Modern.az

Paşinyan 50+1 mandat qazanmasa, uduza bilər - Seçki ŞƏRTLƏRİ

Paşinyan 50+1 mandat qazanmasa, uduza bilər - Seçki ŞƏRTLƏRİ

Analitika

Bu gün, 15:59

Ermənistanda seçkiqabağı mübarizə aktiv mərhələyə keçib və əsas siyasi qüvvələr öz elektoratları ilə mümkün qədər intensiv işləməyə çalışırlar.

Modern.az-ın məlumatına görə, erməni siyasi texnoloq Vigen Akopyan seçkiqabağı vəziyyəti şərh edib.

Onun qiymətləndirməsinə görə, hazırda güzəştsiz rəqabət gedir və hər bir siyasi qüvvə öz üstünlüklərini vurğulamağa, habelə hədəf seçici qruplarına təsir göstərməyə çalışır.

Akopyanın fikrincə, növbəti parlamentdə təmsil olunmaq üçün real şansı olan 4–5 siyasi qüvvə var.

Onun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası böyük ehtimalla seçki baryerini keçəcək, lakin parlament çoxluğunu təmin edə bilməyəcək.

“Araşdırmalar göstərir ki, "Vətəndaş müqaviləsi” parlamentə düşəcək, amma 50+1 səs toplaya bilməyəcək”, – deyə o bildirib. Akopyanın qiymətləndirməsinə görə, hakim partiya parlamentdə təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat qazana bilməyəcək və ya koalisiyaya ehtiyac duyacaq.

Siyasi texnoloq bildirib ki, parlamentə düşmək şansı olan digər qüvvələr “Güclü Ermənistan” bloki (lider Samvel Karapetyan), “Ermənistan” bloku (lider Robert Köçəryan), “Çiçəklənən Ermənistan” Partiyası (sədr Qaqik Sarukyan) və “Birlik qanadları” Partiyası (sədr Arman Tatoyan) hesab olunur.

Onun fikrincə, hər siyasi qüvvə özünəməxsus elektorat bazası ilə işləyir. Əgər “Ermənistan” bloku əsasən daha radikal əhval-ruhiyyəli seçicilərə müraciət edirsə, “Güclü Ermənistan” cəmiyyətin daha geniş təbəqələri ilə işləməyə çalışır, ölkənin sosial-iqtisadi inkişafına, sənayeyə və gələcək baxışına xüsusi diqqət yetirir.

Vigen Akopyan hesab edir ki, seçkilərin nəticəsinə həlledici təsiri seçici fəallığı göstərə bilər.

“Əgər həqiqətən də sosioloji sorğuların göstərdiyi kimi, seçici fəallığı ən azı 60% ətrafında olsa, mən hesab edirəm ki, hazırkı hakimiyyətin yenidən seçilmək şansı yoxdur. Hazırda əsas məsələ seçicilərin səsvermədə iştirakını təmin etməkdir”, – deyə o əlavə edib.

Siyasi texnoloq xüsusilə İrəvan seçicilərinin fəallığını vacib hesab edir. Onun sözlərinə görə, burada 840 mindən çox seçici cəmləşib.

Akopyanın fikrincə, məhz buna görə müxalif qüvvələrin əksəriyyəti seçki kampaniyası zamanı təkcə öz proqramlarını təqdim etməyə deyil, həm də vətəndaşları səsvermədə iştiraka səfərbər etməyə diqqət yetirirlər.

Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixində keçiriləcək. Təşviqat dövrü 5 iyuna qədər davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 19 siyasi qüvvəni qeydiyyata alıb.

Ermənistanda hökumət parlament seçkilərinin nəticələrinə əsasən formalaşır. Mövcud qanunvericiliyə görə, hökuməti təkbaşına qurmaq üçün parlamentdə çoxluğa sahib olmaq lazımdır.

Parlament proporsional təmsilçilik yolu ilə 5 illik müddətə seçilir. Parlament ən azı 101 üzvdən ibarət olmalıdır.

2026-cı il parlament seçkiləri üçün əsas qaydalar bunlardır:

Parlamentə düşmək üçün:

- Partiya ən azı 4% səs toplamalıdır;

- 2–3 partiyadan ibarət blok ən azı 8% toplamalıdır;

- 4 və daha çox partiyadan ibarət blok üçün hədd 10%-dir;

Hökuməti təkbaşına formalaşdırmaq üçün parlament mandatlarının 50%-dən çoxu (50+1%) lazımdır. Baş nazir parlament çoxluğu tərəfindən seçilir.

- Ermənistanda "sabit çoxluq" mexanizmi mövcuddur. Əgər qalib qüvvə hökumət qurmaq hüququ qazanır, lakin mandatların payı 54%-dən azdırsa, qanun ona əlavə mandatların verilməsi ilə "sabit çoxluğun" təmin edilməsinə imkan yaradır. Yəni ona əlavə mandatlar verilərək payı 54%-ə çatdırılır. Bu, hökumətin daha sabit fəaliyyət göstərməsi üçün nəzərdə tutulub.

- Əgər heç bir partiya və ya koalisiya çoxluq yarada bilmirsə, partiyalar koalisiya danışıqlarına başlayırlar. Əgər seçkidən sonra 6 gün ərzində heç bir koalisiya formalaşmırsa, qanun ən çox səs toplamış iki siyasi qüvvə arasında ikinci tur seçkilərinin keçirilməsinə imkan verir.

İkinci turun nəticəsinə görə, qalib tərəfə hökumət qurmaq üçün lazım olan əlavə mandatlar verilir.

Beləliklə, əgər Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası parlamentdə 50+1% mandat əldə edərsə, hökuməti təkbaşına formalaşdıra bilər.

Əgər hakim “Vətəndaş müqaviləsi” parlamentdə çoxluq əldə etməsə və buna qarşılıq müxalifət birlikdə daha çox mandat qazanın koalisiya yaradarsa, hökuməti də ikincilər qura bilər.

Hazırda parlamentə düşməyə əsas namizəd olan siyasi qüvvələr - "Güclü Ermənistan" və "Ermənistan" blokları, "Çiçəklənən Ermənistan" və “Brilik qanadları” partiyaları Nikol Paşinyana əsas müxalifdirlər.

Bu isə o deməkdir ki, Paşinyanın partiyası seçkidə 50+1% mandat qazanmasa və koalisya qura bilməsə, uduza bilər.

Bəzi analitiklər hesab edirlər ki, müxalifətin əsas məqsədi birinci yeri tutmaq deyil, hakim partiyanın sabit çoxluq əldə etməsinin qarşısını almaqdır. Əgər hökumət quracaq çoxluq formalaşmasa, iki aparıcı qüvvə arasında ikinci tur variantı gündəmə gələ bilər. Bu halda isə müxalifət birləşməyə çalışacaq.

Son sorğularda Baş nazir Nikol Paşinyanın partiyası rəqiblərindən xeyli öndə görünür. 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV