Modern.az

Azərbaycan partiyaları Türkiyədəki seçkilərdən nə gözləyir... - RƏYLƏR

Azərbaycan partiyaları Türkiyədəki seçkilərdən nə gözləyir... - RƏYLƏR

Aktual

16 Mart 2024, 17:29

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərdə bir sıra partiyaların namizədləri iştirak edəcək. Əsas rəqabətin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ölkənin ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) arasında olacağı gözlənilir.

 

Azərbaycanın iqtidar və müxalifət partiyalarının Türkiyədəki seçkilərə münasibəti necədir? Hansı partiyanın qazanmasını istəyirlər?


Modern.az partiyalarla əlaqə saxlayıb.
 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) idarə heyətinin üzvü Elşad Mirbəşiroğlu Modern.az-a bildirib ki, 31 mart tarixində keçiriləcək bələdiyyə seçkiləri xüsusi önəm daşıyır:


“Bu seçkilər Türkiyədəki iqtidar partiyası üçün əhəmiyyətlidir. Ümumiyyətlə, Türkiyədə bələdiyyə seçkiləri  olduqca önəmlidir. Müvafiq olaraq bələdiyyə seçkiləri digər seçkilərdən əhəmiyyətinə görə heç də geri qalmır. Türkiyədə bir qayda olaraq, yerli səviyyədə ümumi vəziyyət bələdiyyələrin fəaliyyətinin nə qədər səmərəli olmasından asılıdır. Ona görə də əhali də bələdiyyə seçkisinə çox önəm verir. Nəzərə almaq lazımdır ki, AKP Türkiyədə uzun müddətdir ki, iqtidardır. Bu müddət ərzində Türkiyənin obrazı kifayət qədər dəyişib. Yəni Türkiyə daxili bazarının demək olar ki, kənar istehsalçılardan asılılığı aradan qaldırılıb. AKP-nin iqtidarı dönəmində Türkiyənin inkişafında çox ciddi sıçrayışlar olub. Hərbi sənaye tamamilə asılı vəziyyətdə idisə, bu gün Türkiyə özünün istehsal etdiyi hərbi məhsulları dünya bazarına çıxarmaqdadır. Beynəlxalq münasibətlər sistemində Türkiyə olduqca mühüm rola və yerə malikdir. Bütün bunlar AKP-nin iqtidarı dövründə Türkiyənin çox böyük uğurlar qazandığının göstəricisidir".

 

 

E.Mirbəşiroğlu AKP-nin yerli seçkilərdə qələbə qazanmaq üçün bütün imkanlara malik olduğunu vurğulayıb:


"Təbii ki, biz Türkiyənin daim güclü və inkişafda olmasını arzu edirik. Arxada qoyduğumuz dönəmdə AKP-nin uğurlu fəaliyyətindən danışmaq üçün bütün əsaslar mövcuddur. Bu baxımdan hesab edirəm ki, AKP yerli seçkilərdə də qələbə qazanmaq üçün bütün imkanlara malikdir. Ötən il keçirilən prezident seçkilərində cənab Ərdoğan xalqın etimadını qazandı. Düşünürəm ki, bələdiyyə seçkilərində də AKP seçicilərin etimadını qazanacaq".
 

Ağ Partiyanın sədri Tural Abbaslı əsas rəqabətin AKP ilə CHP arasında gedəcəyini bildirib:


"Türkiyə Azərbaycanı birbaşa diqqətində olan ölkədir. Çünki bizim taleyimiz də birdir. Eyni zamanda Türkiyədə seçkilər daha ajiotajlı, rəqabətli, demokratik keçirilir. Azərbaycanda hətta adi insanlar da oradakı seçkiləri izləyir. Təbii olaraq, biz istərdik ki, bələdiyyələrin böyük əksəriyyətində Ədalət və İnkişaf Partiyası (AKP) qalib gəlsin. Orada yerli idarəetmə bələdiyyələrə aiddir. Bizdən fərqli olaraq, bələdiyyələrin kifayət qədər təsir imkanları var.  Həmişəki kimi, əsas rəqabət Ədalət və İnkişaf Partiyası ilə Cümhuhriyyət Xalq Partiyası (CHP) arasında gedəcək".

 

 

T.Abbaslı AKP və onun tərəfdaşlarının qalib gəlməsini arzu etdiklərini qeyd edib:


"Düşünürəm ki, əsas rəqabət  Ankara, İstanbul, İzmir, Antalya kimi böyük şəhərlərdə olacaq. Təəssüf ki, AKP Ankara və İstanbul şəhərlərini bundan əvvəlki seçkilərdə itirmişdi, indi onları geri qaytarmağa çalışacaq. Güman edək ki, onları da geri alar. Mənə elə gəlir ki, AKP-nin mövqeyinin güclənməsi Türkiyənin daha da güclənməsinə gətirib çıxaracaq. Türkiyənin güclənməsi Azərbaycanın da  güclənməsinə səbəb olacaq. Ona görə də biz birmənalı olaraq bütün seçkilərdə AKP və onun tərəfdarlarının qalib gəlməsini arzu edirik".
 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Türkiyədəki seçkilərin önəmli olduğunu deyib:
 

"Türkiyə Azərbaycana olduqca yaxın və dost ölkədir, orada baş verən istənilən hadisə bizim üçün maraqlıdır. Qarabağ probleminin həllində Türkiyə birmənalı olaraq Azərbaycanın yanında olub. İndi ölkəmizdə hər kəs bu fikirdədir ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın milli maraqlarına bir o qədər uyğundur. Buna görə də Türkiyədə martın 31-də baş tutacaq bələdiyyə seçkiləri həm xalqımızın, həm də siyasi partiyaların diqqət mərkəzindədir".

 

 

M.Rəhimli seçki kampaniyasının demokratik şəkildə keçirilməsinin rəğbət doğurduğunu vurğulayıb:


"Türkiyə xalqı özünün əsrlər boyu formalaşmış dövlətçilik ənənələrinə uyğun olaraq ən doğru qərarı verməyə qadirdir. Siyasi partiya olaraq, biz seçkilərin təşkili, təbliğat kampaniyasının aparılması, siyasi polemika, özgə fikrə dözümlülük hallarına daha çox diqqət yetiririk və bütün bunlar təqdirəlayiqdir. O ki qaldı kimin və ya hansı qüvvənin qalib gəlməsinə, seçiləcək şəxslər, sözsüz ki, Türkiyənin inkişafına xidmət edəcəklər. Bizim üçün də bu vacibdir. Tarixi ənənələrin davam etməsi, davamlı inkişaf, demokratik mühitin qorunması, regional gücün saxlanılması seçkilərin əsas nəticələrini təşkil etməlidir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok