Modern.az

“3+3” formatında Tehran görüşü Azərbaycana nə verdi...

“3+3” formatında Tehran görüşü Azərbaycana nə verdi...

Analitika

24 Oktyabr 2023, 13:52

Ötən gün Tehranda Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə "3+3" formatında görüş keçirilib. Görüşdə Cənubi Qafqaz regionunun problemləri, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, siyasi, iqtisadi, təhlükəsizlik, tranzit və enerji sahələrində regional əməkdaşlığın genişləndirilməsinin zəruriliyi müzakirə olunub.


Bəs dünənki görüş necə dəyərləndirliməlidir, Azərbaycan Tehran iclasından nə əldə etdi?


Milli Məclisin komitə sədri Musa Quliyev Modern.az-a açıqlamasında Tehran görüşünü olduqca əhəmiyyətli hesab edib:
 

“Görüşün siyasi, iqtisadi, eləcə də diplomatik əməkdaşlığın möhkəmlənməsi baxımından olduqca böyük əhəmiyyəti vardır. Bölgə dövlətlərinin toplaşıb problemləri həll etmək istəmələri postmüharibə dövründə bir ilkdir. Növbəti belə görüşün Türkiyədə keçiriləcəyi bildirilib. Tehran iclası regional dövlətlər tərəfindən bəzi məsələlərin həlli baxımından dünyaya bir mesaj oldur.
Azərbaycan Prezidenti dəfələrlə məsələlərin elə regional səviyyədə həll edilməsinin vacibliyini bildirib. Uzaq Qərb dövlətlərinin mövcud məsələlərdə iştirakı və şübhəli maraqlarına heç bir ehtiyac yoxdur. Digər tərəfdən, "3+3" formatının fəaliyyətə başlaması özünün siyasi-iqtisadi maraqlarını təmin etmək məqsədilə Qafqaz bölgəsinə soxulmaq istəyən Fransanın önünü kəsmiş olur. Fransa son zamanlar açıq-aşkar ermənipərəst siyasət yerirdir. Bu ölkə Ermənistanı silahlanmağa təhrik edir. Nəticədə bölgədə sülhə və əməkdaşlığa ciddi təhlükə yaranır”.

M.Quliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının vacibliyinin anlaşıldığını söyləyib:
 

“Üçtərəfli formatda çıxış edən XİN başçıları bölgənin əsas problemindən danışdılar. Sülh, dayanıqlı inkişaf və əməkdaşlığın əsas məsələlər olduğunu söylədilər. Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərpa olunması, sərhədlərin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya prosesinə başlanılması Tehran görüşünün əsas müddəalarındandır. İstər Rusiya, istərsə də Azərbaycan XİN başçılarının bəyanatları, eləcə də Türkiyənin mövqeyi göstərdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə imzalanması zəruridir. Bu, təkcə Azərbaycan və Ermənistana lazım deyil, bölgə ölkələrinin hamısının inkişafı və əməkdaşlığına gərək olan bir məsələdir. Bölgədə iqtisadi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması və bu xüsusda Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması vacibdir. Əsasən də Azərbaycanın Naxçıvan üzərindən Türkiyəyə dəmiryolu və nəqliyyat vasitəsilə çıxışının bərpa olunması, eyni zamanda, Ermənistanın da bu nəqliyyat infrastrukturundan istifadə imkanın reallaşması baxımından görüşün böyük əhəmiyyəti vardır. Şübhəsiz ki, bölgə dövlətlərinin hamısı sülhdə maraqlıdır. Bu sülhün də əsasında beynəlxalq hüquq normaları dayanmalıdır. Dünənki görüşdə açıq-aşkar bildirildi ki, region dövlətləri ərazi bütövlüyü prinsipinə söykənərək sülh müqaviləsinin imzalanmasında maraqlıdır”.
 

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev də "3+3" formatı çərçivəsində XİN başçılarının Tehranda görüşməsini region üçün çox önəmli hadisə kimi qiymətləndirib:
 

“XİN başçılarının müavinləri səviyyəsində görüş olanda sözügedən formatın uğurlu olmayacağını söyləyən ekspertlər vardı. Nəhayət bu gün region dövlətləri də anlamağa başlayıb ki, bölgə problemlərini özləri həll edəcəyi təqdirdə kənar güclərin buraya müdaxiləsinin qarşısını almaq olar. Bu həm də inam görüşü idi. Dünənki toplantı digər strukturlar üzrə də bu formatda görüşlərin baş tutmasına gətirib çıxaracaq. Müsbət hal ondan ibarətdir ki, dünən regional təhlükəsizlik məsələləri müzakirə olunurdu. Mühüm məsələlərdən biri də Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır. Bunun üçün Ermənistanın müstəqil qərar verməsi və mövcud reallıqları dərk edərək Azərbaycanla sülh müqaviləsi imzalaması vacibdir. Ancaq təəssüf ki, bir yandan Ermənistan XİN başçısı "3+3" formatında işitrak edir, digər yandan da müdafiə naziri Fransada bu ölkədən silah alınması ilə bağlı danışıqlar aparır. Yəni Ermənistan öz riyakalığından hələ də əl çəkmir. Eyni zamanda kommunikasiyaların açılması, yükdaşımaların təhlükəsiz şəkildə həyata keçirilməsi  və Zəngəzur dəhlizi məsələsi gündəmə gətirildi. Ən əsası, İran anladı ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı layihəsi onun Ermənistanla sərhədlərinin bağlanmasına gətirib çıxarmayacaq. Bu baxımdan Azərbaycan ilk növbədə İran ərazisindən Naxçıvanı Azərbauycana birləşdirən körpülərin təməlqoymasını həyata keçirdi”.

Deputat İsrail-Fələstin münaqişəsi fonunda region dövlətlərinin birgə hərəkətinin daha əhəmiyyətli xarakter daşıdığını qeyd edib:
 

“Rusiya və İranın da Ermənistanla bağlı müəyyən narahatlıqları var. Ermənistaınn aktiv şəkildə Qərbə meyillənərək Rusiyadan üz çevirməsi yeni münaqişələrə gətirib çıxara bilər. Ermənistanın bu hərəkətlərini Rusiyanın bağışlamayacağı da hər kəsə bəllidir. "3+3" formatında keçirilən görüş Ermənistanı özünə qaytarmağa şans kimi dəyərləndirilməlidir. Bu görüş dinc şəraitdə keçirildi. Eyni zamanda, ikili formatda da görüşlər baş tutub. Azərbaycanın öz mövqeyini açıq şəkildə bildirməsi və müdafiə etməsi, düşünürəm ki, Ermənistan üçün də dərs olmalıdır. Ermənistan da açıq oynamalıdır. Regionda təhlükəsizlik tədbirlərinin keçirilməsinə Ermənistan da öz töhfələrini verməlidir.

Bu formatda toplantılar davamlı xarakter daşıyacağı təqdirdə ölkə rəhbərləri səviyyəsində görüşlər baş tutacaq. Kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsinə və burada öz maraqlarını təmin etməyə region dövlətləri imkan verməyəcək. Region dövlətləri zamanla səsləndirilən təhdidləri bu gün anlayıb. İsrail-Fələstin münaqişəsinin regionumuza qədər sıçraya biləcəyini nəzərə alsaq, onda bölgə dövlətlərinin birgə hərəkətinin əhəmiyyətli olduğunu qeyd edə bilərik”.
 

Politoloq Natiq Miri isə "3+3" platformasının hələlik oturuşmuş sistem olmadığını vurğulayıb:
 

“Platformanı işlək mexanizmə çevirmək üçün hər bir dövlətin bütün sahələr üzrə mövqeyi, problemləri səsləndirilməli, sonra bunlar hamısı koordinasiya olunmalı və ortaq maraqlar tapılmalıdır. Burada bütün ölkələrin maraqları uyğunlaşdırılmalıdır. Yəni dünənki görüşdən ciddi siyasi, iqtisadi nəticələr gözləmək doğru deyil.

Sadəcə olaraq, hər kəs öz dövlətinin mövqeyini, baxışını səsləndirdi. Əgər bu platforma bütün dövlətlər tərəfindən işlək qurum kimi qəbul edilərsə, düşünürəm ki, belə bir fəaliyyət mexanizmləri hazırlanacaq.

Növbəti görüş qardaş Türkiyədə keçiriləcək. Koordinasiya işləri də tədricən Türkiyə diplomatlarına tapşırıldı. Yalnız bundan sonra ciddi fəaliyyətlərdən söhbət etmək mümkün olacaq. Görüş 2024-cü ilin əvvəlinə nəzərdə tutulub. Ona görə də, ötən gün keçirilən görüşdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı konkret nəticələr çıxacağı nı söyləmək yanlışdı. Sadəcə olaraq, gələcəkdə ciddi regional problemlərin həlli üçün mütləq mənada işlək mexanizmə çevriləcək platformanın hazırlanmasına ehtiyac var ki, hələlik bu proses gedir.

Dünənki görüşdə nə olmalıydısa, düşünürəm ki, o da olub. Sadəcə olaraq, İran dünən bir daha nümayiş etdirdi ki, "3+3" formatına qarşı deyil, əksinə, onun tərkibi hissəsi olmaqda maraqlıdır. İran bu günə qədər sərgilədiyi əngəlləyici rolunun onun geosiyasi məqsədlərinə xidmət etmədiyini anladı. Çünki bu, İranın da istəmədiyi kənar qüvvələrin regiona müdaxiləsinə yol açır. Fransanın təhriki ilə Ermənistan bu məsələlərdə həlledici işirak etmirdi. Hiss olunur ki, Ermənistan da bu prosesin tərkibi hissəsi olmağa qərar verib. Bu da bütün regional problemlərin elə regional səviyyədə həllinə yol açır. Müsbət olan da elə budur”.

Politoloq düşünüt ki, Gürcüstanı da bu platformaya qoşulmağa təhrik etmək vacibdir:


“Məsələlər regional səviyyədə həll olunmasa, qlobal güclər süni təxribatlar, problemlər yaradacaq, sonra da prosesə müdaxilə imkanı qazanacaqlar. Hər zaman belə olub. Bunun qarşısını almaq üçün işlək mexanizmin yaradılmasına ehtiyac var. Bu platforma Azərbaycanla qardaş Türkiyənin birgə təşəbbüsü ilə ortaya qoyulub. Zamanında bu platformanın işlək olmasına imkan vermədilər. Geosiyasi maraqlar bu prosesi irəli aparmağa mane oldu. Sonradan baş verən hadisələr, yeni reallıqlar, regionda geosiyasi çatışma bölgə dövlətlərinin bəzilərinə bunun yeganə, qaçılmaz variant olduğunu anlatdı. Ona görə də, bu görüşü hər bir halda müsbət qəbul etmək lazımdır. Türkiyədə keçiriləcək görüşə qədər Gürcüstan da bu platformaya qoşula bilər. Gürcüstan Rusiyanın onun ərazilərini işğal etdiyinə görə bu prosesə qoşulmaq istəmir. Düşünürəm ki, buna görə Gürcüstan dövlətini inandırmağa ehtiyac var. Azərbaycan və Türkiyə əlini daşın altına qoyub Gürcüstanı prosesə qoşulmağa təhrik edə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir