Modern.az

Avropanın ən nüfuzlu turnirinə son 4 klub adını yazdırıb

Avropanın ən nüfuzlu turnirinə son 4 klub adını yazdırıb

İdman

27 Avqust 2026, 10:14

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsində daha 4 komandanın taleyinə aydınlıq gəlib.

Modern.az xəbər verir ki, Fənərbağça, AEK Afina, “Slovan Bratislava” və “Vikinq” liqa mərhələsinə vəsiqə qazanıblar.

 

Fənərbağça – “Lion” 2:1 (ilk oyun – 1:1)

Türkiyə təmsilçisi Fransada əzmkar qələbə qazanıb. Fənərbağçanın qollarını Vedat Muriqi 24-cü dəqiqədə və Arçi Braun 28-ci dəqiqədə vurub. “Lion”un yeganə qoluna Malik Fofana 61-ci dəqiqədə imza atıb. İki oyunun nəticəsinə görə Fənərbağça 3:2 hesabı ilə mərhələni keçib.

 

AEK – “Levski Sofiya” 4:0 (ilk oyun – 0:0)

Yunanıstan klubu cavab görüşündə rəqibinə şans verməyib. Luka Yoviç 7-ci dəqiqədə, Barnabaş Varqa 12, 29-cu dəqiqələrdə və Rəzvan Marin 55-ci dəqiqədə penalti zərbəsi ilə fərqlənərək AEK-in qələbəsini təmin edib. AEK ümumi hesabda 4:0 üstün olub.

 

“Slovan Bratislava” – “Celje” əlavə vaxtda 2:1,  (ilk oyun – 1:1)

Slovakiya təmsilçisi dramatik qarşılaşmada turu keçib. “Slovan”ın qollarını Andraş Şporar 18-ci dəqiqədə və əlavə vaxtda Sezar Martines 100-cü dəqiqədə vurub. “Celje”nin cavab qolunu Svit Seşlar 34-cü dəqiqədə penaltidən vurub. “Slovan” iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə qalib gəlib.

 

“Vikinq” – “Dinamo Zaqreb” 3:1 (ilk oyun – 2:2)

Norveç klubu evdə möhtəşəm geri dönüş edib. “Dinamo”nun heyətində Arber Hoxha 10-cu dəqiqədə fərqlənib. “Vikinq”in qollarını isə Zlatko Tripiç 18-ci dəqiqədə penaltidən, Edvin Austbö 48-ci dəqiqədə və Tobias Moi 50-ci dəqiqədə vurub. Norveçlilər ümumi hesabda 5:3 qalib gələrək tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

 

Beləliklə, Çempionlar Liqasının 2026/27 mövsümünün 36 komandalı liqa mərhələsinin iştirakçıları tam müəyyənləşib. Liqa mərhələsinin püşkatması bu gün 20:00-da keçiriləcək.

 

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...