Modern.az

Lissabonda Müstəqillik Günü xarici qonaqları bir araya gətirdi

Lissabonda Müstəqillik Günü xarici qonaqları bir araya gətirdi

Diaspor

Bu gün, 13:30

Portuqaliyanın paytaxtı Lissabonda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Odlar Yurdu – Legacy of Fire” adlı yarışma proqramı çərçivəsində təntənəli tədbir keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan tədbirdə həm azərbaycanlılar, həm də əcnəbilər fəal iştirak ediblər.

Yarışma sualları Azərbaycan bədii filmlərindən təqdim olunan fraqmentlər, musiqilər və ədəbiyyat nümunələri əsasında hazırlanıb. Bu isə iştirakçılara həm biliklərini nümayiş etdirmək, həm də Azərbaycan mədəniyyətinə maraqlarını ortaya qoymaq imkanı yaradıb.

Tədbirdə Portuqaliya, Moldova, Türkiyə və Afrika ölkələrinin nümayəndələrinin iştirakı gecəyə beynəlxalq ab-hava qatıb, mədəni dialoqun güclənməsinə töhfə verib.

Gecənin diqqətçəkən məqamlarından biri portuqaliyalı Susana Roque Nunesin ifasında Azərbaycan milli rəqsi “Sarı Gəlin”in təqdim olunması olub. Sözügedən çıxış qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri və muğam parçaları təqdim olunub, ölkəmizin zəngin mədəni irsi tanıdılıb.

Yarışmanın qaliblərinə hədiyyə olaraq Azərbaycan çay mədəniyyətini əks etdirən xüsusi bağlamalar təqdim edilib. Bu təşəbbüs milli ənənələrin yaşadılması və təbliği baxımından xüsusi maraq doğurub.

Qeyd olunub ki, bu cür tədbirlər xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və xalqlar arasında dostluq münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV