Modern.az

Ərdoğandan Qarabağla bağlı sərt ÇIXIŞ

Ərdoğandan Qarabağla bağlı sərt ÇIXIŞ

Aktual

18 Aprel 2015, 20:53

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli şəhərində toplu açılış mərasimində çıxışı zamanı Avropa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni sərt şəkildə tənqid edib.

Modern.az saytı NTV-yə istinadən xəbər verir ki, Türkiyə rəhbəri sözügedən qətnamənin heç bir əsası olmadığını bildirib.  

Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin uydurma soyqırımı ilə bağlı qəbul etdiyi sənədin müddəaları fonunda Dağlıq Qarabağ münaqişəsinə də toxunub.  

O qeyd edib ki, Türkiyə Ermənistanla sərhədlərini yalnız Qarabağ problemi öz həllini tapdıqdan sonra açacaq.  

“Ermənistanla görüşməyə hazırıq. Hələ də Ermənistanın üzünə qapılarımız açıqdır. Ermənistan saxta erməni soyqırımı iddialarından əl çəksə və Qarabağın işğaldan azad olunması məsələsində müsbət addımlar atsa, onlarla hər cür əməkdaşlığa hazırıq”,-deyən Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də tənqid edib.  

Prezidentin sözlərinə görə ABŞ, Rusiya və Fransa öz üzərinə düşən vəzifəni yerinə yetirmir.

“ABŞ, Rusiya, Fransa öz üzərinə düşəni eləmir. Beynəlxalq aləmdə Azərbaycanın haqq mövqeyi dəstəklənmir”.  

Xatırladaq ki, bir neçə gün öncə Avropa Parlamentinin məlum məsələ ilə bağlı  qəbul etdiyi qətnamədə  24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd olunması öz əksini tapıb.  

Qətnamənin 4-cü bəndində bildirilib ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır.

Aqşin Kərimov     


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü