Modern.az

Xocalı soyqırımı zamanı itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

Xocalı soyqırımı zamanı itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

27 Mart 2024, 13:22

Martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.

Modern.az xəbər verir ki, dəfn mərasimində Xocalı Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, mərhumun yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhumun ruhuna dualar oxunub, fatihə verilib.

 ****

12:44

Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılmış Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

 

Burada şəhidlə vida mərasimi keçirilir.

 

Vida mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak edir.

 

Oğlu Nicat Mahmudov deyib ki, atası 32 il öncə Xocalıda şəhid olub: "Xocalıda qazıntı işləri aparılarkən atamın da qalıqları tapılıb. Məndən və əmimdən analiz götürüldü, analizin nəticələrinə əsasən qalıqların atama aid olduğu bildirildi. Atam şəhid olanda mənim 3 yaşım var idi, atamı xatırlamıram”.

 

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci il 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü