Modern.az

Deputat ayaqlarını itirmiş əsgərdən DANIŞDI: “Bəli, mən ona dedim ki..”

Deputat ayaqlarını itirmiş əsgərdən DANIŞDI: “Bəli, mən ona dedim ki..”

Parlament

11 Mart 2016, 12:00

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Rüfət Quliyev 2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanaraq hər iki ayağını itirən SərxanTahirzadənin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

R.Quliyev Modern.az saytına danışarkən peyğəmbərin bir kəlamını xatırladıb:

“Yaxşılıq etmə ki, sonra sənə pislik etməsinlər. Qənirə Paşayevanın xahişi ilə onu qəbul etdim. Qəbul zamanı azı 25 dəqiqə söhbət etdik, problemlərini bildirdi, hətta həmin an ona maddi yardım da etdim. Şəxsən qucaqlaşıb görüşmüşük.

Məndə olan məlumata görə, ona dükan da veriblər. Hətta dükanda nəsə çatışmazlıq varsa, kömək etməyə hazır olduğumu bildirdim. İcra başçısı, deputatlar Qənirə Paşayeva, Hadi Rəcəbli də ona köməklik edib. Bunu etməyə də borcluyuq. Edilənləri sadalamaqla nəyisə göstərmək fikrim yoxdur. Sadəcə, hamının əlindən gələni etdiyini bildirirəm.

Mən başa düşürəm gəncdir, ayaqlarını itirib. Bunu dərk edəcək qədər şüurluyam və insanam. Bəli, mən ona dedim ki, seçicim olmadığına baxmayaraq, sənə kömək etməyə hazıram və etdim də. İş axtardığını dedi. Bildiyim qədəriylə anasına da iş verilib”.

S.Tahirzadəni ayaqları olmadığı halda “yanıma gəl” deyə yanına çağırtdırmasına gəlincə, deputat həmin tərbiyə sahibi olmadığını vurğulayıb:

“Mən böyük bir nəslin nümayəndəsiyəm. Bizim nəsli isə bütün Lənkəran tanıyır. Mən elə bir tərbiyə almamışam ki, ayaqlarını itirmiş bir insana qarşı elə qeyri-insani hərəkət edim. O, vətən uğrunda sağlamlığını itirib. Mən qəbul keçirən zaman otaqda ən azı 30-35 nəfər insan olur. Bir tərəfdə ağsaqqallar, digər tərəfdə köməkçim oturur.

Onu da dinlədim, problemlərilə maraqlandım. İşlə təmin edilməsi üçün də köməklik edəcəyimi, hətta Novruz bayramında bayram sovqatı da göndərəcəyimi bildirdim. Görüş zamanı dövlət tərəfindən yardım alıb-almadığı ilə də maraqlandım. Dedi ki, qanun çərçivəsində nə lazımdırsa olunur. Bildirdi ki, kompüter kursunu bitirib, daimi iş yeri istəyir. Mən də maraqlanacağıma söz verdim.

11 ildir deputatam, hələ bir adam deməyib ki, onu pis qarşılamışam, qabiliyyətsiz hərəkət etmişəm. Deyilənlər mənim tərbiyə çərçivəmə sığmır”.

Deputat Rüfət Quliyev bildirib ki, dünən axşam Sərxanın onun barəsində səsləndirdiyi fikirləri saytlardan oxuyub və çox məyus olub:

“Ürəyim ağrıdı. Bir daha deyirəm, Sərxan üçün hər birimiz hər şey etməyə hazırıq və borcluyuq. Amma nəzərə alın ki, mənim 35 min 630 seçicim var. Hər biri fərqli xarakterin insanlarıdır. Mümkün qədər hər birilə dil tapmağa, problemlərini həll etməyə çalışıram. Sərxan seçicim olmasa da, onu qəbul etdim, buna borcluyam. Bir daha deyirəm ki, vətən uğrunda vuruşan hər bir vətəndaşımız üçün əlimizdən gələni etməyə hazırıq”.

Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhədə - Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirib. Əsgər TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb. Keçmiş əsgər koresspondent.az saytına açıqlamasında deputat Rüfət Quliyevin “seçicim deyilsən” deyərək onunla maraqlanmadığını bildirib.



Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü