Modern.az

İsrailin “ikinci müstəqillik müharibəsi” - Tanklar Qəzzaya göndərildi

İsrailin “ikinci müstəqillik müharibəsi” - Tanklar Qəzzaya göndərildi

Analitika

30 Oktyabr 2023, 09:00

Bu gün səhər saatlarında İsrail ordusu Qəzzanın şimal hisslərinə zərbələr endirməyə davam edib. Yerli mətbuat İsrail tanklarının Qəzza ərazisinə daxil olduğunu bildirir.

 

Modern.az yerli rəsmilərə və xarici mətbuata istinadən bölgədəki ən son vəziyyəti təqdim edir.

 

Fələstin mətbuatı İsrailin Qəzzaya zərbələr endirdiyini, anklavın cənubundakı Xan Yunis şəhərinin şərqindəki sərhəd bölgəsində HƏMAS silahlılarının İsrail qüvvələri ilə toqquşduğunu bildirir.

 

İsrail Fələstin anklavının qərb sahilində döyüş tanklarının görüntülərini yayıb. İnternetdə yayımlanan bəzi şəkillər də İsrail əsgərlərinin Qəzzanın dərinliklərində İsrail bayrağını dalğalandırdığını göstərir.

 

İsrail genişmiqyaslı quru əməliyyatına başladığını rəsmən elan etməyib, ancaq tanklarla Qəzza ərazisinə girdiyi barədə xəbərlər yayılıb. HƏMAS buna cavab olaraq bölgədə quru əməliyyatına başladığını elan edib. İsrail ordusu Qəzza zolağında tamhüquqlu quru əməliyyatını inkar edir və bunu əməliyyatın genişləndirilməsi adlandırır.

 

“The New York Times” qəzetinin yazdığına görə, İsrail Qəzza zolağına genişmiqyaslı müdaxilədən çəkinmək qərarına gəlib və qoşunların anklav ərazisinə daxil olmasının ilkin mərhələsində məhdud quru əməliyyatları həyata keçirir. Bir sıra Qərb KİV-ləri İsrailin genişmiqyaslı quru əməliyyatları əvəzinə bu taktikadan istifadə etdiyini bildirir.

 

Baş nazir Benjamin Netanyahu deyib ki, İsrail ordusunun HƏMAS-a qarşı müharibəsinin ikinci mərhələsi başlayıb. O qeyd edib ki, müharibənin ikinci mərhələsinin məqsədi HƏMAS-ın infrastrukturunu məhv etmək və girovları azad etməkdir. O, HƏMAS-la münaqişəni İsrailin “ikinci müstəqillik müharibəsi” adlandırıb.

 

"Bloomberg" agentliyi bir neçə rəsmiyə istinadən yazıb ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına qurudan müdaxiləsi altı həftədən altı aya qədər davam edəcək. Agentliyin həmsöhbətləri iddia edirlər ki, əməliyyatıb məqsədi HƏMAS hərəkatını bir təşkilat olaraq məhv etməkdir. İsrailin müttəfiqləri, o cümlədən ABŞ Təl-Əvivdən əməliyyatın məqsədlərini daha aydın şəkildə formalaşdırmasını istəyir.

 

İsrail təhlükəsizlik rəsmilərinin sözlərinə görə, əməliyyatın digər məqsədi oktyabrın 7-də İsrailə hücumda iştirak edən bütün Həmas liderlərini öldürməkdir. İddialara görə, İsrailin planlarına təkrar hücumun qarşısını almaq üçün Qəzza zolağında bufer zonanın yaradılması da daxildir.

 

Qəzzada zolağında humanitar vəziyyət çətin olaraq qalır. Bazar günü ən böyük humanitar yardım karvanı - 33 yük maşını Qəzza zolağına daxil olub. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, Rəfah sərhəd keçid məntəqəsindən daxil olan 33 yük maşını Qəzza zolağının sakinlərinə ərzaq, su və dərman gətirib. Oktyabrın 21-də tədarükün bərpasından sonra Qəzzaya ümumilikdə 117 yük maşını göndərilib.

 

AFP agentliyi adının açıqlanmasını istəməyən ABŞ nümayəndəsinə istinadən bildirir ki, Vaşinqton İsrailin hər gün Qəzzaya 100 TIR humanitar yardımın keçməsinə icazə verəcəyini vəd etdiyini bildirir.

 

Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında danışıqlar bazar günü də davam edib, danışıqlar barədə "Reuters"ə məlumat verən mənbə girovların mümkün azad edilməsi ilə bağlı müzakirələr aparıldığını bildirir. HƏMAS bütün mülki girovların azad edilməsi müqabilində Qəzza zolağına yardım və yanacaq göndərilməsi üçün İsrailin əməliyyatlarına beş günlük humanitar fasilə verilməsini istəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı