
Namidə Bingöl
İndi sənətinin başına keçib sənətkarlıq edənlər azalıb. Ağıllarında qurub yaratdıqları “inciləri” dürr kimi cəmiyyətin üzünə “çırpmaqla” müvəqqəti “qəhrəmana” çevrilməyi özləri üçün fədakarlıq hesab edirlər. İndi gündəmdə qalmaq üçün oyun havaları da dəyişib.
Həftənin hesabatını təqdim edirəm.Müxalifətdəki qardaşlar
Azərbaycan siyasi arenasında qərarlaşan müxalifət müəyyən dönəmlərdə aktiv siyasi fəaliyyətlə məşğul oldu. Lakin bu da bir yerə qədər. Müxalifətin daxilində baş qaldıran pozuculuq meylləri səbəbindən bugünkü müxalifət bir araya gələ bilmir. Hansısa əhəmiyyətli məsələlərdə nəhənglər yaxalarını kənara çəkir və kiçiklərlə eyni masa ətrafında əyləşib fikir mübadiləsi aparmırlar. Daha doğrusu, bunun üçün bir addım belə atmırlar.
Axı nə vaxta nə qədər?! İş ondadır ki, müxalifətin böyük qardaşları öz aralarında da həmrəy ola bilmirlər. Həmişəki işlərinə sadiq qalaraq Müsavat və AXCP müxalifətin “anti-böhran koalisiyası”na da qoşulmadı. Yenə də 5-6 partiya, yenə də 5-6 partiya rəhbəri. Müxalifət adına böhrandan qurtulmağın yollarını axtarmaq üçün bir yerə toplaşdılar. Müxalifətçilər yenə də bir çox məsələləri zəruri və məqsədəuyğun hesab ediblər. Bu da qardaşların anti-böhran koalisiyası. Təəssüf ki, hər dəfə müxalifət bu cür formada bir araya toplaşanda ağla gələn bu olur. Böyüksüz məclisdə böyük-böyük danışmaq istənilən nəticəni nə vaxt verib?!
Milli Məclisin danışan deputatları
Yola saldığımız həftə Milli Məclis növbəti iclasını keçirdi. Hər dəfə danışmaq haqqından istifadə edənlər ənənələrinə sadiq qaldılar. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iclasda bələdiyyələrin fəaliyyətinə toxunub. Azərbaycanda bələdiyyələrin fəaliyyəti 1999-cu ildən mövcud olsa da, etiraf etməliyik ki, bələdiyyələr işlərinin öhdəsindən tam gələ bilmir. Siyavuş Novruzov da bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməsini təklif edib. Bəlkə, bundan sonra bələdiyyələrin nə iş görməli olduğunu bildirib. Kənd yerlərində bələdiyyə sədrləri var ki, ağalıq qanunları ilə yaşayır. Onları biryolluq mövcud cəmiyyətə qaytarmağın vaxtıdı. İdarəçilik və struktur islahatları necə olur tam bilsinlər. Həmçinin, iclasda digər məsələlər də müzakirə edilib.
Xalq artistlərindən mədəniyyət nümunəsi
Mərifət və mədəniyyət sahibləri içində əcəb qəribə məxluqlar var. Qanunların mövcud qaydalarla tətbiqini dəf etmək bacarığına sahibləndikləri üçün xoşbəxt görünürlər. Maraqlıdır ki, mədəni sferada “zirehli tank” obrazında hərəkət bucağını istədikləri səmtə yönəldə bilmək cəsarətləri var. Bu cəsarəti hardan və necə əldə etdikləri bir Allaha bəllidir. Maraqlıdır, nə vaxtdan Tanrının bəxş etdiyi istedad etik meyarları tapdalamağa başlayıblar?! Mənə, sənə, ona, buna- bir sözlə, hamımıza hansısa müğənninin səsi, səhnə mədəniyyəti maraqlı olub. Yoxsa ki, ünvanlı söyüşlərə qulaq yoldaşı olmağa həvəsli deyilik. “Qaşığa qızıldan libas” geydirib səhnədə şou göstərmək olar. Amma, hünər, mərifət, mədəniyyət sahibi olmaq üçün bunlar keçərli deyil.
Təəssüf ki, nümunəvi meyarları küçə səviyyəsinə endirməklə mədəniyyətimiz məcburən dalana dirənib.
Hardasa, heç bir fəxri ad daşımayan artistin dilinə acizanə şəkildə sahib çıxa bilməməsini başa düşmək olar. O da hardasa...Söhbət dövlətin möhürü olan sənədin daşıyıcısından gedirsə, durum bir qədər fərqlidir. Həftələrdir davam edən xalq artistləri Aygün Kazımova və İlhamə Quliyeva qarşıdurması bu baxımdan utancverici faktorlarla zəngindir. Bir-birlərinin ünvanlarına yağdırdıqları söyüşlər əsl tərbiyəsizlik nümunəsidir. Xalq artistlərinin qarşıdurması o formada davam etdi ki, tərəflər nəsil, nəcabət, şəcərə axtarışına start verdi.
Yəni bizə hansısa artistin kökünə səyahət lazımdırmı?! Meydanda mədəni kəslərin mübarizəsi kübarlıq, nəciblik halqasını elə qırıb ki, xalq artisti fəxri adını eşidəndə etinasız yanaşmaya bilmirsən. Ay müğənni, sənin işin oxumaqdır axı! Oxu, bizləri feyziyab elə. Daha nəyə lazımdır ki, hansısa xalq artistinin nəsli, kökü necə olub. Yola saldığımız həftə davam edən Aygün-İlhamə qarşıdurmasına Mədəniyyət Nazirliyindən nəhayət ki, açıqlama gəldi. Düzdür, əvvəlki mərhələdə məsələyə nazirliyin reaksiyası susqunluq nümayiş etdirmək idi. Dəfələrlə bu cür hallarda fəxri adların geri alınması fikirləri səslənsə də, nazirlik bu məsələ ilə konkret qərar verməyib. Əslində, fəxri adın geri alınması çox yaxşı addım ola bilərdi. Digərlərinə də dərs olsun deyə!
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin “İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır” fikirləri yenə də malı-məli şəkilçiləri üzərində quruldu. Təəssüf. Deməli, xalq artistləri küçə mədəniyyətləri ilə bizləri hələ çox “əyləndirəcəklər”.
Bir məqamı qeyd etmək istərdim. Hansısa təhsil işçisi etik çərçivəni aşıb şagirdə əl qaldırırsa dərhal həmin müəllim ya işdən azad edilir, ya da töhmət alır. Və yaxud da hansısa səhiyyə işçisi pasientin canı ilə kobud şəkildə oynayırsa, bədəli ağır olur. Eyni hal müdafiə sahəsində də keçərlidir. Bəs mədəniyyət sahəsində nizam-intizamın pozulmasına hansı səbəblərdən göz yumulur?! Müğənnilər efirlərdə xalqı vecinə almır. Bu öz yerində... Xalq artistləri də küçə söyüşləri ilə mədəniyyətimizi “bəzəyir”. Bu da öz yerində...Bəs öz yerində olmayan nədir?! Onlar da bu dövlətin qanunlarına tabedir, axı!
Cəmiyyətin hər bir üzvü mədəni davranmağa məcburdur. Həkim, müəllim əsgər və yaxud da digər peşə sahibi dövlətin təmsilçisidir. Hansısa uğurlara, nailiyyətlərə görə kimsə fəxri ad alırsa, ona qoçuluq etmək səlahiyyəti “peşkəş” olaraq “ərməğan” edilmir. Başını ora-bura çırpıb əcaib səslər çıxartmaq mədəniyyətimiz adına təhqirdir. Bu cür hallar birdəfəlik yoluna qoyulsa dünya Azərbaycan inciləri ilə bəzənəcək. Əks halda, mədəniyyətimiz yavaş-yavaş mədəni dəyərlərini itirməyə məhkum olacaq.