Modern.az

Araz Əlizadə həbsdə yatdığını ETİRAF etdi

Araz Əlizadə həbsdə yatdığını ETİRAF etdi

Aktual

4 Oktyabr 2013, 17:19

Prezidentliyə namizəd, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə barəsində sosial şəbəkələrdə bir xəbər yayılıb. Qeyd edilir ki, Araz Əlizadə hələ tələbə olduğu zaman - 1-ci kursda təhsil alarkən öz qrup yoldaşını bıçaqladığına görə, həbsxanaya düşüb.

Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün Araz Əlizadənin özü ilə əlaqə saxlayıb. Araz Əlizadə bizimlə söhbətdə vaxtilə həbsxanaya düşdüyünü etiraf edib. Amma həbsinin hansısa bıçaqlanmaya görə deyil, başqa motivlə bağlı olduğunu vurğulayıb:

“Bəli, 1985-ci ildə məni xuliqanlıq maddəsi ilə həbs etdilər. Ancaq hüquq-mühafizə orqanları əslində məni siyasi baxışlarıma görə tutmuşdu”.
 
Araz Əlizadənin sözlərinə görə, həbsinə əsas səbəb onun SSRİ rəhbəri Leonid İliç Brejnevə Sovet ordusunun Əfqanıstana hərbi müdaxiləsi ilə bağlı yazdığı 12 səhifəlik arayış olub.

“Mən demişdim ki, Əfqanıstana girmək olmaz və vurğulayırdım ki, məğlubiyyət qaçılmazdır”-deyən partiya rəhbəri bildirib ki, bundan sonra ona qarşı təzyiqlər başlayıb və işdən qovublar.

ASDP sədri söyləyib ki, onu bir il həbsdə saxlayıblar. Prezidentliyə namizədin sözlərindən belə aydın olur ki, Sovet rəhbərliyi onu 1979-cu ildən başlayaraq təqib edib və nəticədə 1985-ci ildə həbsə alınıb.

Araz Əlizadə bu məsələ ilə bağlı suallarımızı cavablandırarkən bildirib ki, onun həbsi Ukraynada işlədiyi vaxtlara təsadüf edib.

“Məni xuliqanlıq maddəsinin ağır xəsarət yetirmək bəndi ilə tutdular. Həqiqətən də, xəsarət yetirmişdim. Müstəntiq mənim evimə girdi və məni vurdu. Mən də yerdən borunu götürüb müstəntiqin başına çırpdım”-deyə A.Əlizadə vaxtilə olmuş hadisəni xatırladıb.

Qeyd edək ki, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirən A.Əlizadə. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtı Kiyevdə Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib və  Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. O, söügedən hadisənin həmin vaxt baş verdiyini deyib.

Aqşin Kərimov

P.S. Leonid İliç Brejnev hələ 1982-ci ildə vəfat etmişdi. Belə çıxır ki, Araz Əlizadə Brejnevin ölümündən 3 il sonra həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?