Modern.az

Noooldu, Paşinyan, Şuşadakı evin niyə işıqsız qaldı?! 

Noooldu, Paşinyan, Şuşadakı evin niyə işıqsız qaldı?! 

Aktual

11 Oktyabr 2022, 09:40

7 oktyabr saat 06:00, səhərin ala-toranlığında "O gün bu gündür, Şuşa!", - deyib yola düşürük. Medianın İnkişafı Agentliyi və “Azərişıq” ASC-nin işıq saldığı bu yol bizi Füzuli-Hadrut-Şuşaya istiqamətləndirir.

 

Erməni işğalından azad olunandan bəri dəfələrlə təşkil olunan səfərlərdə Qarabağı görməkdən hər qarışını əzbərləyən bəzi həmkarlarımdan fərqli olaraq, mənim azad torpaqlara ilk gedişimdir. Üzdə bildirməsəm də, özümü lap çoxdankı arzusuna çatmış uşaqlar kimi hiss edirəm. Axı Vətən müharibəsində unikal gedişlə dünyaya səs salan “Şuşa əməliyyatı” ilə ərənlərimizin canı-qanı bahasına geri aldıqları torpaqlara ayaq basmaq, müqəddəs torpaqları ziyarət etməyə bərabər bir hissdir.

 

Budur, işğaldan azad edilmiş ərazilərə daxil oluruq, Füzuli postunda xidmət aparan polis əməkdaşları çevik şəkildə icazə sənədlərini yoxlayır. Problem aşkarlanmadığı üçün yolumuza davam edirik. Yol boyu işğaldan azad edilmiş kəndlərdə erməni izləri - ev adına qalmış divar daşları, ölülərimizin viran qoyulmuş qəbirləri, xarabalığı xatırladan mənzərə insanı iliyinə qədər sızladır.

 

2 il əvvəl bu torpaqların hər qarışı uğrunda aparılan döyüş, ağlar qalan analar, 1 həftənin gəlini olan qızlar, atasının üzünü görmədən doğulan bəbələr, oğul dağına dözməyib ürəyi partlayan ataları düşündükcə, qələbənin bəxş etdiyi fərəh və gülüş dodaqlarımda donur...

 

Amma xarabalığa çevrilən yurd yerində aparılan yenidənqurma işləri məni kökləndiyim qəmgin notlardan xilas edir: “Qarabağda həyat yenidən canlanır! Buna görə bir ölər, min dirilərik!".

 

Ard-arda qələbə xəbərləri aldığımız vaxtlarda günün fotosuna çevrilən Hadrut daşına yetişəndə həmkarlarım haray çəkib avtobusu tərk edir, sanki hamı Peqova acıq vermək üçün məşhur Qələbə daşı ilə şəkil çəkdirməkdə bir-birilə yarışa girir.

 

 

Vaxtımız məhdud olduğundan Vətən müharibəsindən dərhal sonra Şuşanı nura qərq edən Hadrutun əsrarəngiz təbiətinə baxmaqdan doymadan, “Qarabağın Tacı”na yola düşürük.

 

Hadrutdan Şuşaya avtobus başı dumanlı halda dolanbac yolları burulub gedir. Sizə duman deyirəm yeri-göyü birləşdirib, həsrətin çəkdiyimiz Şuşanı doyunca görməyə imkan verməyən, sanki 30 illik nisgilini ağ örpəklə gizləyən duman...

 

 

Dumanı görcək “Şuşaya ilk dəfə gələnlərin bəxti gətirmədi” sözləri qulaqlarımda cingildəyir. Bu səfərdə Şuşaya ilk gələnlərdən biri olduğum üçün üstümə alınıram. Amma olsun, Şuşanı görmək üçün hər şeydən keçməyə dəyər, lap sülhməramlıların qoruduğu postdan da. O post ki bir addımlığında “İsa bulağı” qaynayır…

 

 

Nəysə ki, dumanı yara-yara Şuşaya çatırıq, havası ciyərlərimə məlhəm kimi gəlir, nəfəssiz qalan adamlar kimi çəkirəm havasını Şuşanın. Lap sevgilisinə qovuşmuş yar kimi dumanına sarılıram Şuşanın...

 

Küçələrində yeridikcə yuxu kimi gəlir, “Əşşi, Qarabağ getdi, Qarabağ söhbəti bitdi” tənələrini xatırlayıram. Amma Azərbaycan əsgəri “Qarabağ Azərbaycandır!”, deməklə bitirdi məsələni.

 

 

Bir vaxtlar Paşinyanın "evim" dediyi, indi "Giriş qadağandır" yazılan villasının qapısındayam. Adam sevdiklərinə xoş dilək arzulayanda "Çırağın gur yansın", deyir. Çünki çıraq həyat işartısıdır. Çırağın sönübsə, deməli, ocağın sönüb, evin xarabaya dönüb. Lap elə Şuşanın ən gözəl yerində işğalçı ölkənin baş naziri Nikol Paşinyanın evi kimi...

 

Bu gördüyünüz evin də, onun yanında qapısı bağlı qalan Arayikin də, Ermənistan millisinin futbolçusu Mxitaryanın da bir vaxtlar ağızları köpüklənə-köpüklənə danışdıqları villalarının çırağı sönüb, onu Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusu söndürüb, Şuşa çıraqban olsun deyə...

 

Bu dəmdə mərhum həmkarımız Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeiri yadıma düşür. Şeirə təzad olsa da, şəhid qanına qarışmış Şuşa torpağında qələbənin verdiyi böyük ruh yüksəkliyi fonunda dəli bir gülmək keçir könlümdən, məni eşitməsə də, bağırmaq istəyirəm:

 

“Noooldu, Paşinyan, ocağın tüstüsüz, evin işıqsız qaldı?!".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik