Modern.az

CHP-də qurultay: Kılıçdaroğlu yenidən seçiləcək, yoxsa... - TƏHLİL

CHP-də qurultay: Kılıçdaroğlu yenidən seçiləcək, yoxsa... - TƏHLİL

Analitika

3 Noyabr 2023, 17:00

Məlum olduğu kimi, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) 4-5 noyabr tarixlərində növbəti - 38-ci qurultayını keçirəcək. CHP bu qurultayda yeni sədrini və partiyanın rəhbər orqanlarını seçməyə hazırlaşır. Partiyanın məğlubiyyətlə geridə qoyduğu son prezident və parlament seçkiləri ilə gələn il keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri arasında baş tutacaq bu qurultay partiya fəalları tərəfindən kritik dərəcədə önəm daşıyan siyasi tədbir kimi qiymətləndirilir.

 

Təsadüfi deyil ki, son seçkilərdən qurultayın baş tutacağı günə qədər dəyişiklik müzakirələri səngiməyib. Hətta partiya daxilində "değişimciler" adlandırılan cərəyan da ortaya çıxıb. Əvvəlcə onu qeyd edək ki, 9 sentyabr 1923-cü ildə qurulan və ilk qurultayı kimi Sivas Konqresinin keçirildiyi tarixi götürən Cümhuriyyət Xalq Partiyası 100 illik siyasi həyatında 19-u növbədənkənar olmaqla ümumilikdə 56 qurultay keçirib.

 

Demək olar ki, hər qurultaya “yenilənmə” müzakirələri ilə gedən partiyada daxili demokratiyanın siyasi mexanizm kimi çalışdığını göstərən nümunələr kifayət qədərdir. CHP indiyədək 7 dəfə sədr dəyişib. İlk partiya sədri Mustafa Kamal Atatürk olub. Daha sonra İsmet İnönü, Bülent Ecevit, Hikmet Çetin, Altan Öymen, Deniz Baykal və Kamal Kılıçdaroğlu sədr seçilib. Bu qurultay da yeni sədrin seçiləcəyi qurultay kimi tarixə düşə bilər. Bununla belə, Kılıçdaroğlunun yenidən qalib gələcəyini düşünənlər də az deyil.

 

Bir müddət əvvəl 100 yaşını qeyd edən CHP-nin Ankaradakı İdman Salonunda baş tutacaq qurultayının şüarı kimi "İkinci Yüzillikdə Demokratiya və Birlik" seçilib. Hazırkı partiya sədrinin əsas rəqibi "değişimciler"in namizədi Özgür Özeldir. Bununla belə, daha iki namizəd - Partiya Məclisinin üzvü olmuş, alim Örsan Kunter Öymen ve keçmiş deputat İlhan Cihaner var. Özel CHP-nin parlament fraksiyasının rəhbərliyində təmsil olunan əsas funksionerlərdən biri kimi tanınır.

 

Natiqlik qabiliyyəti ilə seçilən Özel ixtisasca əczaçıdır və əvvəllər doğulduğu Bursada əczaçıların həmkarlar ittifaqına rəhbərlik edib. Kılıçdaroğlunun komandasında təmsil olunmasına və ona ən yaxın kadrlardan biri hesab olunmasına, son seçkilərdəki məğlubiyyətə görə mənəvi-siyasi məsuliyyətdə pay sahibi kimi qəbul edilməsinə baxmayaraq Özgür Özel "değişimciler" kəsiminin liderinə çevrildi. Seçkidən sonra Kılıçdaroğlunu tənqid etməyə başlayan siyasətçi nəzakətli üslubunu qoruyaraq rəqibinin tərəfdarları arasında da simpatiya qazana bilib.

 

O, əsas tənqidi tezisini məğlubiyyətin səbəbləri ətrafında yox, uduzmağı qəbullanmamaq ətrafında qurub.  Belə ki, Özel partiya rəhbərliyinin "seçkidə məğlub olmamışıq, sadəcə qazana bilmədik" yanaşmasını yanlış hesab etdiyini dəfələrlə bəyan edib. Sədrliyə namizəd CHP rəhbərliyinin 48 faiz səs toplamağın, seçilərin yarısına yaxınının rəğbətini qazanmağın böyük uğur olması barədə fikirlərini qəbul etmir.

 

 

Bununla belə, yuxarıda qeyd olunduğu kimi, Özel məğlubiyyətin səbəblərini, uğursuzluğun kökündə hansı faktorların durduğunu təftiş etməyə həvəsli görünmür. Onun seçki kampaniyasını aparan komandanın üzvü kimi bu mövzuda tutarlı və əsaslı arqumentləri mətbuat səhifələrində özünə yer tapmayıb. Həqiqətən də bu məsələdə Kılıçdaroğlunun mahiyyəti üzrə tənqid edilməsinə çox az rast gəlinir. CHP seçki dövründə 50%+1 səsi almaq üçün sağ partiyalarla ittifaqa getməkdən tutmuş mühafizəkar elektoratın rəyi ilə hesablaşmağa qədər siyasi kursunda reviziyalara getdi.

 

Lakin seçicilər arzuladıqları xüsusiyyətlərə malik sağçı lider obrazının əsli - Ərdoğan dura-dura Kılıçdaroğluna səs vermədilər. CHP-nin ənənəvi seçici kütləsi olan sol təmayüllü, Atatürkçü və sekulyar kəsimə söykənərək təkbaşına 50%+1 səs toplamağın mümkünsüzlüyü isə Türkiyənin sosioloji gerçəkliyidir. Bu baxımdan "Kılıçdaroğlu nəyi səhv etdi?", "CHP niyə qalib gələ bilmədi?" sualları ətrafında substantiv tənqidlər Özgür Özelin platformasında gözə dəymir.

 

2 gün davam edəcək qurultaya qayıtsaq, partiya 4 noyabrda sədri, 5 noyabrda isə Məclis və Ali Disiplin Komissiyasını seçəcək. Ötən il keçirilməsi nəzərdə tutulmuş qurultay pandemiya və mümkün erkən seçkilər səbəbindən ertələnmişdi. Türkiyənin seçki qanunvericiliyinə əsasən, partiyalar maksimum 1 il müddətinə olmaqla, qurultaylarını ertələyə bilərlər. Partiya sədri, Məclis və Disiplin Komissiyasının üzvləri avtomatik qurultay iştirakçısı hesab olunurlar.

 

Digər nümayəndələr isə partiyanın yerli təşkilatları tərəfindən seçilirlər. CHP-də 168 avtomatik qurultay iştirakçısı, 1200 seçilmiş nümayəndə olmaqla, 1368 partiya üzvünün qurultayda səs hüququ var. Yetərsay 684-dür. Partiyanın 55 yerli təşkilatının sədri, eləcə də 95 depuat Kemal Kılıçdaroğlunu dəstəklədiklərini elan edib. Özeli dəstəkləyənlər də az deyil. Ümumiyyətlə, sədrliyə namizədliyini irəli sürmək üçün qurultayda səs hüququ olan partiya üzvlərinin 5 faizindən imza toplamaq lazımdır.

 

Bununla belə, hansısa namizədə imza vermək qurultay zamanı ona səs vermək öhdəliyi yaratmır. Yaxud qurultay nümayəndəsi imzatoplamada dəstəkləmədiyi namizədə seçkidə səs verə bilər. CHP-nin qurultayına İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu başçılıq edəcək. O, tərəfsizliyini qorumaq üçün nümayişkəranə surətdə heç bir namizədə imza dəstəyi göstərməyib. İndiyə qədər həm Kılıçdaroğlunun, həm də Özelin tərəfdarları dəstəklədikləri namizədin qələbə çalacağından əmindir.

 

Kimin qalib gələcəyi isə sabah - qurultayın ilk günü bəlli olacaq...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı