Modern.az

Paşinyanın sülh oyunu - 2031-ci ilin SİRRİ

Paşinyanın sülh oyunu - 2031-ci ilin SİRRİ

Analitika

Bu gün, 07:30

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyinə dair açıqlaması müzakirələrə səbəb olub. Bir tərəfdən sülh sazişinin əhəmiyyəti və Zəngəzur dəhlizinin açılmasının sürətləndirilməsi barədə danışan Paşinyanın digər tərəfdən sülh üçün uzaq tarix göstərməsi ziddiyyətli yanaşma kimi qiymətləndirilir. Burada nəzərə almaq lazımdır ki, 2031-ci ildə Ermənistanda növbəti parlament seçkisi keçiriləcək. Bu baxımdan da Paşinyanın 2031-ci ilə işarə verməsi diqqət çəkir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlqələr komitəsinin üzvü Elman Nəsirov Nikol Paşinyanın konstitusiya dəyişiklikləri və sülh prosesi ilə bağlı açıqlamalarını Modern.az-a xatırladaraq, prosesin uzadılmasının qəbuledilməz olduğunu bildirib:

“Ermənistanın baş naziri əvvəllər yeni konstitusiyanın qəbul edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini 2026-cı ilin sonu və 2027-ci ilin əvvəli ilə əlaqələndirirdi. İndi isə sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanmasının nəzərdə tutulduğuna dair yanaşma ortaya qoyulur. Bu, prosesi daha 5 il uzatmaq deməkdir və ümumiyyətlə, qəbuledilməzdir. Bu vəziyyət Ermənistanın sülh prosesində əvvəlki prinsipiallığı nümayiş etdirmədiyini göstərir”.

             

Deputatın fikrincə, beynəlxalq aktorların Ermənistana verdiyi dəstək və təşviqlər də regionda sülh prosesinin gedişinə təsir göstərən amillərdir. 

Politoloq Elxan Şahinoğlu da Paşinyanın son açıqlamasının məntiqli olmadığını qeyd edib:

“Baş nazir Nikol Paşinyanın son açıqlaması, həqiqətən, məntiqə uyğun deyil. Bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin vacibliyindən danışır, Zəngəzur dəhlizinin açılmasını sürətləndirmək istədiyini deyir, digər tərəfdən isə sülh sazişinin 2031-ci ilədək imzalana biləcəyini bildirir. Doğrudur, sülh sazişi Azərbaycan üçün o qədər də həyati məsələ deyil. Çünki biz öz məsələmizi həll etmiş, torpaqlarımızı geri qaytarmışıq. Sülh sazişi daha çox Paşinyanın özünə lazımdır ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı bərpa edə bilsin. Əksinə, prosesi uzatmaq  onun problemlərini artırır”.

Politoloqun fikrincə, Paşinyanın bu açıqlaması Ermənistan cəmiyyətində müəyyən sakitlik yaratmaq cəhdi də ola bilər:

“Lakin gözlənti gələn il konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi idi. Gələn il əhəmiyyətli il ola bilərdi. Paşinyan isə 2031-ci ildən danışır. Bu da o deməkdir ki, o, gələn il də konstitusiya dəyişikliyi ilə bağlı referenduma getməyə bilər”.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar