Modern.az

"Aqroservis"in sədr müavini Zaqatalada vətəndaşların təsərrüfatları ilə tanış olub

Aktual

29 Mart 2024, 16:26

Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən biçin prosesinə hazırlıqla bağlı taxılyığan kombaynlarla təminat, bağçılıqda istifadə edilən kiçik ölçülü texnikaların istifadə imkanları və digər məsələlərlə bağlı olub.

 

Sədr müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Daha sonra İlyas Həsənov rayonun Muxaq kəndində fermer Abdulla Mahmudovun toxumçuluq təsərrüfatına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə tanış olub. Sədr müavini, həmçinin fermer Vidadi Yusubovun tütün və meyvəqurutma kameralarına baxış keçirib, tütün şitili istixanası və çiyələk təsərrüfatı ilə tanış olub.

 

Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü