Modern.az

Parlament jurnalistləri parlament seçkilərini belə qiymətləndirirlər…

Parlament jurnalistləri parlament seçkilərini belə qiymətləndirirlər…

9 Noyabr 2010, 10:47

7 noyabr parlament seçkiləri müxtəlif dairələrdə elə müxtəlif şəkildə də dəyərləndirilməkdədir. Modern.az saytı Milli Məclisdə akkreditasiya olunmuş jurnalistlərin bu seçkilərə münasibətini öyrənib, bütün rəyləri təqdim edirik:


“Qafqazinfo”
portalının əməkdaşı Elbrus Seyfullayev: “Seçkilərin nəticəsi ilə bağlı sözün düzü təhlillər aparmaq hələ tezdir. Amma ilkin məlumatlar göstərir ki,  qalib gələnlər içərisində güclü və zəif rəqiblər var. 2005-ci ildə parlament seçkilərinin nəticələri açıqlanan günün səhəri biz parlamentin tərkibinə baxıb şoka düşmüşdük. Yenə şokdayır...
Builki seçkilərdə qalib gələn insanları biz ayrı- ayrıliqda təhlil etsək, mənzərə gözümüzün qarşısında aydın şəkildə canlanar. Mən hesab edirəm ki, YAP parlaq qələbə qazanıb. Apardıqları mübarızənin nəticələrinə uyğun olaraq qələbəni bayram edirlər. Mən təəssüf edirəm ki, Pənah Hüseyn parlamentə seçilmədi. Pənah Hüseynin təmsil olunmadığı parlament mənim üçün maraqsızdır. İstərdim ki,  jurnalist namizədlər də deputat seçilsinlər. Maraqlı insanlar, siyasətcilər var idi ki,  seçilmədilər. Məsələn, istərdim Cəmil Həsənli parlamentdə olsun. Təəssüf ki, ola bilmədi...
Ümumilikdə, həm təəssüfləndirici,  həm də sevindirici məqamlar var. Bütün hallarda yeni seçilənlərə uğur arzulayıram”.  

AzərTAc-ın əməkdaşı, Xətayi Əzizov: “Ölkə üçün çox mühüm əhəmiyyət kəsb edən aksiyadır. Beynəlxaq müşahidəçilərin, xarici qonaqların fikirlərinə əsaslansaq, deyə bilərəm ki, seçkilər çox normal şəkildə keçib. Amma kimin seçilib-seçilməməyinə gəldikdə, bu artıq mənim üçün müzakirəyə cıxaracağım mövzu deyil. Normal aksiya təşkil olunub və keçirilib”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva: “Bir neçə  dairədə, Suraxanı, Səbail, Binəqədi rayonundakı məntəqələrdə müşahidəçi kimi iştirak etmişəm. Parlament seçkilərini normal qiymətləndirirəm. Düşünürəm ki, həmişə olduğu kimi, bu il də seçkilər azad və demokratik şəkildə kecdi.
Parlamentdə əvvəlki deputatların əksəriyyəti öz yerində qaldı. Amma müəyyən dəyişiklikləri də biz görürük. Onların içərisində gözlədiyimiz namizədlər də yer aldı”.

“Xalq cəbhəsi ” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Mənim  müşahidəci olduğum 9 saylı Binəqədi seçki dairəsində qanun pozuntusu olmadı. Beynəlxalq müşahidəçilər də razı qaldı. Ancaq  müəyyən adamlar var ki, bir necə dairədə çox ciddi saxtakarlıqların olduğunu deyirlər. Ziyad Səmədzadənin namizəd olduğu dairədə cox ciddi qanun pozuntuları baş verib, bundan əlavə, 45 saylı dairədə hansı ki, Arif Alışanov namizədliyini irəli sürmüşdü, orada cox ciddi saxtakarlıqlar həyata keçirilib. 45 sayli dairədən mənim atam da namizədliyini irəli sürmüşdü, ona görə də saxtakarlığa dair faktları bilirəm. Hətta bir fakti da deyə bilərəm ki, insanlar başqa namizədə səs veriblər, bülletenlər oxunanda isə Arif Alışanovun adı çəkilib. Beynəlxalq müşahidəçilər də kənardan bu vəziyyəti izləyib. Bu da təbii haldır, çünki bələdiyyələr Arif Alışanovun xeyrinə işləyirdi.
Bir faktı da nəzərinizə catdırım ki, dairələrdə seçiçi fəallığı 20-25 %-dən çox olmayıb. Amma maraqlıdı ki, nəticələr elan olunanda qalib gələn namizədlər 50%-dən yuxarı səslə qalib elan olunub. 
Parlamentin tərkibi yeksənəkdi, əsasən bitərəflərdir. Seçilənlərin əksəriyyəti demək olar ki, YAP-a xidmət edir. Qüdrət Həsənquliyev, Fazil Mustafa, İlyas İsmayılov seçilməsəydi, parlament cox darıxdırıcı olardı. Belə görünür ki, növbəti beş ildə parlament “bəy tərifi” verəcək”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Parlament seçkilərinin nəticələri ilə 80 - 90 % razıyam. Mənim tanıdığım, çox hörmət etdiyim fəal millət vəkilləri hansılar ki, seçicilərin hüquqlarının qorunmasında, parlamentdə öz fəallıqları ilə fərqlənirlər, yenidən seçiliblər, buna sevinirəm. Yeni simalar da üzə cıxdı, gözləyək görək, onların fəaliyyəti necə olcaq. Hər halda ümid edirəm ki, yaxşı nəticə olcaq. İnanıram ki, yeni seçilənlər də özlərini doğruldacaq. Ancaq bunu hamıya şamil edə bilmərəm. 
Müəyyən adamlar var ki, onları coxdan tanıyırıq. Yeni simalardan olan Çingiz Qənizadə və  Fərəc Quliyevin fəallığına inanıram. Həm seçicilərin hüquqlarının müdafiə olunmasında , onların problemlərinin həll olunmasında,  həm də qanunvericilik təşəbbüslərində onların savadına, istedadına güvənirəm”.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Seçkilər kütləvi qanun pozuntuları ilə keçdi. Mən Gəncə şəhərində bir neçə dairədə müşahidə apardım. Çox ciddi qanun pozuntuları ilə qarşılaşdım. Xüsusilə, seçkilərdə “karusel” üsulundan geniş istifadə olundu. Mənzil istismar idarələrinin rəisləri tabeçiliyində olan işçiləri bu prosesə cəlb etmişdilər, eyni adamların bir neçə məntəqədə səs vermələri təşkil edilmişdi. Builki parlament seçkiləri kütləvi saxtakarlıq şəraitində keçdi”.

APA-nın əməkdaşı Rəşad Süleymanov: “Builki seçkiləri müsbət qiymətləndirirəm. Gün ərzində bir neçə məntəqədə müşahidə aparmışam, heç bir ciddi qanun pozuntusu görməmişəm. Parlamentin köhnə heyəti dəyişmədi. Təbii ki, yeni deputatlar da seçildi. Növbəti beş ildə yeni deputatlarla işləyərik, fəallıqlarını hamı ilə birgə görərik”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Parlament seçkiləri qismən şəffaf kecdi. Hüquqi baza, texnologiya baxımından demokratik adlandırmaq olar. Ancaq səsvermə baxımında nöqsanlar var. Ümumulikdə isə bu nöqsanlar nəticəyə təsir etmir. Parlamentin tərkibi çox az səviyyədə dəyişdi. Yeni deputatların nəsə verəcəyinə inanmıram. Çünki onlar Azərbaycanın ictimai-siyasi həyatında o qədər də tanınmış insanlar deyil”.
 
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Seçkilər zamanı müəyyən qanun pozuntuları olub. Seçkilərdə YAP qalib gəldi, bu da təbii haldır,  hakim partiya qalib olmalıydı. Müxalifət nümayəndələrinin parlamentə düşməməsi bir az qəribədir. Bunu mənfi hal kimi qiymətləndirirəm. Yeni deputatlardan 10 nəfər qadın seçilib. Bunlardan 7 nəfər YAP- namizədi, 3 nəfər bitərəfdi. Pənah Hüseynin parlamentə seçilməməsinə təəssüflənirəm. Artıq parlamentdə məzəli hadisələr olmayacaq”.
 
“525-ci qəzet” və “1news” İnformasiya Agentliyinin  əməkdaşı Kamil Həmzəoğlu: “Builki seçkilərin nəticələrinin necə olacağı, kimlərin parlamentə seçiləcəyi, daha doğrusu, təyinat alaçağı əvvəlcədən təxmini bəlli idi. Çünki  istər seçkilərə qeyri-rəsmi hazırlıq dövrü, istər seçkilərə rəsmi start verilməsi ərəfəsi, istərsə də namizədlərin irəli sürülməsi, qeydə alınması və nəhayət,  təbliğat-təşviqat mərhələsi dövrü çox çansıxıcı, bəsit, rəqabət mühitindən uzaq keçmiş  ciddi qanun pozuntularının baş verməsi ilə özünü göstərmişdir. Həm iqtidardan,  həm müxalifətdən, həm də bitərəflərdən bir cox tanınmışların seçkilərə buraxılmaması da seçkilərin necə bitəçəyi, kimlərin mandat alaçağı fikrini  əvvəlcədən coxları yəqinləşdirmişdi.
Düzünü desəm, bütün bu və digər məqamlara  görə, builki seçkilərdən hec nə gözləmirdim, ancaq seçki günü, xüsusilə, günorta saatlarından sonra yaşananlar, verilən şərhlər və yekun olaraq  ortaya qoyulan nətiçələr, məlum tablo məni bir daha xəyalqırıqlığı, acı təəssüf və kədər hissi yaşamağa vadar etdi. Seçkilərin nəticələrinə əvvəlcədən hazır olsam belə, hələ də şok vəziyyətindəyəm. Axı  bu cür insanlarla və seçkilərlə, görəsən, biz hara gedirik və gedəcəyik? Allah axırımızı xeyir etsin! Ancaq ədalət və insaf xatirinə onu da deməliyəm ki, bu seçkiləri xalqın, seçicilərin halal səsi ilə qazananlar da oldu.
Misal kimi Mehriban Əliyevanı, Qənirə Paşayevanı, Fuad Muradovu, Rəbiyyət Aslanovanı, Vahid Əhmədovu, Zahid Orucu və daha bir necə şəxsi göstərmək olar. Bununla belə, yenə əvəllki fikirlərimin altını çızaraq bildirmək istəyirəm ki, builki seçkilər mənimlə yanaşı əksər insanlarda, seçicilərdə böyük xəyalqırıqlığı, dərin kədər hissi yaratdı”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Mən jurnalist kimi seçki prosesini izləməmişəm. Yalnız səs verdiyim məntəqdə gördüklərimindən deyə bilərəm. 17 saylı seçki dairəsinin 20 saylı məntəqəsində səs vermişəm. Ümumilikdə, bir seçici kimi hüquqlarımın pozulduğunu, mənə qarşı hansısa qanun pozuntusunun olduğunu deyə bilmərəm. Hətta onu da müşahidə etdim ki, həyat yoldaşının adından səs vermək istəyən qonşumuza  icazə vermədilər.
"Sovetski" adlanan məhəllədə yaşayıram və deyə bilərəm ki, bizim küçənin sakinləri seçkidə aktiv iştirak etdilər. Onların əksəriyyəti səhər saat 10-da bir yerə yığışıb birlikdə səsverməyə getdilər. Əvvəlki illər seçkidə məhlə sakinlərimizin belə aktivliklərini müşahidə etməmişdim”.

Modern.az portalının əməkdaşı Elşad Eyvazlı: “
Mən 2010-cu ildə keçirilən parlament seçklərıini 2005-ci il parlament seçkilərindən irəli gedən bir seçki kimi qiymətləndirə bilmirəm. Sadəcə, cox istərdim ki, hər bir seçki millətin rifahına, dövlətin güclənməsinə xidmət etsin. Axı parlament seçkiləri həm də millətimizin simasını formalaşdırır”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Özüm 7 noyabrda seçki prosesini 21 saylı dairənin bir neçə məntəqəsində müşahidə etdiyimdən, baş verənlərlə bağlı gördüklərimi “Hürriyyət”in bugünki sayında reportajımla “rəzalət” adlandırmışam. Düşünürəm ki, bu seçki vaxtilə bolşeviklərin qanlı inqilabı kimi bir qara ləkə olaraq müstəqillik tariximizə həkk olunacaq. Qısacası, ötən gün millətimiz və dövlətimiz adına bir misilsiz qəbahətə şahidlik etdiyimdən bərk üzgünəm. Bu millət buna layiqmi!?”.
 
“Lent az” saytının əməkdaşı Elxan Salahov: “Seçkilərdə ümuni nəticə gözlənildiyi kimi oldu. Mən gözləyirdim ki, yeni simalar çox olacaq, ancaq əksinə az oldu. Müsavat Partiyasından namizədliyini irəli sürmüş namizədlər hamısı kənarda qaldı. Seşkilərin nəticəsi hələ tam bəlli deyil, amma gözləmirəm ki, çox ciddi dəyişikliklər olsun”.
 
“Media form”portalının əməkdaşı İmdad Əlizadə: “Seçkiləri müsbət qiymətləndirmək mümkün deyil. Azərbaycanda seçkini göstərən bir əlamət yox idi”.
 
“Xəbərlər Azəbaycan ” İnformasiya Agentliynin əməkdaşı Mürtəza Bünyadov: “Mən iştirak etmədiyim bir proses haqqında heç  bir söz deyə bilmərəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Seçki prosesində iştirak etmədiyim üçün bir söz deyə bilmərəm, bu, ədalətli olmazdı. Ancaq xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Yeni seçilən deputatlara gəlincə isə iş prosesində hər kəs özünü göstərəcək, hələ ki hec nə deyə bilmərəm”.
 
“Mərkəz ” qəzetinin əməkdaşı  Nigar Almanqızı: “Seçkilərin nətiçələrini MSK təsdiq edib, Konstitusiya Məhkəməsi təsdiq edəndən sonra nəsə demək olar. Bakının bir neçə dairəsində səsvermə normal keçib. Amma müşahidə aparmadıqlarım yerlər haqqında heç nə deyə bilmərəm.
Sumqayıtda səs verdiyim 43 saylı dairə haqqında deyə bilərəm ki, burada ciddi qanun pozuntusunun şahidi olmuşam”.

“Yeni Azərbaycan ” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Builki parlament seçkiləri demokratik şəkildə keçdi. Beynəlxalq nümayəndələr də bunu müsbət qiymətləndirib”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü