Modern.az

Lemkin İnstitutunun Azərbaycana qarşı iddiası - məqsəd nədir? - ŞƏRH

Lemkin İnstitutunun Azərbaycana qarşı iddiası - məqsəd nədir? - ŞƏRH

Analitika

2 Noyabr 2023, 10:58

ABŞ-ın Lemkin İnstitutu “qırmızı bayraq” xəbərdarlığında iddia edib ki, “Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistanın cənubunu ələ keçirə bilər”.
 

Qeyd edək ki, Qarabağda erməni separatizminin ləğvindən sonra Qərb mediasında Azərbaycana qarşı kampaniya xeyli güclənib.

Modern.az xəbər verir ki, Lemkin İnstitutunun erməni diasporu/lobbisi ilə sıx əlaqələri fonunda belə bir iddia o qədər də təəccüblü görünmür.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, bu məsələdə iki məqam xüsusilə diqqət çəkir:

“Birincisi, konkret zamanın göstərilməsi – yaxın günlər, yaxud həftələr;
İkincisi, ötən il də eyni “qırmızı bayraq” xəbərdarlığının edilməsi”.

Ekspert xatırladıb ki, 2022-ci ilin avqustunda Limkin İnstututu Azərbaycanın Qarabağda və sərhəddə hücuma keçəcəyi iddiasını irəli sürmüşdü.

“Ötən il sentyabrın 12-də erməni təxribatına görə sərhəddə şiddətli döyüşlər baş verdi və Ermənistan hərbi müstəvidə ağır itkilərlə üzləşsə də, siyasi müstəvidə istədiyinə müəyyən qədər nail oldu: “Azərbaycanı hücum edən tərəf” kimi göstərməklə Qərb cəbhəsini öz ətrafına cəmlədi; Rusiya və KTMT-yə qarşı “etibarsız təhlükəsizlik müttəfiqi” arqumentlər əldə etdi.
Və ən əsası Avropa İttifaqının missiyasının bölgəyə yerləşdirilməsi zərurəti formalaşdırıldı. Sentyabr döyüşlərindən sonra dörtərəfli Praqa görüşündə (6 oktyabr) missiyanın sərhədin Ermənistan hissəsində fəaliyyətə başlaması qərarı qəbul olundu. Fəaliyyət müddəti iki ay nəzərdə tutulan missiyanın zamanı daha sonra uzadıldı”.

A.Nərimanlı bildirib ki, 1 il sonra bölgədə yaranan yeni vəziyyətdə eyni ssenarinin yenidən tətbiq edildiyi müşahidə olunur:


“- Ermənistan “təhlükəsizlik müttəfiqlərini” – Rusiya və KTMT-ni əvəzləmək niyyətini dilə gətirir;

- Fransa Ermənistanı silahlandırır və “təhlükəsizlik çətiri” olmaqda Rusiyanı əvəzləmək istəyir;

- Avropa İttifaqının Ermənistandakı missiyasının üzvlərinin sayının artırılması qərarı verilib və bu, sülh danışıqlarının ön plana çıxması, eskalasiya riskinin aşağı olması fonunda baş verir;

Və ötən ilin sentyabr döyüşlərindən öncə Azərbaycan üçün elan edilən “qırmızı bayraq” xəbərdarlığı yenidən təkrarlanır, Qərb mediasında “Ermənistanın işğalı” iddiası kütləvi kampaniyaya çevrilir”.

Ekspert deyir ki, bu situasiya sərhəddə erməni təxribatına hazırlığın getdiyi ehtimalını gücləndirir və “Azərbaycanın müdaxiləsi” haqda iddialarla ictimai rəyi formalaşdırmaq, “alibi” yaratmaq gedişi edildiyi görünür.

“Mümkün eskalasiya ssenarisinə təkcə Azərbaycan-Ermənistan kontekstində yox, həm də dəhlizlər uğrunda mübarizədə Qafqaz cəbhəsinin açılması kimi də baxmaq olar”.


“Atlas” Araşdırmalafr Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyir ki, Azərbaycanın Ermənistan ərazisinə hücumu barədə iddialar cəfəngiyyatdır:

“Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatından bu yana Ermənistanla sərhəddə sakitlikdir. Yəni 19 sentyabr tarixindən bu yana iki ölkə arasındakı sərhəddə ciddi insident yaşanmayıb. Buna baxmayaraq, Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını atırmağa qərar verib. Sərhəddə sakitlik bərqərar olubsa, Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir? Aydın olur ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur, çünki Azərbaycan Ordusunun Ermənistana hücum etmək planı yoxdur, bunu Brüssel də bilir, strateji yüksəkliklər nəzarətimizdədir və bu bizə kifayətdir. Avropa İttifaqı sadəcə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirib. Kremlin versiyasına görə, Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədi Rusiyanın Ermənistandakı hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır. Bunun bizə aiddiyatı yoxdur, Ermənistanın problemidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir