Modern.az

Qüdrət Həsənquliyev Əhmədinejada açıq məktub ünvanladı

Qüdrət Həsənquliyev Əhmədinejada açıq məktub ünvanladı

18 Noyabr 2010, 12:45

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinajada açıq məktub ünvanlayıb. Məktubda deyilir:

«Hörmətli cənab Mahmud Əhmədinejad!

Azərbaycan Respublikasına xoş gəlmisiniz. Əsrlər boyu Azərbaycan və fars xalqları bir yerdə yaşamış, yaşadıqları ərazilərin bütövlüyü uğrunda birgə mübarizə aparmışlar. Bu gün də Azərbaycan türklərinin  ¾ hissəsi farslar və digər xalqlarla birlikdə İran İslam Respublikasının ərazisində, öz tarixi ata-baba torpaqlarında yaşayır, ortaq mədəniyyəti və taleyi paylaşırlar. Sizin ölkəmizə səfəriniz çərçivəsində etdiyiniz çıxışlar zamanı Azərbaycan xalqının ünvanına dostluq və qardaşlıq mesajları səsləndirməyiniz, Azərbaycan prezidentinə xitabən «qardaşımın evinə gəlmişəm» deməyiniz, şübhəsiz ki, təqdirəlayiq haldır. Amma Sizin «qardaş» deyə xitab etdiyiniz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası ərazisinin 20 faizi İran İslam Respublikasının bütün sahələrdə yaxından əməkdaşlıq etdiyi Ermənistan tərəfindən işğal edilib. Bir milyon insan (onlar həm də müsəlmandırlar) ev-eşiklərindən didərgin salınıb, öz doğma vətənlərində qaçqına, köçkünə çevriliblər. Sizin prezidenti olduğınız ölkə isə təcavüzkar Ermənistanla nəinki iqtisadi-siyasi istiqamətlərdə, hətta hərbi sahədə belə çox yaxından əməkdaşlıq etməklə işğalçı dövlətin öz cinayətkar siyasətini davam etdirməsinə yardım göstərir. Azərbaycanın işğal edilmiş ərazilərində Sizin sözün əsil mənasında qardaşlıq münasibətlərində olduğunuz ermənilər məscidləri, müsəlmanların qəbirlərini darmadağın ediblər. Bu baxımdan, sadəcə xoş sözlərlə Azərbaycan xalqının qəlbini fəth edə biləcəyiniz mümkünsüzdür. Azərbaycanlıların sevgisini qazanmağın yeganə yolu haqqın, ədalətin yanında olmaq, zülmün, istibdadın, təcavüzün qarşısını almaq üçün əməli addımlar atmaqdır.

Hörmətli cənab Prezident!

Sizin Azərbaycan Respublikası ilə viza rejiminin aradan qaldırılması istiqamətində atdığınız addımlar təbii ki, təqdirəlayiqdir. Bu vəziyyət Ermənistanın işğalı nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvan Muxtar Respublikasının əhalisinin gediş-gəlişlə bağlı problemlərinin aradan qaldırılmasına qismən də olsa yardım göstərir. Hesab edirik ki, Azərbaycan tərəfi də viza rejiminin aradan qaldırılması üçün müvafiq qərar qəbul etməlidir. Bununla yanaşı, diqqətinizə çatdırıram ki, viza rejiminin aradan qaldırılması heç də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş üçün bahalı hava nəqliyyatından istifadə edə bilməyən kasıb təbəqənin problemlərini aradan qaldırmayıb. Əksinə, onları mənəvi əzabla, sayğısızlıqla, qeyri-insani davranışlarla qarşı-qarşıya qoyub. Naxçıvana Güney Azərbaycan ərazisindən keçməklə səfər etmək məcburiyyətində qalan azərbaycanlılar bəzən 4 saat, bəzən də daha artıq müddətə, heç bir səbəb olmadan sərhəd qapılarında saxlanılır, onlara qarşı nəinki müsəlman qardaşlığına, hətta adi insani dəyərlərə uyğun gəlməyən münasibət sərgilənir. Bütün bunlar isə, öz növbəsində Azərbaycan xalqının ünvanına deyilən xoş sözlərin təsirini heçə endirir, verilən bəyanatlara, elan olunan prinsiplərə uyğun gəlməyən bir mənzərə yaradır.

Cənab Mahmud Əhmədinejad!

Qardaşlıq, dostluq sadəcə gəlişigözəl sözlərlə deyil, gerçək əməllərlə sübuta yetirilir. Ümid edirəm ki,Siz bu məktubda sadalanan problemlərin aradan qaldırılması istiqamətində konkret addımların atılmasına zəmin yaratmaqla ölkələrimiz və qardaş xalqlarımız arasındakı münasibətlərin əməli inkişafına dəstək verəcəksiniz.

Hörmətlə, Qüdrət Həsənquliyev
BAXCP-nin sədri, millət vəkili»

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü