Modern.az

Deputat hökuməti tənqid etdi

Deputat hökuməti tənqid etdi

Parlament

9 Yanvar 2016, 17:37

 

Ölkədə yaranmış  iqtisadi, siyasi şəraitdə müxalifət düşərgəsinin bəzi nümayəndələri, eyni zamanda sosial şəbəkə istifadəçiləri böhrandan çıxış yolu kimi hökumətin tam tərkibdə istefaya göndərilməsi tələbi ilə çıxış edib.

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına deyib ki, hökumətin istefaya getməsi vəziyyətdən çıxış yolu deyil:

“2015-ci ilin iqtisadi və sosial mirası 2016-cı ildə də istənilən ölkənin qarşısında mühüm vəzifələr qoyub. Heç şübhəsiz bütün ölkələrdə milli valyutaların dollara nisbətdə dəyər itirməsi sadəcə maliyyə hadisəsi olmayıb, onların bütün həyatını əhatə edir və ciddi sınaqlar yaradır.

Azərbaycan hökuməti ilin sonuna doğru ikinci devalvasiya qərarını verməklə hazırkı dövrdə iqtisadiyyatda müəyyən enmənin, qeyri-fəallığın, panik mühitin, qeyri-təşəbbüskarlığın səbəbkarı kimi göründü. Hər bir hökumət çalışır ki, insanların etibarını əldə etsin. Hər bir məmur fərqində olmalıdır ki, o ictimai personadırsa, mütləq cəmiyyət tərəfindən hər hansı şəraitə görə, hətta mövsümü yaşanan problemlər ucbatından onun ünvanına kəskin ittihamlar və tənqidlər gələcək”.

Müxalifət düşərgəsinin təklifləri səthi və nəzəridir...

Z.Oruc hesab edir ki, müxalif mövqedə olanların təhlilləri kifayət qədər səthi, nəzəri, təklifləri hazırkı dövrün şərtlərinə çox da uyğun deyil. “Hazırkı dövrdə qeyd edilən problemlərin səviyyəsi, iqtisadi dəyişikliklər istəyi, hökumətin fəaliyyətində mühüm addımların atılması hansısa siyasi qüvvələrin deyil, xalqın nə düşündüyü, cəmiyyətdən gələn siqnallar ilə müəyyən olunmaldır.  Bu gün iqtisadi cinahdan müxaliflik edən qüvvələrin təfəkkürü ilə addımlar atılası olsa, dolların manat qarşısındakı kursu 5-10 dəfə, bəlkə də, daha yüksək olacaq. Biz qarşıdakı dövr üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlarına atılacağına inanırıq”.

Manatı Xəzərdən quruya çıxarmaq lazımdır

Deputat hökumətin istefaya getməsinin problemləri həll etməyəcəyi qənaətindədir: “Düşünürəm ki, hökumətin istefaya getməsi heç nəyi dəyişməyəcək. Bunlar yaranmış şəraitə korreksiyaların olması ilə aradan qaldırılacaq məsələlərdir, nəinki istefalar... Dəfələrlə bəyan etmişik ki, inhisarçılığın ləğvi, idxal-ixracda şəffaflıq, iqtisadi liberallıq, sahibkarlığın digər təsirlərdən azad olunması işin faydasınadır. Amma hökumət “manatın Xəzər dənizindən çıxıb, quruda hərəkət etməsi üçün” çox passiv, ləngimələrlə və yaranmış vəziyyətə qeyri-adekvat əhval-ruhiyyə ilə hərəkət edir”.

Hökumət hər gün media ilə təmasda olmalıdır

Parlament üzvü yaranmış ajiotajlı mühiti sakitləşdirmək üçün hökumət nümayəndələrinin xalqla təmasının vacibliyini vurğulayıb: “Biz bunu görür və tənqidləri özümüz də söyləyirik. Əslində yaranmış vəziyyət ona müdaxilələri imkansız edir. Bəziləri düşünür ki, proses ümumi idarəçilikdən çıxıb, hökumətin qərarları sayəsində manatın kursunu qoruyub saxlamaq mümkün olmayacaq və s.

Belə bədgümanlıq olmasın deyə, hər gün hökumət təmsilçilərinin efirdə, cəmiyyət qarşısında, media ilə münasibətlərdə olması mütləqdir. Hətta tənqid etdiyimiz Rusiyanın özündə dövlət kanalları, “Rosiyya 24”-dən tutmuş bütün kanallarda sərt polemikaların şahidiyik, hökumət qanunvericilik aktlarına, rüsumlara çox çevik dəyişikliklər etməkdədir.

Biz də hökumətin istefa tələbindən daha çox gərəksiz qurumların tamamilə ləğv olunması, komitə, agentlik, cəmiyyət və başqalarının təşkilatı formasına yenidən baxılması, bir sıra sahələrin özəlləşdirilməsi, əsasən inhisarçılığın ləğvi və rəqabət mühiti üçün çalışmalıyıq.

Düşünürəm ki, prezident bu yöndə inqilabi qərarlarını son dövr ərzində yenidən verib. Bütün bunlar deməyə əsas verir ki, yaxın günlərdə dəyişiklikləri görəcəyik. Bu kiminsə düşündüyü kimi hökumətin konkret təmsilçilərinin yenilənməsi yaxud başqa səviyyədə ola bilər.

Prezident İlham Əliyevin də söylədiyi kimi söhbət fərdlərdən, şəxslərdən deyil, sistem dəyişikliklərindən, funksional təyinatlardan gedir.

Ölkənin rəhbəri lider olaraq buna qədərki ən çətin iqtisadi, siyasi dövrdən xalqı çıxarıb. Ona görə də kiminsə mexaniki olaraq “bu adam vəzifədən getsin, yaxud hökumət istefa versin” fikirləri ilə problem həll olunmaycaq. Ona görə də məsələyə daha konseptual yanaşmaq lazımdır”.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü