Modern.az

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi - FOTOLAR

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi - FOTOLAR

1 Noyabr 2015, 10:29

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub. Elə həmin qonaqların da həmçinin...

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir.

Bakıya kimlər gəlməyib?..

Bu dəfə biz Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu, Türk dünyasının böyük liderlərindən biri olmuş, ürəyi daim türk sevdası ilə döyünmüş Alparslan Türkeşin Bakı səfəri haqqında danışacağıq.


Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Şimali Kiprin paytaxtı Lefkoşada Əhməd Hamdi Əfəndi və Fatimagül Zəhra xanımın ailəsində dünyaya gəlib. İlk və orta təhsilini Lefkoşada alıb. O illərdə ingilislərin əsarətində olan Kiprdən ailəsi ilə birlikdə Türkiyəyə köçməyə məcbur olub. Beləliklə də ailə İstanbulda yerləşib. Hərbi xidmət keçməyə böyük sevgisi olan Alparslan Türkeş 1933-cü ildə liseyə qəbul olunub. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra Ali Hərbi Məktəbə daxil olub. 1939-cu ildə Ali Hərbi Məktəbi kiçik leytenant rütbəsi ilə bitirərək, orduya qatılıb. 1948-ci ildə təhsilini təkmilləşdirmək üçün onu Amerikaya göndəriblər. 1955-ci ildə minbaşı rütbəsinə yüksələn Alparslan Türkeş Vaşinqtondakı Türk Genelkurmayının təmsilçilər heyətinə daxil edilib.


O, 1963-1980-cil illər arasında 4 dəfə Böyük Millət Məclisinə Ankara və Adananın millət vəkili seçilib. Eyni zamanda, 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milliyətçi Cəbhə hökümətləri dövründə baş nazir müavini vəzifəsində çalışıb.
1980-ci ildə Alparslan Türkeş Türkiyənin ən öndə gedən simalarından - dövlət adamlarından biri kimi tanınırdı. 

Türkeş 2 sentyabr 1980-ci ildə dövlət işindən ayrılıb.

4 oktyabr 1987-ci ildə isə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri seçilib. 1991-ci ildə yenidən keçirilən sədr seçkisində uğur qazanıb.


Türkeş özünün bütün şüurlu həyatını böyük Türk millətinə və Türk dünyasının maraqlarına xidmətə həsr eləyib. Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş sonadək türkçülüyə sadiq qalıb və bu yolda hədsiz xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə ona Başbuğ ləqəbi verilib. O, türk milliyyətçi kəsimin (“Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının banisidir.



Müstəqillik dönəmində Alparslan Türkeş Azərbaycana da gəlib və bu səfər 1992-ci ildə keşirilən prezident seçkiləri ərəfəsinə təsadüf edib. Hətta onun gəlişi Türkiyə mətbuatında da geniş əks olunub.

“Azərbaycan seçim kampaniyasında” yazısında qeyd edilib ki, MHP lideri Alparslan Turkeş Azərbaycanda keçiriləcək prezident seçkilərində güclü namizəd Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin təşkil etdiyi mitinqdə “bozqurd” salamı ilə qarşılanıb.


“Alparslan Turkeş bu mintinqdə niyə iştirak edib?.. O zaman Türkiyə hökümətinin Elçibəyi dəstəklədiyi, ancaq bunu aşkar deyə bilmədiyi məlum idi. Turkeş rəsmi şəxs olmadığı üçün bu dəstəyi açıqca göstərə bilirdi və göstərdi” deyə Türkiyə mətbu nəşrlərində qeyd olunub.


Alparsaln Türkeş 1992-ci ilin may ayının 3-də Bakıda olub, Azadlıq meydanında Elçibəylə birlikdə xalqı salamlayıb. Eyni zamanda, Azadlıq meydanında çıxışdan öncə Başbuğa medal da təqdim edilib. Meydanda toplaşan azərbaycanlılar tərəfindən böyük coşquyla qarşılanan Başbuğun çıxışı sürəkli alqışlanıb.


Azərbaycan Xalq Cumhuriyyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarını səsləndirən Alprarslan Turkeş Bakıda bildirib ki, yüksələn bayraqlar türklərin bayrağıdır və bir daha enməyəcək. Başbuğ çıxışında azərbaycanlılara əldə etdikləri müstəqilliyi qorumağı və türklərin sıx birləşmələrinin vacibliyini vurğulayıb.


Mərhum eks-prezident Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş, hazırda Türkiyədə yaşayan Xanım Xəlilova Modern.az-a müsahibəsində qeyd edib ki, 1992-ci ildə Alparslan Türkeş Bakının Azadlıq meydanına məhz Elçibəyi müdafiə etməyə gəlmişdi. Onun sözlərinə görə, o zaman Turkeşə “bozqurd” işarəsini bura gələrkən Əbülfəz Elçibəy öyrədib.


“Alparslan bəy Azərbaycana gələndə Elçibəylə qucaqlaşıb 10 dəqiqə ağlayıblar. Daha sonra isə onunla danışmaq fürsətim olub. Başbuğ bizim barmaqlarımızla göstərdiyimiz “bozqurd” işarəsinin nə olduğunu soruşduğu zaman dedim ki, bu, bizim hərəkət deyil, Göytürklərdən gəlmədir”.


X.Xəlilova “Əbülfəz Elçibəylə müstəqilliyə gedən yol” kitabında Başbuğla Elçibəy arasında danışıqları belə nəql edib: “Alparslan Turkeş Azadlıq meydanındadır və onu görməyə 1 milyon insan gəlib. Bu insanlar hamısı “Azadlıq!” deyə qışqırır və “bozqurd” işarəsi göstərirdilər. Başbuğ mitinqdə göstərilən bu hərəkəti bəyəndiyi üçün o da eynisini təkrar etməyə başladı”.


O, azərbaycanlıların “bozqurd salamı” ilə qarşılamasını o qədər sevdi ki, sonradan bu işarə Türkeşin rəhbərlik etdiyi MHP-nin əsas simvollarından birinə çevrildi.



1992-ci ildə prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov isə həmin dövrü belə xatırlayır:

“O zaman Türkiyənin prezidenti olan Süleyman Dəmirəli Azərbaycana Ayaz Mütəllibovun dövründə dəvət etmişdilər. Lakin bu səfər reallaşmamışdı. Sonradan Türkiyənin Azərbaycandakı ilk səfiri Altan Karamanoğlu mənə müraciət etdi ki, belə bir ideya olub və o dəvəti təsdiqlədim ki, qüvvədə qalır, bildirdim ki, biz Türkiyə rəhbərliyini qəbul etməkdən məmun olardıq. O zaman Süleyman Dəmirəlin rəhbərliyilə geniş nümayəndə heyəti Azərbaycana gəldi və onların arasında Alparslan Turkeş də var idi”.


Yaqub Məmmədov o zaman yalnız Sülemyan Dəmirəl və xarici işlər naziri Hikmət Çətinlə şəxsi görüşlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, nümayəndə heyəti Bakıda 2 günlük səfər çərçivəsində bir sıra görüşlərdə olub, idarə və müəssisələrə gediblər, “Gülüstan” sarayında rəsmi qəbulda olublar, İncəsənət Muzeyi, Tarix Muzeyini gəziblər və onlar üçün konsert təşkil edilib.


“Eyni zamanda onlar Xocalıdan, ümumiyyətlə Dağlıq Qarabağdan gəlmiş məcburi köçkünlərin məskunlaşdığı Zağulba və Bilgəhdəki sanatoriyalarda da oldular. Nümayəndə heyətinin geniş proqramları var idi”.


Alaparslan Turkeşin tərkibində olduğu türkiyəli qonaqlar o vaxt iki gün müddətində Mərkəzi Komitənin qonaq Evində (Prezident Aparatının Qonaq Evində) qalıblar.


“Biz onları çox yüksək səviyyədə qarşıladıq və yola saldıq. Hər şeydən çox razı getmişdilər. Bakını çox bəyənmişdilər, yeməklərimizi tərifləyirdilər”.


Türkiyənin Azərbaycandakı Səfirliyinin açılışında nümayəndə heyəti iştirak etdikdən sonra Yaqub Məmmədov Süleyman Dəmirəllə Zağulba Sanatoriyasına getdiyi vaxt Aparslan Turkeş və bir qrup şəxs Azadlıq meydanında Xalq Cəbhəsi Partiyasının mitinqinə, onları dəstəkləməyə yollanıb.

“Bu haqda mənə biz gəldikdən sonra məlumat verdilər və dedilər ki, Alaparlan Turkeş və bəzi şəxslər mitinqə onları dəstəkləməyə gediblər. Bildiriblər ki, Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi üçün əllərindən gələni edəcəklər. Turkeş eyni zamanda Xalq Cəbhəsinin iqamətgahında da olub və Əbülfəz Elçibəylə danışıb”.



O zaman Əbülfəz Elçibəyin müşaviri olmuş hazırkı deputat Fazil Mustafa da Türkeşin Bakı səfərini xatırlayır. O, Aparlan Turkeş, Yaqub Məmmədov, Əbülfəz Elçibəylə birlikdə Türkiyə Səfirliyinin açılışında iştirak edib.


“Biz də orada idik və hadisələr maraqlı gəlirdi. Türkiyə milliyətçilərin lideri, bir az haqqında çox əfsanəvi fikirlər dolaşan Alparslan Turkeşin Bakıya gəlməsi o dövrdə maraqlı qarşılanmışdı. Bakıda olmaq onun özü üçün də sürpriz idi, çünki uzun illər Azərbaycan, Orta Asiya türklərinin azadlığını təbliğ edir. Bu səfər Türkeşdə maraqlı təssürat yaratmışdı. Bunu biz Türkiyədə səfərdə olduğumuz müddətdə də deyirdi".


F.Mustafa onun Səfirliyin qarşısındakı çıxışının çox duyğusal olduğunu vurğulayıb.
 

“Bakıda müxtəlif görüşlərdə olub və əsas görüşü Əbülfəz bəylə keçirib, qalan şəxslərlə geniş görüşləri olmayıb. Türkiyə Səfirliyinin açılışı zamanı onun çıxışını, Elçibəylə əl qaldıraraq orada xalqı salamlamağını xatırlayıram. Maraqlı, duyğusal tədbir idi və çıxşı da maraqla qaşrılanmışdı”.


O zaman dövlət katibi olmuş Pənah Hüseyn isə Alparslan Turkeşin yalnız Xalq Cəbhəsi Partiyasının iqamətgahında Əbülfəz Elçibəylə görüşdüyünü və Azadlıq meydanı, eyni zamanda Türkiyə Səfirliyinin açılışında çıxış etdiyini xatırlayır.


“Azadlıq meydanında o zaman xalq onu “bozqurd” işarəsi ilə salamlamışdı və Türkeş Əbülfəz bəydən bunun nə olduğunu soruşmuşdu. Ona bu işarənin anlamı bildirildikdən sonra çox bəyəndi və öz yaratdığı partiyada əsas simvollardan biri etdi. Başbuğun Azərbaycana səfəri ilə bağlı xatırladıqlarım yalnız bunlardır, çünki onun kimlərlə görüşdüyü və haralarda olduğu barədə ətraflı məlumata malik deyiləm”.


Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun "Dış türklər" postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin vaxtlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan MHP-nin, Alparsalan Türkeşin üzərindən qurulub. Çünki dövlət özü bu cür proseslərə hazır deyildi.


Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verib. Onun Azərbaycan milli azadlıq hərəkatının lideri və daha sonra prezident olan Əbülfəz Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənc 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşda qəhrəmanlıq göstəriblər.

Alparslan Türkeş 4 aprel 1997-ci ildə 79 yaşında dünyasını dəyişib.



 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü