Modern.az

Fransa sosial ədaləti təmin edə bilmir - Deputat

Fransa sosial ədaləti təmin edə bilmir - Deputat

Analitika

Bu gün, 10:54

Fransada son illər keçirilən kütləvi etirazlar, pensiya islahatlarına qarşı aksiyalar və sosial narazılıqlar ölkədə siyasi və iqtisadi problemləri yenidən gündəmə gətirib. Bahalaşma, sosial təminatla bağlı narahatlıqlar və hakimiyyətin qərarlarına etimadsızlıq cəmiyyətdəki gərginliyin əsas səbəbləri sırasında göstərilir. Ekspertlər hesab edirlər ki, sosial tələblərin nəzərə alınmaması və siyasi qütbləşmənin dərinləşməsi Fransada sabitlik üçün əlavə risklər yarada bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Fransada baş verənləri yalnız ayrı-ayrı hadisələrlə və ya müəyyən qrupların fəaliyyəti ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, 2018-ci ildə “Sarı jiletlilər” hərəkatı ilə başlayan etirazlar, 2023-cü ildə pensiya islahatlarına qarşı keçirilən aksiyalar və hazırda müşahidə olunan nümayişlər eyni problemin müxtəlif mərhələləridir:

“İnsanlar bahalaşmadan, sosial təminatla bağlı narahatlıqlardan, təhsil sahəsindəki problemlərdən və qərarların qəbulunda onların mövqeyinin nəzərə alınmamasından narazıdırlar. Bu baxımdan, Fransada baş verənləri yalnız ayrı-ayrı hadisələrə və ya müəyyən qrupların fəaliyyətinə bağlamaq düzgün olmazdı”.

Deputat qeyd edib ki, Emmanuel Makron hakimiyyətinə qarşı narazılıqların əsas səbəblərindən biri islahatlar zamanı ictimai razılığın və sosial dialoqun yetərincə təmin olunmamasıdır. Xüsusilə pensiya yaşının 62-dən 64-ə qaldırılması cəmiyyətdə ciddi müqavimətlə qarşılanıb.

“‘Sarı jiletlilər’ hərəkatı da göstərdi ki, iqtisadi qərarlar insanların gündəlik həyatına birbaşa təsir etdikdə və onların narahatlıqları lazımi səviyyədə dinlənilmədikdə, narazılıq daha geniş siyasi etiraz formasına çevrilə bilər”, - deyə o vurğulayıb.

Arzuxan Əlizadənin fikrincə, Fransada siyasi institutlara inamın zəifləməsi və cəmiyyətin müxtəlif təbəqələri arasında ziddiyyətlərin dərinləşməsi ölkədəki qütbləşməni gücləndirir. O hesab edir ki, hakimiyyətin etirazlara yalnız təhlükəsizlik problemi kimi yanaşması və sosial tələblərin mahiyyətini ikinci plana keçirməsi böhranın həllini çətinləşdirə bilər.

Deputat eyni zamanda nümayişlər zamanı zorakılıq hallarının, dağıntıların və ictimai asayişin pozulmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, əsas məsələ ictimai təhlükəsizliyin qorunması ilə vətəndaşların qanuni narazılıqlarının dinlənilməsi arasında düzgün tarazlığın yaradılmasıdır.

“Fransanın qarşısında duran əsas çağırış siyasi hakimiyyətlə cəmiyyət arasında etimadın bərpasıdır. Sosial problemlərin həlli yalnız inzibati tədbirlər və sərt təhlükəsizlik yanaşması ilə mümkün deyil. Bunun üçün hökumət insanların sosial rifahına, təhsil və məşğulluq imkanlarına, alıcılıq qabiliyyətinə dair narahatlıqlarına real cavab verməli, siyasi qərarların qəbulunda ictimai müzakirələri və dialoqu gücləndirməlidir.

Əks halda, mövcud narazılıq daha da dərinləşə, siyasi parçalanma idarəetməni çətinləşdirə və ölkədə uzunmüddətli qeyri-sabitlik risklərini artıra bilər. Fransada baş verənlər bir daha göstərir ki, demokratik dövlətlərdə siyasi sabitliyin əsas şərtlərindən biri cəmiyyətin etimadını qorumaq və sosial ədalət hissini təmin etməkdir”, - deyə Arzuxan Əlizadə fikirlərini yekunlaşdırıb.

Sizə yeni x var
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...