ABŞ Müdafiə Nazirliyi İsraillə bağlı əks-kəşfiyyat risklərinin qiymətləndirilməsini sərtləşdirərək təhdid səviyyəsini ən yüksək həddə qaldırıb və Vaşinqton Təl-Əvivin ABŞ daxilində qərarvermə prosesləri ilə bağlı məlumat toplama fəaliyyətindən narahatlıq keçirir.
Modern.az xəbər verir ki, NBC telekanalının məlumatına görə, Pentaqon İsraillə bağlı əks-kəşfiyyat risklərini yenidən qiymətləndirib və təhdid səviyyəsini ən yüksək kateqoriyaya yüksəldib.
Məlumata görə, ABŞ rəsmiləri İsrail kəşfiyyatının Prezident Donald Tramp administrasiyasında Yaxın Şərqdəki münaqişələrə dair daxili müzakirələr və qərarvermə prosesləri barədə məlumat toplamaq cəhdlərini artırdığından narahatdır.
NBC bildirir ki, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) son hesabatında İsrailin agentura və texniki kəşfiyyat imkanları “kritik” səviyyədə qiymətləndirilib. Yeddi səhifəlik sənəddə Vaşinqtonun narahatlığını artıran bir neçə konkret hadisənin qeyd olunduğu iddia edilir.
Bununla yanaşı, tərəflər məlumatları təkzib ediblər.
Vaşinqtondakı İsrail səfirliyinin nümayəndəsi ABŞ-a qarşı casusluq iddialarını rədd edib:
“İsrail ABŞ strukturları, xüsusilə də hökumət rəsmiləri barədə kəşfiyyat məlumatları toplamır. İsrailin kəşfiyyat fəaliyyəti müttəfiqlərinə yox, düşmənlərinə qarşı yönəlib”.
Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Ağ Evin nümayəndəsi isə xəbəri təkzib edərək bildirib ki, “bütün bu hekayə yalandır və proseslərdən xəbəri olmayan şəxslər tərəfindən təqdim olunub”.
NBC-nin məlumatına görə, hazırkı və keçmiş ABŞ rəsmiləri qeyd ediblər ki, dövlətlər arasında qarşılıqlı kəşfiyyat fəaliyyəti adi hal sayılsa da, son dövrdə İsrailin fəaliyyəti adi çərçivələri aşmış hesab olunur.