəzail İbrahimli yaradılan yeni kəndin Bənəcik adlandırılmasına etiraz edib. Onun sözlərinə görə, bu ad tarixi köklərə malik deyil və onun Azərbaycan dilində izahının tapılması çətindir: «Arif müəllim, Milli Məclisin iclasında sizə sual verəcəklər ki, Bənəcik nə deməkdir. Siz bu suala cavab verə biləcəksiniz? Belə ad qoymaq olmaz axı. Əgər mənasını bilirlərsə, desinlər, biz də bilək. Yeni yaradılan bir kəndə belə bir adın verilməsi ayıbdır. Əgər kənd yaradırıqsa, bir abırlı ad tapaq. Bir kəndin adına «cik» şəkilçisinin əlavə edilməsi yaxşı hal deyil».

A.Rəhimzadə öz növbəsində dedi ki, bu məsələyə Milli Məclis yanında fəaliyyət göstərən Toponimiya Komissiyası müsbət rəy verib.  

Cavabında F.İbrahimli həmin komissiyanın iclasının keçirilmədiyini deyib: «Mən o komissiyanın üzvüyəm və heç bir iclasa dəvət almamışam. Deməli, iclas keçirilməyib».  

İclasda iştirak edən Milli Məclis Aparatının əməkdaşı İdrak Qarayev arayış verərək bildirib ki, Toponimiya Komissiyası bu məsələni 2007-ci ildə müzakirə edib. Həmin vaxt isə F.İbrahimli komissiyanın üzvü olmayıb. Aparat əməkdaşı onu da bildirdi ki, kəndin Bənəcik adlandırılması yeri əhalinin xahişidir. Çünki 1954-cü ilə qədər belə bir kənd olub. Qobudan həmin əraziyə köçən insanlar binələrdə yaşayıblar. Sonradan binə adı Bənəciyə transformasiya olunub. İndi də əhali kəndin keçmiş adı ilə adlandırılmasını istəyir.  

Komitə üzvü, millət vəkili Fəttah Heydərov da təklif olunan adın xoşagələn olmadığını bildirib. Onun sözlərinə görə, Bənəcik adı çox güman ki, bənək - çoban itlərinin adından götürülüb: «Amma yeni kənd yaradırıqsa, ona daha yeni ad fikirləşmək olardı. İndii adamlar adlarını dəyişirlər. Biz isə yeni yaradılan kəndə köhnə, xoşagəlməyən adı təklif edirik. Amma kənd adamları istəyirsə, onların xatirinə razılaşmaq olar».
Müzakirələrdən sonra hər iki təklif bəyənilərək Milli Məclisə tövsiyə olunub.  

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü