Modern.az

NATO baş katibi buna görə Bakıya gəlir... 

NATO baş katibi buna görə Bakıya gəlir... 

Aktual

16 Mart 2024, 14:35

NATO-nun baş katibi Yens Stoltenberqin 17 martda, yəni sabah Bakıya səfəri olacaq. Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhatə edəcək. O, Bakıdan sonra Tbilisiyə, ardınca İrəvana səfər edəcək.

Yens Stoltenberqin səfər çərçivəsində bakıda 3 mühüm görüşü olacaq.

Belə ki, o, əvvəlcə Prezident İlham Əliyevlə sonra xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.
 

Bəs NATO baş katibinin Bakı səfərinin arxasında hansı məqamlar dayanır? Səfər çərçivəsində hansı məsələlər müzakirə olunacaq?


Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri söyləyib ki, NATO baş katibinin səfəri Qərbin Cənubi Qafqazı öz təsir dairəsində görmək istəyindən xəbər verir:


"Yens Stoltenberqin bu səfəri Cənubi Qafqaz turnesidir. Onun hər üç Cənubi Qafqaz ölkəsinə səfəri olacaq. Bu, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması siyasətinin davamı və tərkibi hissəsi olaraq görülməlidir. NATO baş katibinin eyni anda Cənubi Qafqazın hər 3 ölkəsinə səfəri məsələnin yalnız geosiyasi maraqlar kontekstində Qərbin siyasətini əhatə etmədiyini göstərir. Eyni zamanda bu, hərbi təhlükəsizlik məsələsini də özündə ehtiva edir. NATO baş katibinin səfəri Qərbin Cənubi Qafqazı öz təsir dairəsində görmək istəyinin təzahürüdür".

N.Miri hansı məsələlərin müzakirə olunacağından da danışıb:


"Əlbəttə, görüşlər çərçivəsində bölgə ölkələrinin NATO ilə əməkdaşlığı və bu prosesin daha da genişləndirilməsi yönündə müzakirələr aparılacaq. Konkret hansı nəticələrin olacağını isə əvvəlcədən söyləmək çətindir. Çünki NATO-ya inteqrasiya, təşkilatın bu ölkələri üzvlüyə qəbul etməyə hazır olduğu anlamına gəlmir. Ortada Avropa Birliyinin Ukrayna, Moldova, Gürcüstan kimi namizəd statusu verdiyi ölkələr var ki, heç onların üzvlüyü yaxın prespektivdə gözlənilmir. NATO da eyni siyasəti yürüdür. Çünki NATO-ya üzv olmaq üçün ciddi şərtlər mövcuddur. Bu standartlar çərçivəsində heç bir Cənubi Qafqaz ölkəsi NATO-ya üzv olmağa uyğun deyil. Həm də indiki şəraitdə Cənubi Qafqaz ölkələrinin bu istiqamətdə siyasəti eyni hədəflərə yönəlməyib".


Siyasi şərhçi Fikrət Sadıqov isə Yens Stoltenberqin ölkəmizə gəlib bizdən NATO-ya qoşulmağımızı xahiş edəcəyini düşünmədiyini vurğulayıb:
 

"Təbii ki, bu, həm də Azərbaycanın maraqlarına cavab vermir. Biz heç bir hərbi bloka üzv olmaq fikrində deyilik. Dəfələrlə bu barədə mövqeyimizi səsləndirmişik. Lakin NATO ilə münasibətlərimiz normaldır. Bu hərbi blokla münasibtələrimizi yüksək səviyyədə saxlayır və inkişaf etdiririk. NATO bütün bunları yüksək qiymətləndirir".

Onun fikrincə, Stoltenberqin ölkəmizə gəlməsinin səbəbi yerdəki vəziyyəti öyrənmək, prosesləri izləmək və təhlil etməkdir:

"Təhlükəsizlik, stabillik məsələlərinə də diqqət yetirmək planlar arasında ola bilər. Xüsusilə də Azərbaycanla Ermənistan münasibətlərinə də toxunulacaq. Stoltenberq Azərbaycanın regionda kifayət qədər güclü oyunçu olduğunu yaxşı anlayır. Bir sıra məsələlərin həlli Azərbaycandan birbaşa asılıdır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok