Ermənistanda parlament seçkilərinə saatlar qalmış əsas diqqət Baş nazir Nikol Paşinyanın siyasi gələcəyinə yönəlib. Rəy sorğuları onun rəqiblərini qabaqladığını göstərsə də, əsas müzakirə mövzularından biri seçkidən sonrakı regional kursdur.
Paşinyanın qələbəsi halında ona Azərbaycandan təbrik mesajı göndərilib-göndərilməyəcəyi, eləcə də ilk xarici səfərlərindən birini Bakıya edib-etməyəcəyi diqqətçəkən məqamlardandır.
Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Nikol Paşinyanın seçkidən sonra Azərbaycana səfər etməsi mümkündür:
"Əslində, həqiqətən hər şey ola bilər. Yəni seçkidən sonra Paşinyan Azərbaycana səfər edə bilər. Ancaq Paşinyanın seçkidən sonra səfər edəcəyi ilk ölkələrin içərisində Azərbaycanın olacağına inanmıram. İlk növbədə seçkilərdən sonra Paşinyan qalib gəlsə, biraz sonra daxili siyasətinə baxarkən gərək, konstitusiya mətnini dəyişsinlər. Bu da çox güman ki, referendum yolu ilə baş tutacaq. Bununla da sülh sazişi imzalamaq mümkün olacaq. Paşinyanın səfər, yaxud hər hansı beynəlxalq tədbir Azərbaycanda keçirilsə, bu çərçivədə ölkəmizə səfəri üçün imkan yaranacaq".

Sabiq nazir təbrik mesajının ünvanlanmasının tam mümkün olduğunu söyləyib:
"Paşinyanın qalib gəlməsindən sonra ona Azərbaycan tərəfindən təbrik mesajı ünvanlanması tam mümkündür. Çox güman ki, təbrik Prezident adından yox, Baş nazir adından təbrik ünvanlanacaq. Çünki, Nikol Paşinyan Baş nazir seçiləcək".