Pandemiyadan sonra dünyada sürətlə yayılan distant iş modeli Azərbaycanda da qanunvericilikdə tanınsa da, bu format üzrə daha detallı qaydaların yaradılmasına ehtiyac olub-olmaması müzakirə mövzusu olaraq qalır. Xüsusilə iş saatlarının tənzimlənməsi, texniki təminat, məlumat təhlükəsizliyi və işçi hüquqlarının qorunması məsələləri yeni əmək münasibətləri fonunda aktuallaşıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, distant iş modeli xüsusilə pandemiyadan sonra daha açıq şəkildə gündəmə gəlib:
“Pandemiyadan sonra bir çox müəssisələr distant iş üsulundan istifadə etməyə başladı. Hətta mövcud qanunvericilik tam formalaşmasa da, reallıq bunu tələb edirdi. Dünyada gördük ki, iri ofislər saxlayan şirkətlər daha kiçik məkanlara keçməyə başladı. Bu həm iqtisadi baxımdan sərfəli idi, həm də işin təşkilində yeni yanaşma yaratdı”.

Deputat qeyd edib ki, Azərbaycanda da bir sıra müəssisələr artıq bu modeldən istifadə edir və sistem müəyyən effektivlik nümayiş etdirib:
“Bu modeldə işçi daim ofisdə olmur, elektron vasitələrlə işləyir, hesabatları hazırlayır və iş prosesini məsafədən idarə edir. Amma burada həllini gözləyən suallar da var. Məsələn, iş vaxtının uçotu necə aparılacaq? Əməyin mühafizəsi necə təmin ediləcək? İşçi evdə işləyirsə, avadanlıq xərclərini kim qarşılayacaq?”
Elşad Musayevin sözlərinə görə, məlumat təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı kimi məsələlər də ayrıca diqqət tələb edir:
“Şirkət məlumatlarının qorunması, şəxsi həyatın toxunulmazlığı və digər hüquqi məsələlər müxtəlif ölkələrdə artıq tənzimlənib. Avropa ölkələrində hətta iş saatından sonra işçiyə yazılan mesajlara cavab verməmək hüququ ayrıca norma kimi qəbul olunub”.
Deputat hesab edir ki, Azərbaycan qanunvericiliyində də distant işlə bağlı müəyyən dəqiqləşdirmələrə ehtiyac var:
“Bizdə uzaqdan işləmə qadağan deyil və müəyyən normalar mövcuddur. Amma bir sıra məsələlər var ki, onları daha dəqiq tənzimləmək lazımdır. Hesab edirəm ki, zamanla distant işlə bağlı qanunvericilikdə əlavələr və dəqiqləşdirmələr olacaq”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, distant iş sahəsində həddindən artıq sərt tənzimləmələr düzgün yanaşma olmaz:
“Məncə, bunu çox sərt qaydalara bağlamağa ehtiyac yoxdur. Burada əsas məsələ işəgötürənlə işçi arasındakı münasibətlərdir. Dövlətin əsas vəzifəsi işçinin hüquqlarının pozulmamasını təmin etməkdir”.
İqtisadçı bildirib ki, əsas diqqət müqavilə azadlıqlarının genişləndirilməsinə yönəlməlidir:
“Aşırı tənzimləmə və nəzarət mexanizmləri yaradılarsa, bu, əlavə problemlər, hətta korrupsiya riskləri yarada bilər. Ona görə də əsas məsələ işçi hüquqlarının qorunması və müqavilə mexanizmlərinin düzgün qurulmasıdır”.
Natiq Cəfərli əlavə edib ki, distant iş daha çox özəl sektorda tətbiq olunacaq:
“Polis, ordu, müəllim və ya həkim kimi peşələrdə bu model tam tətbiq edilə bilməz. Əsas tətbiq sahəsi özəl sektordur. Əgər işçi öz işini görürsə və işəgötürən bundan razıdırsa, burada əsas məsələ hüquqların qorunmasıdır”.