ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa etdi.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirilir ki, qərar Donald Tramp administrasiyasının bu həftəsonundan əvvəl tətbiq edilən möhlətin müddətini uzatmaması ilə bağlıdır.
Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi ötən ay İranın Hörmüz boğazında yaratdığı faktiki blokada və ABŞ–İsrail hücumlarına cavab fonunda enerji qiymətlərini sabitləşdirmək məqsədilə Rusiya neftinə tətbiq edilən sanksiyalara müvəqqəti möhlət vermişdi.
Həmin möhlətin müddəti aprelin 11-də başa çatıb və nəticədə sanksiyalar yenidən qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı əlavə sualları cavablandırmasa da, nazir Skot Bessent bu addımı daha əvvəl “qısamüddətli tədbir” kimi qiymətləndirmişdi.
ABŞ Senatının bəzi üzvləri administrasiyanı möhləti uzatmamağa çağırmışdılar. Bundan əvvəl "Reuters" agentliyi Ağ Evin sanksiyalar üzrə lisenziyanı uzada biləcəyini yazmışdı.
Məlumata görə, İranla bağlı gərginlik və sanksiyalara verilən müvəqqəti möhlət Rusiyaya əlavə neft-qaz gəlirləri əldə etməyə imkan yaradıb və bu gəlirlərin aprel ayında 1 trilyon rublu keçəcəyi proqnozlaşdırılır.