Elxan Nağıyev: "Donor sayı son iki ildə 40 mindən çox artıb"
"Gələcəkdə iki yeni qan bankının açılması istiqamətində işlər aparılır"
"Donorların 88 faizini kişilər, 12 faizini qadınlar təşkil edir"
Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Modern.az saytına geniş müsahibə verib. Onunla müsahibəni oxucularımıza təqdim edirik:
- Elxan müəllim, Qan Bankında hazırda ən böyük çatışmazlıq hansı qan qrupları üzrə hiss olunur və elə dövrlər olurmu ki, ehtiyat təhlükəli həddə yaxınlaşsın?
- Respublika Qan Bankında vəziyyət dünya qan banklarındakı tendensiyalara uyğundur. Əhali arasında hansı qan qrupları daha çox rast gəlinirsə, donorlar arasında da eyni mənzərə müşahidə olunur. Ümumiyyətlə, qanın yeganə mənbəyi insandır. Azərbaycanda ən çox rast gəlinən qan qrupları A Rh pozitiv (II qrup) və O Rh pozitiv (I qrup) qan qruplarıdır. A Rh pozitiv qan qrupu əhalinin təxminən 33,3 faizini, O Rh pozitiv isə 31,7 faizini təşkil edir. Mənfi rezuslu qan qrupları isə daha az yayılıb. Məsələn, AB Rh neqativ qan qrupu əhali arasında təxminən 1,1 faiz, B Rh neqativ isə 0,9 faiz təşkil edir. Bu səbəbdən bəzi qan qrupları üzrə ehtiyatların formalaşdırılması xüsusi diqqət tələb edir. Qan Bankının əsas vəzifələrindən biri məhz nadir qan qrupları üzrə ehtiyat yaratmaqdır. Respublika Qan Bankının mərkəzi və 8 regional bölməsi vahid informasiya sistemi üzərindən fəaliyyət göstərir. Bütün məlumatlar mərkəzə ötürülür və ehtiyatların bölgüsü buradan idarə olunur. Biz əvvəlki illərin statistikasını təhlil edir, hansı aylarda hansı qan qrupuna daha çox ehtiyac yarandığını müəyyənləşdirir və planlaşdırmanı buna uyğun qaydada həyata keçiririk.
- Azərbaycanda toplanan qan ən çox hansı xəstə qruplarının müalicəsində istifadə olunur və son illərdə ehtiyac daha çox hansı istiqamətdə artıb?
- Bu gün dünyada olduğu kimi Azərbaycanda da əsasən komponent terapiyası tətbiq olunur. Yəni qan bütöv şəkildə deyil, komponentlərə ayrılaraq istifadə edilir. Hər bir komponentin saxlanma temperaturu və istifadə müddəti fərqlidir. Qan və qan komponentləri həm təcili hallarda, həm də planlı müalicələrdə istifadə olunur. Əsas istifadə istiqamətləri talassemiya, hemofiliya, onkohematoloji xəstəliklər, müxtəlif travmalar, avtomobil qəzaları və planlı cərrahi əməliyyatlardır.
- Yay aylarında donor sayının azalması sistemə necə təsir edir və bu azalma bəzi hallarda əməliyyat və ya müalicələrin gecikməsinə səbəb olurmu?
- Mövsümi dövrlərdə, xüsusilə yay aylarında və bayram günlərində donor sayında müəyyən azalmalar müşahidə oluna bilər. Bunun əsas səbəbi insanların məzuniyyətə getməsi və miqrasiya amilidir. Biz bu vəziyyəti əvvəlcədən nəzərə alırıq və ehtiyatlarımızı uyğun şəkildə formalaşdırırıq. Mobil briqadalar vasitəsilə ilboyu müxtəlif müəssisə və təşkilatlarda qanvermə aksiyaları keçirilir. Məzuniyyət dövrlərində bu aksiyaların intensivliyi müəyyən qədər azalsa da, formalaşdırılmış ehtiyatlar hesabına bütün tələbat qarşılanır. Bu günədək nə TƏBİB-in, nə Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə, nə də özəl tibb müəssisələrində qan çatışmazlığı səbəbindən xəstənin itirilməsi və ya vaxtında təmin edilməməsi halı qeydə alınıb.
- Sosial şəbəkələrdə yayılan “təcili qan lazımdır” elanları nə qədər rəsmi sistem üzərindən paylaşılır və qeyri-rəsmi donor məsələsi bu gün də aktual problem olaraq qalırmı?
- Sosial şəbəkələrdə hər kəs istədiyi məlumatı paylaşa bilər. Burada müəyyən mental və psixoloji amillər də rol oynayır. İnsanlar bəzən yaxınlarının müalicəsi üçün mütləq öz donorlarını tapmağa çalışırlar. Halbuki müasir qan bankçılığı sistemində donorluq anonim şəkildə həyata keçirilir. Əsas məqsəd konkret bir xəstənin deyil, sistemin donoru olmaqdır. Bu həm tibbi, həm də etik baxımdan daha düzgün yanaşmadır. Bu cür elanlarla bağlı araşdırma aparırıq. Təcrübəmiz göstərir ki, müraciətlərin böyük hissəsi məlumat azlığından və ya psixoloji səbəblərdən qaynaqlanır. İnsanlar çox vaxt əvvəlcə Qan Bankına müraciət etmirlər. Qan və qan komponentlərinin verilməsi xəstə və ya qohumun müraciəti əsasında deyil, tibb müəssisəsinin rəsmi tələbnaməsi əsasında həyata keçirilir. Tibb müəssisəsi hansı komponentə ehtiyac olduğunu bildirir, biz də onu təmin edirik.
- Sizcə Azərbaycanda könüllü donor mədəniyyəti artıq formalaşıb, yoxsa insanlar hələ də əsasən yaxınları üçün qan verməyə üstünlük verir?
- Könüllü donorluq mədəniyyəti ildən-ilə inkişaf edir. Biz ehtiyatlarımızı məhz könüllü donorların hesabına formalaşdırırıq. Nümunə olaraq, gecə saatlarında doğuş zamanı ağır qanaxma ilə xəstə daxil ola bilər. Onun yanında donor olmaya bilər. Belə hallarda ehtiyatda olan qan və qan komponentləri həyati əhəmiyyət daşıyır. Talassemiya və onkohematoloji xəstələr davamlı şəkildə hemotransfuziya alırlar. Elə günlər olur ki, təkcə Talassemiya Mərkəzinə 150-200 vahiddən artıq qan və qan komponenti göndəririk. Statistikaya görə, donorların 14,8 faizi il ərzində müntəzəm qan verən şəxslərdir. Donorların 88 faizini kişilər, 12 faizini qadınlar təşkil edir. Son illərdə qadın donorların sayında da artım müşahidə olunur. Donor sayı da davamlı artır. 2023-cü ildə donor sayı 93 min nəfər olduğu halda, 2024-cü ildə 124 min 146, 2025-ci ildə isə 133 min 892 nəfərə çatıb. 2026-cı ilin ilk dörd ayında artıq 47 min 633 donor qeydiyyata alınıb. Aprel ayında isə rekord göstərici qeydə alınıb - 14 min 881 nəfər qan verib. Bu rəqəmlər insanların sistemə olan inamını və könüllü donorluq mədəniyyətinin inkişaf etdiyini göstərir.
- Bir donorun verdiyi qan laboratoriyada necə bölünür və bu qan real olaraq neçə insanın həyatını xilas edə bilir?
- Transfuziya təbabətinin ən vacib məsələlərindən biri donor qanının virus təhlükəsizliyinin təmin edilməsidir. Donor qan verdikdən sonra nümunələr laboratoriyaya göndərilir. İlkin mərhələdə seroloji müayinələr aparılır. Bunun üçün yalnız qan bankçılığı üçün nəzərdə tutulmuş yüksək həssaslıqlı avadanlıqlardan istifadə olunur. Seroloji müayinədən sonra bütün mənfi nəticə göstərən nümunələr NAT (Nucleic Acid Testing - nuklein turşularının amplifikasiyası) texnologiyası ilə yoxlanılır. Bu üsul virusların daha erkən mərhələdə aşkarlanmasına imkan verir. Qan qrupu müəyyənləşdirildikdən və bütün təhlükəsizlik mərhələləri tamamlandıqdan sonra qan istifadəyə buraxılır. Azərbaycanda NAT texnologiyasının tətbiqinə 2025-ci ildən başlanılıb. Bu texnologiya dünyanın qabaqcıl ölkələrində istifadə olunan ən müasir təhlükəsizlik mexanizmlərindən biridir və köçürülən qanın virus təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bir donorun verdiyi qan komponentlərə ayrıldıqda üç nəfərin həyatını xilas edə bilər.
- İstifadə müddəti bitən qanlarla bağlı vəziyyət necə tənzimlənir və bu problem dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da müşahidə olunurmu?
- Qan insan orqanizmindən alınan ən dəyərli toxumalardan biridir. Hər bir donorun verdiyi qan bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bütün qan komponentlərinin elektron qeydiyyatı aparılır və onların istifadə müddəti daimi nəzarətdə saxlanılır. Məqsəd odur ki, mümkün qədər heç bir vahid qan istifadəsiz qalmasın. Məsələn, eritrosit kütləsinin saxlanma müddəti 35-42 gündür. Təzə dondurulmuş plazma isə 24 aya qədər saxlanıla bilər. Bəzi komponentlər isə yalnız 3-5 gün ərzində istifadə edilməlidir. Beynəlxalq praktikada olduğu kimi, istifadəyə yararsız hala düşən və ya texniki səbəblərlə məhv edilən komponentlər ola bilər. Lakin bu göstərici minimum səviyyədə saxlanılır. Hətta elə aylar olur ki, bir vahid belə qan məhv edilmir.
- Regionlarda qan təminatı Bakı ilə müqayisədə hansı çətinliklərlə üzləşir və rayonlardan paytaxta qan daşınması prosesi necə təşkil edilir?
- Qan ehtiyatlarının idarə olunması tam rəqəmsal platforma üzərindən həyata keçirilir. Respublika Qan Bankının mərkəzi və 8 regional bölməsi vahid sistemdə fəaliyyət göstərir. Quba, Şəki, Bərdə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt və digər regional bölmələr öz əhatə dairələrində olan rayonların qan təminatını həyata keçirirlər. Mərkəzi sistem vasitəsilə hər bir bölmədə hansı qan qrupundan nə qədər ehtiyat olduğu real vaxt rejimində izlənilir. Ehtiyac yarandıqda qan komponentlərinin bir bölgədən digərinə transferi təşkil olunur.
- Fövqəladə vəziyyətlər üçün ayrıca qan ehtiyatı saxlanılırmı və xüsusilə 44 günlük müharibə dövründə sistem hansı rejimdə işləyirdi?
- Bəli, fövqəladə hallar üçün ayrıca strateji ehtiyat mövcuddur. Bu göstəricilər hər gün, hətta iki saatdan bir yenilənir və daimi nəzarətdə saxlanılır. 44 günlük Vətən müharibəsi dövründə donor fəallığı son dərəcə yüksək idi. İnsanlar böyük vətənpərvərlik hissi ilə könüllü şəkildə qanvermə aksiyalarına qoşulurdular. Həmin dövrdə formalaşan həmrəylik sayəsində minlərlə yaralının həyatını xilas etmək mümkün oldu. Bu gün də müxtəlif dövlət qurumları, özəl müəssisələr və təşkilatlar könüllü şəkildə qanvermə aksiyalarının keçirilməsi üçün müraciət edirlər.
- Son illərdə rəqəmsallaşma və süni intellekt texnologiyaları Qan Bankının iş prinsipini necə dəyişib və süni qan texnologiyaları gələcəkdə donor ehtiyacını azalda bilərmi?
- Hazırda heç bir texnologiya insan qanını əvəz edə bilməz və yaxın gələcəkdə də bu mümkün görünmür. Qanın yeganə mənbəyi insandır. Lakin rəqəmsallaşma və yeni texnologiyalar qan xidmətlərinin idarə edilməsində mühüm rol oynayır. Gələcəkdə süni intellektdən ehtiyatların planlaşdırılması, qan qruplarının bölgələr üzrə yayılmasının təhlili, logistika və ehtiyatların optimal paylanması kimi istiqamətlərdə daha geniş istifadə oluna bilər. Yəni texnologiya qanın özünü əvəz etməsə də, qan xidmətinin daha səmərəli idarə olunmasına ciddi töhfə verə bilər.
- Hazırda donorların yaş və gender statistikası necə dəyişir və xüsusilə qadınlar və gənclər arasında qanvermənin sağlamlığa zərərli olması ilə bağlı fikirlər nə dərəcədə doğrudur?
- İnsanlar arasında psixoloji baryeri aradan qaldırmaq üçün qanvermə və donorluq mədəniyyətini formalaşdırmaq vacibdir. Maarifləndirmə artdıqca insanlar anlayırlar ki, qanvermə təhlükəli proses deyil. Əksinə, bu proses tam steril şəraitdə, həkim nəzarəti altında həyata keçirilir. Qanvermənin insan orqanizminə faydalı tərəfləri də var. Qanyaranma prosesi yenilənir, donor mütəmadi olaraq həkim müayinəsindən keçir, orqanizmdə gedən proseslərə nəzarət olunur. Eyni zamanda donor qanı infeksiyalar baxımından ən müasir texnologiyalarla yoxlanılır. Son illərdə qadınlar arasında da donorluğa maraq artmaqdadır. Fizioloji xüsusiyyətlər nəzərə alınmaqla kişilər il ərzində 4 dəfə, qadınlar isə 3 dəfə qan verə bilərlər. Əlbəttə, bu, şəxsin ümumi sağlamlıq vəziyyətindən asılıdır. Apardığımız statistika göstərir ki, əsas donor qrupunu 18-30 yaş arası şəxslər təşkil edir. Donorların təxminən 60 faizi bu yaş qrupuna daxildir. Bu, xüsusilə gənclər və tələbələr arasında donorluq mədəniyyətinin formalaşması baxımından mühüm göstəricidir. Qadınların da qanvermə aksiyalarında iştirakının artması sevindirici haldır.
- Bəzən deyilir ki, çəkisi bir qədər az insanların qan verməsi doğru deyil, əsasən çəkili insanlar qan verə bilərlər. Szin bununla bağlı fikirləriniz necədir?
- Bu məsələ konkret tibbi protokollar əsasında tənzimlənir. Çəkisi 50 kiloqramdan aşağı olan şəxslərdən qan götürülmür. Tibbi baxımdan bu, doğru sayılmır. Donor olmaq üçün şəxsin çəkisi 50 kiloqramdan, boyu isə 150 santimetrdən yuxarı olmalıdır. Sağlam insanlardan qan götürülməsi orqanizm üçün faydalı prosesdir, amma burada çəki və ümumi sağlamlıq vəziyyəti mütləq nəzərə alınır.
- Ümumiyyətlə, qanvermənin qanverən üçün müsbət tərəfləri nələrdir? Həmçinin sağlam insan il ərzində neçə dəfə qan verə bilər?
- Qanvermənin orqanizm üçün yenilənmə baxımından mühüm faydaları var. Bunu təbiətdəki proseslərlə də müqayisə etmək olar. Məsələn, bitki budandıqda yeni pöhrələr verir. İnsan orqanizmində də qanvermə zamanı qanyaranma prosesi aktivləşir. Qan hüceyrələri hematopoetik, yəni sümük iliyi mənşəli hüceyrələrdir. Qan verildikdə həmin hüceyrələrin yenilənməsi və yeni hüceyrələrin əmələ gəlməsi prosesi gedir. Bununla yanaşı, insanda mənəvi məmnunluq hissi yaranır. Humanitar addım atmaq insanın daxili dünyasına da müsbət təsir edir. Bəzən insanlar hicamaya müraciət edirlər. Halbuki hicama müəyyən hallarda ciddi fəsadlara səbəb ola bilər. Çapıq və yara nahiyəsindən infeksiyanın düşmə ehtimalı yüksəkdir. Qanvermə isə steril şəraitdə, həkim nəzarəti ilə aparılır. Ona görə də biz insanlara tövsiyə edirik ki, belə hallarda daha təhlükəsiz və faydalı yol kimi qan verməyə üstünlük versinlər. Sağlam kişilər il ərzində 4 dəfə, qadınlar isə 3 dəfə qan verə bilərlər.
- Ən aktiv donorlar daha çox hansı peşə və sosial qruplardan olur. Davamlı olaraq qan verən deputat, siyasi-ictimai, mədəniyyət xadimlərimizin adlarını çəkə bilərsinizmi?
- Demək olar ki, qanvermə aksiyalarında iştirak etməyən qurum yoxdur. İyunun 14-ü Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur və biz də həmin günü xüsusi olaraq qeyd edirik. Bu sahədə bizə dəstək olan müxtəlif müəssisələr, təşkilatlar, nazirliklər, eləcə də fərdi donorlar var. Davamlı şəkildə, 3 aydan bir könüllü qan verən donorlarımız olur. Onlarla görüşlər keçirir, təşəkkürümüzü bildiririk. Çünki bu insanlar davamlı şəkildə qan xidmətinə dəstək verirlər. Bu yaxınlarda Milli Məclisdə də qanvermə aksiyası keçirildi. Sağlamlıq vəziyyəti imkan verən deputatlar aksiyada iştirak etdilər. Hərbi hissələrdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Onlar özləri bizi dəvət edirlər. Böyük təşkilatlar, holdinqlər də bu prosesdə fəal iştirak edir. Burada konkret ad çəkmək doğru olmaz, çünki donorluq könüllülük prinsipi əsasında həyata keçirilir. Bizim üçün əsas məsələ insanlarda bu mədəniyyətin formalaşmasıdır. Elə xəstə qrupları var ki, onların həyatı birbaşa donor qanından asılıdır. Bəzi xəstələr həftədə ən azı 1-2 dəfə transfuziya alırlar. Onları təmin etmək dövlətimizin, səhiyyə sistemimizin və bizim borcumuzdur. Qan Bankında fəaliyyət ardıcıllıq və davamlılıq prinsipi ilə qurulub. Donorun qəbulundan başlayaraq qan və qan komponentlərinin emalı, saxlanılması və tibb müəssisələrinə buraxılmasına qədər bütün proses zəncirvari şəkildə təşkil olunur. Sistem maksimum dərəcədə elektronlaşdırılır ki, insan faktoru minimuma endirilsin və qan komponentlərinin təhlükəsiz şəkildə tədarükü təmin edilsin.
- Xarici ölkələrlə müqayisədə Azərbaycan donor sistemi hansı sahələrdə geri qalır və könüllü donor mədəniyyətinin tam formalaşmasına ən böyük maneə nədir?
- Mən düşünürəm ki, bir sıra istiqamətlərdə üstünlüklərimiz var. Texnologiya baxımından Azərbaycanda qan və qan komponentlərinin tədarükü, emalı və virus təhlükəsizliyi Avropa ölkələrində tətbiq olunan prinsiplərlə eynidir. Bu yaxınlarda İtaliyadan gələn mütəxəssislər gördüyümüz işlərlə tanış oldular və Azərbaycanda bu səviyyədə işlərin həyata keçirildiyini gözləmədiklərini bildirdilər. Texnologiya olaraq eyni sistemlər tətbiq edilir. Hətta bəzi sahələrdə daha müasir həllərdən istifadə olunur. Dünya qan banklarının əsas problemlərindən biri donor cəlb etməkdir. Şükürlər olsun ki, Azərbaycanda bu sahədə ciddi problem yaşamırıq. Xalqımızın milli-mənəvi dəyərləri, dini dəyərlərimiz, bir-birinə dəstək olmaq və paylaşmaq ənənəsi bu sahədə özünü aydın göstərir. Gələcəkdə davamlı donorlar üçün müəyyən imtiyazların verilməsi yaxşı olardı. Bu, donor mədəniyyətinin daha da genişlənməsinə kömək edə bilər. Məsələn, donor olan şəxsə bir günlük iş icazəsinin verilməsi motivasiya baxımından əhəmiyyətlidir. Türk Kızılay nümayəndələri ilə görüşdə bu təcrübədən danışanda onlar bunu yüksək qiymətləndirdilər. Biz donorları sadəcə qan verən şəxs kimi deyil, sistemin bir parçası kimi görürük. Onlar bizim üçün xidmət göstərdiyimiz insanlardır. Mərkəzimiz onlar üçün doğma bir yerə çevrilib. Tədbirlərimizə onları dəvət edirik, ehtiyac yarandıqda özləri və yaxınları da bizə müraciət edirlər. Mən deyərdim ki, aramızda qarşılıqlı etimad və doğmalıq formalaşıb.
- Sizcə gələcəkdə “məcburi donor tapmaq” praktikası tamamilə aradan qalxa bilərmi?
- Bu gün həm Azərbaycanda, həm də əksər Avropa ölkələrində aparılan təcrübə göstərir ki, fərdi donor deyil, sistemin donoru olmaq daha düzgün yanaşmadır. Bu, həm donor anonimliyini, həm də şəxsi məlumatların qorunmasını təmin edir. Mən düşünmürəm ki, könüllü donorluq nə vaxtsa öz aktuallığını itirə bilər. Əksinə, cəmiyyət o zaman daha sağlam inkişaf edir ki, insanlar bir-birinə yardım etməyə hazır olsunlar. Azərbaycanda da, dünyanın əksər ölkələrində də donorluq könüllülük prinsipi ilə həyata keçirilir. Əlbəttə, insan öz yaxını üçün qan vermək istəyə bilər. Amma verilən qan təkcə həmin şəxsə deyil, ehtiyacı olan digər insanlara da yardım edə bilər. Bunun kökündə duran əsas məsələ qanın əvəzolunmazlığıdır. Qanı heç nə ilə əvəz etmək mümkün deyil.
- Donor olmaq üçün müraciət edib son anda fikrindən daşınan insanlar çox olurmu və bunun əsas səbəbi daha çox psixoloji qorxu ilə bağlıdır, yoxsa sağlamlıq narahatlığı ilə?
- Bəzən belə hallar olur və zənnimcə, əsas səbəb məlumatsızlıqdır. Bəzi insanlar qan görəndə, bəziləri iynədən qorxur. Bəzən də yaxınları onlara qan verməyin zərərli olduğunu deyirlər. Bu hallar donorların çox kiçik bir hissəsini əhatə edir. Belə insanlarla söhbət aparılır, prosesin sadə, təhlükəsiz və ağrısız olduğu izah edilir. Uzun illər bu sahədə çalışan həkimlərimiz var. Onlar donorlarla psixoloji baxımdan da düzgün ünsiyyət qurur, narahatlıqlarını aradan qaldırırlar.
- Uzun illər bu sahədə çalışan biri kimi sizi ən çox təsirləndirən və unutmadığınız hadisə hansı olub?
- Məni ən çox təsirləndirən hadisə 44 günlük Vətən müharibəsi dövründə müşahidə etdiyimiz böyük donor izdihamı idi. İnsanlar cəbhə bölgəsində olmasalar belə, qan verməklə öz dəstəklərini göstərmək istəyirdilər. Bu, çox təsirli mənzərə idi. Arzumuz odur ki, bundan sonra həmişə sülh və əmin-amanlıq olsun. Mənim uşaqlıq dövrüm Birinci Qarabağ müharibəsinə təsadüf edib. O zaman təxminən 12-13 yaşım var idi. İkinci Qarabağ müharibəsində isə xalqın və dövlətin necə birləşdiyini gördük. Xalq Prezidentin ətrafında birləşdi, hər kəs bir-birinə dəstək oldu. Bu gün biz çalışırıq ki, digər sahələrdə olduğu kimi, qan xidməti də Qarabağda və ölkəmizin bütün bölgələrində vətəndaşın yanında olsun. Gələcəkdə iki yeni qan bankının açılması istiqamətində işlər aparılır. Onlardan biri Şərqi Zəngəzur iqtisadi rayonunda, digəri isə Qarabağda fəaliyyət göstərəcək. Biri Laçında, digəri Ağdamda nəzərdə tutulur. Əsas odur ki, bu işə həvəslə yanaşasan. Doğuş zamanı ağır qanaxma keçirən bir ananı qanla təmin edib həyatını xilas edə bilmək ən böyük mənəvi dəyərdir. Ən böyük kapital insan kapitalıdır. İnsana qoyulan sərmayədən daha dəyərli heç nə yoxdur.