Azərbaycan son illərdə beynəlxalq siyasi dialoqun fəal iştirakçılarından birinə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik və beynəlxalq əməkdaşlıq kimi məsələlərdə ölkəmizin artan rolu Avropa dövlətlərinin Bakı ilə münasibətlərinə də təsir göstərir. Azərbaycanın 2028-ci ilin mayında “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi edəcəyi isə prosesin yeni mərhələsi olacaq.
Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də İrəvanda keçirilən ASB-nin 8-ci sammitində videobağlantı vasitəsilə çıxışı zamanı Azərbaycanın namizədliyinin qəbul edildiyini və ölkəmizin 2028-ci ilin mayında bu tədbirə ev sahibliyi edəcəyini açıqlaması Bakı üçün yeni diplomatik imkanların qapısını açıb.
Avropa ilə dialoqda yeni mərhələ
“Avropa Siyasi Birliyi” 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar fonunda təsis edilib. Platformanın əsas məqsədi Avropa ölkələri arasında siyasi dialoqu genişləndirmək, təhlükəsizlik, enerji, iqtisadiyyat, nəqliyyat və digər ümumi məsələlər üzrə müzakirələr aparmaqdır. Bu format Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, quruma daxil olmayan ölkələri də vahid siyasi müzakirə məkanında bir araya gətirir.
Azərbaycanın bu platformada iştirakı təsadüfi xarakter daşımır. Ölkəmiz həm Avropanın enerji təhlükəsizliyində, həm Şərq-Qərb nəqliyyat əlaqələrində, həm də Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində müzakirələrin mühüm iştirakçısıdır.

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin müxtəlif sammitlərində iştirakı və həmin tədbirlər çərçivəsində Avropa dövlətlərinin liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın bu platformaya münasibətinin formal iştirakçılıqdan ibarət olmadığını göstərir. Bakı öz milli maraqlarını, regional təşəbbüslərini və strateji prioritetlərini birbaşa Avropa liderlərinin diqqətinə çatdırmaq üçün bu imkandan istifadə edir.
2028-ci ildə sammitin Bakıda keçirilməsi isə həmin dialoqun artıq Azərbaycanın ev sahibliyi etdiyi siyasi platformada davam etdirilməsi deməkdir.
Dublin sammiti: Azərbaycanın diplomatik fəallığı
“Avropa Siyasi Birliyi”nin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu sammiti Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin gündəliyini bir daha nümayiş etdirdi. “Güclü, təhlükəsiz və əlaqəli Avropa” şüarı altında keçirilən toplantıda qitənin təhlükəsizliyi, Ukraynadakı müharibə, iqtisadi dayanıqlılıq, enerji təminatı və nəqliyyat bağlantıları müzakirə olunub. Tədbirdə 40-dan çox dövlət və hökumət başçısı iştirak edib.
Prezident İlham Əliyevin sammitdə iştirakı və tədbir çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın Avropa siyasi məkanındakı təmaslarının genişliyini göstərən mühüm məqamlardandır. Dövlət başçısının Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Ermənistanın Baş naziri Nikol Paşinyan, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Litva Prezidenti Gitanas Nauseda, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və digər liderlərlə təmasları bu baxımdan diqqət çəkir.

Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün əhəmiyyəti ayrıca qeyd edilməlidir. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, sərhədlərin delimitasiyası, iqtisadi-ticarət münasibətləri və etimad quruculuğu tədbirlərini müzakirə ediblər. TRIPP marşrutunun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması da gündəmdə olub. Rəsmi məlumata görə, 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana 105 min ton yük daşınıb. Bu fakt regional sülh gündəliyinin artıq praktiki iqtisadi və nəqliyyat məsələləri ilə də əlaqələndirildiyini göstərir.
Dublin təmaslarının digər mühüm nəticəsi Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır. Sənəd iki ölkə arasında münasibətlərin siyasi və iqtisadi çərçivəsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Prezidentin sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü də Bakı-Brüssel dialoqunun davamlı xarakter daşıdığını göstərir.
Burada diqqət çəkən başqa bir məqam da var: Avropa ölkələrinin Azərbaycanla münasibətlərə marağı yalnız diplomatik protokol və qarşılıqlı səfərlərlə məhdudlaşmır. Bakı ilə əməkdaşlıq enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda sabitlik və daha geniş Avrasiya bağlantıları kimi konkret strateji məsələlərlə bağlıdır.
Enerji amili: Avropanın Azərbaycanla əməkdaşlığa ehtiyacı
Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran əsas istiqamətlərdən biri enerji təhlükəsizliyidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirmək siyasəti daha da aktuallaşıb. Bu prosesdə Azərbaycan Avropanın enerji tərəfdaşlarından biri kimi çıxış edir.
2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması münasibətlərin bu istiqamətdə yeni mərhələyə keçməsini təmin edib. Sənəd Avropaya Azərbaycan qazının tədarükünün artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi məqsədlərini əhatə edir.
Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında Davosda verdiyi açıqlamaya görə, Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Avropa Komissiyasının məlumatlarında isə Azərbaycanın 2025-ci ildə SOCAR vasitəsilə 14 ölkəyə, onların sırasında 8 Aİ üzvünə qaz tədarük etdiyi, 2026-cı ilin yanvarından Almaniya və Avstriyaya da ixraca başladığı bildirilir.
Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin əsas infrastruktur dayağıdır. Xəzər dənizindəki “Şahdəniz” yatağından hasil olunan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıran bu sistem təxminən 3500 kilometr uzunluğundadır. Avropa Komissiyasının məlumatına əsasən, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropa İttifaqına qaz tədarükü 2021–2024-cü illərdə 40 faizdən çox artıb.

Ancaq Azərbaycanın enerji potensialı yalnız təbii qazla məhdudlaşmır. Yaşıl enerji sahəsində də Avropa ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, işğaldan azad edilmiş ərazilərdə və digər bölgələrdə günəş və külək elektrik stansiyalarının qurulması, Mərkəzi Asiya ilə yaşıl enerji bağlantılarının yaradılması bu istiqamətdə perspektivli layihələrdir.
Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi də Azərbaycanın Avropa enerji bazarlarına çıxış imkanlarını genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycan və Gürcüstanın enerji sistemlərini Rumıniya və digər Avropa ölkələri ilə birləşdirmək məqsədi daşıyır.
Bütün bunlar onu deməyə əsas verir ki, 2028-ci ildə Bakıda keçiriləcək sammitin gündəliyində enerji təhlükəsizliyi və yaşıl keçid məsələlərinin xüsusi yer tutması gözləniləndir. Azərbaycan bu müzakirələrə konkret enerji infrastrukturu və layihələri olan ölkə kimi qatılacaq.
Orta Dəhliz və Azərbaycanın artan tranzit əhəmiyyəti
Avropanın Azərbaycanla əməkdaşlığını şərtləndirən digər mühüm amil nəqliyyat və logistika sahəsidir. Qlobal geosiyasi dəyişikliklər, ənənəvi nəqliyyat marşrutlarının üzləşdiyi risklər və təchizat zəncirlərinin yenidən qurulması Avropa ilə Asiya arasında alternativ bağlantıların əhəmiyyətini artırıb.
Bu baxımdan Orta Dəhliz Azərbaycanın strateji mövqeyini gücləndirən əsas layihələrdəndir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut Şərq-Qərb ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.
Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları və logistika infrastrukturu bu marşrutun imkanlarını genişləndirir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat layihələri ölkəmizin tranzit potensialının əsas komponentləridir.
Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirir. Bu marşrut Hindistan və İran istiqamətindən Rusiya və Şimali Avropaya yükdaşımalar üçün alternativ imkanlar yaradır.
Avropa liderlərinin Bakıya artan diqqəti

Son illərdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərinin intensivləşməsi də diqqətdən kənarda qalmamalıdır. 2025-ci ildə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın və genişlənmə üzrə komissarı Marta Kosun Bakıya səfərləri, 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin Azərbaycanda olması, həmin ilin iyulunda isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin ölkəmizə işgüzar səfəri Bakı-Brüssel münasibətlərində yüksək səviyyəli təmasların miqyasını göstərir.
Bu səfərlərin əhəmiyyətini yalnız diplomatik protokol çərçivəsində qiymətləndirmək doğru olmazdı. Onlar Avropanın Azərbaycanla enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq məsələlərində birbaşa dialoqa ehtiyacının göstəricisidir.
Davos, Münxen və digər beynəlxalq platformalarda Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər də Azərbaycanın xarici siyasət gündəliyinin fəallığını nümayiş etdirir. Bu görüşlərin bir qisminin qarşı tərəfin müraciəti əsasında təşkil olunması isə beynəlxalq platformalarda Azərbaycanla təmaslara marağın artdığını göstərən amillərdəndir.
Sammitlərdə iştirakdan ev sahibliyinə
Azərbaycanın 2028-ci ildəki ev sahibliyinə gedən yolu ölkəmizin bu platformada ardıcıl iştirakından keçir. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 2022-ci ilin oktyabrında Praqada keçirilən ilk sammitində, 2023-cü ilin iyununda Moldovada təşkil olunan ikinci görüşündə, 2024-cü ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilən dördüncü sammitində, 2025-ci ilin mayında Tiranada və həmin ilin oktyabrında Kopenhagendə baş tutan görüşlərində iştirak edib.
2026-cı il mayın 4-də İrəvanda keçirilən səkkizinci sammitdə isə dövlət başçısı videobağlantı vasitəsilə çıxış edib. Həmin çıxışda İlham Əliyev Azərbaycanın 2028-ci ilin mayında “Avropa Siyasi Birliyi”nin iştirakçılarını Bakıda qəbul edəcəyini elan edib.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi görüş “Avropa Siyasi Birliyi”nin 12-ci sammiti olacaq. 2028-ci ilə qədər İsveçrə və Yunanıstanda keçiriləcək görüşlərdən sonra platformanın növbəti mərhələlərindən biri Bakıda təşkil olunacaq.
Bakı sammiti Azərbaycanın beynəlxalq gündəliyinə nə qazandıracaq?
2028-ci ildə Bakıda keçiriləcək sammitin əhəmiyyəti Avropa ilə münasibətlər kontekstində məhdudlaşmır. Azərbaycanın xarici siyasəti daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, MDB məkanı, Türk dünyası və İslam ölkələri ilə əlaqələrin inkişafı ölkəmizin beynəlxalq fəaliyyətinin əsas istiqamətlərindəndir.
Son illərdə Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda və regional əməkdaşlıq formatlarında fəallığını artırıb. COP29 kimi qlobal tədbirə ev sahibliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin yeni institusional müstəviyə çıxarılması ölkəmizin beynəlxalq gündəlikdəki iştirakının coğrafiyasını genişləndirib.
Bu baxımdan 2028-ci il “Avropa Siyasi Birliyi”nin sammiti Azərbaycanın fərqli siyasi və iqtisadi platformalar arasında əlaqələndirici rolunu nümayiş etdirmək üçün də imkan yaradır. Bakı Avropa dövlətləri ilə Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş Avrasiya məkanı arasında əməkdaşlıq mövzularını eyni masada müzakirəyə çıxara bilər.
Bununla belə, sammitin əhəmiyyətini düzgün qiymətləndirmək üçün “Avropa Siyasi Birliyi”nin institusional xüsusiyyətini də nəzərə almaq lazımdır. Bu platforma dövlət və hökumət başçılarına ümumi maraq doğuran məsələləri müzakirə etmək, siyasi dialoq aparmaq və ikitərəfli təmaslar qurmaq imkanı yaradır.
Məhz bu xüsusiyyət Bakı sammitinin diplomatik əhəmiyyətini ön plana çıxarır. Çünki belə tədbirlərdə bəzən rəsmi plenar iclaslardan daha çox, liderlərin kuluar görüşləri, ikitərəfli danışıqlar və əldə olunan siyasi razılaşmalar diqqət çəkir.
Azərbaycan üçün əsas məsələ də bu imkanlardan maksimum yararlanmaq olacaq. Enerji, nəqliyyat, regional təhlükəsizlik, yaşıl iqtisadiyyat, rəqəmsal bağlantılar və sülh gündəliyi üzrə konkret əməkdaşlıq təşəbbüslərinin müzakirəsi sammitin nəticəyönümlü olmasına xidmət edə bilər.

Bakı Avropaya hansı mesajı verəcək?
2028-ci ildə Avropanın onlarla dövlət və hökumət başçısının Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq siyasi gündəliyində yeni səhifə aça bilər. Bu, ölkəmizin Avropa ilə münasibətlərinin yalnız enerji və iqtisadiyyatla məhdudlaşmadığını, siyasi dialoq və regional təhlükəsizlik məsələlərində də fəal tərəfdaş olmaq niyyətini nümayiş etdirmək üçün fürsətdir.
Bakı sammiti, eyni zamanda, Cənubi Qafqazın Avropanın təhlükəsizlik və əməkdaşlıq gündəliyində tutduğu yerin müzakirəsinə şərait yaradacaq. Azərbaycan bu platformadan istifadə etməklə regionda davamlı sülhün, nəqliyyat kommunikasiyalarının açılmasının və iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini Avropa liderlərinin diqqətinə çatdıra bilər.
Əlbəttə, sammitə ev sahibliyi etmək özlüyündə siyasi və iqtisadi problemlərin həlli demək deyil. Onun real nəticəsi keçiriləcək görüşlərin məzmunundan, əldə olunacaq razılaşmalardan və sonrakı mərhələdə onların icrasından asılı olacaq. Lakin belə bir platformanın Bakıda təşkili Azərbaycanın beynəlxalq dialoqda iştirakını genişləndirmək və Avropa ölkələri ilə münasibətlərini yeni müstəviyə daşımaq üçün mühüm imkandır.
Bu sammit ölkəmizin çoxtərəfli diplomatiyasının növbəti sınağı olmaqla yanaşı, Bakı ilə Avropa arasında gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən mühüm hadisəyə çevrilə bilər.
Modern Təhlil Qrupu