İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 24-cü ildönümüdür. Komitə xüsusilə son illərdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və gənclərin bu prosesə daha fəal cəlb olunması istiqamətində müxtəlif layihələr həyata keçirir.
Bu dövrdə xüsusilə xaricdə yaşayan gənclərin diaspor fəaliyyətində rolu daha da artıb. Yay düşərgələri, forumlar, təlim proqramları və müxtəlif layihələr dünyanın fərqli ölkələrində yaşayan azərbaycanlı gəncləri bir araya gətirməklə yanaşı, onların milli kimliyinin qorunmasına və vahid diaspor şəbəkəsinin formalaşmasına da töhfə verir.
Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü münasibətilə müxtəlif ölkələrdə fəaliyyət göstərən gənc diaspor fəallarının fikirlərini öyrənib.

Diaspor fəaliyyəti milli kimliyimizi daha da möhkəmləndirdi
Azərbaycan Diaspor Gənclərinin İsveç üzrə koordinatoru Məsumə Rüstəmli bildirib ki, artıq 11 ildir İsveçin Göteborq şəhərində yaşayır və uzun illərdir diaspor fəaliyyətinin içindədir. Hazırda İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin könüllü fəallarından biri olmaqla yanaşı, Azərbaycan Diaspor Gənclərinin İsveç üzrə koordinatoru kimi müxtəlif layihə və təşəbbüslərdə iştirak edir.
Onun sözlərinə görə, ana dilinin, milli kimliyin və Azərbaycan dəyərlərinin qorunmasında ailə mühüm rol oynasa da, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır:
"Mən özüm bunun canlı nümunəsiyəm. İsveçdə yaşadığım 11 il ərzində diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə iştirak etmişəm. Bu fəaliyyətlər mənə öz kimliyimi, dilimi və mədəniyyətimi daha dərindən anlamağa kömək edib. Azərbaycan dəyərlərini daha yaxından öyrənmiş, milli bağlılığımı daha da gücləndirmişəm".
M.Rüstəmli bildirib ki, İsveçdə doğulub böyüyən azərbaycanlı uşaqların öz köklərinə bağlı yetişməsi əsas məqsədlərdən biridir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müxtəlif maarifləndirici layihələr həyata keçirilir.
"Xüsusilə "Unutmayaq və unutdurmayaq" layihəsi çərçivəsində soyqırımı, şəhidlərimizin anım günləri, Zəfər Günü, Müstəqillik Günü və digər əlamətdar tarixlərlə bağlı tədbirlər təşkil edirik. Bu tədbirlər sayəsində xaricdə böyüyən uşaqlar və gənclər öz tarixlərini öyrənir, milli kimliklərini qoruyur və Azərbaycanla mənəvi bağlarını daha da gücləndirirlər".
O qeyd edib ki, İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Azərbaycan dili məktəbi də bu istiqamətdə mühüm rol oynayır.
"Biz xaricdə yaşayan azərbaycanlılar olaraq ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Azərbaycan haqqında düzgün məlumatların çatdırılması, mədəniyyətimizin tanıdılması və həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini hər zaman hiss etmişik. Bu dəstək bizə daha inamla və daha geniş miqyasda fəaliyyət göstərmək imkanı yaradır".
Məsumə Rüstəmli bildirib ki, onu ən çox sevindirən məqamlardan biri də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin gündən-günə möhkəmlənməsidir.
"İnanıram ki, xaricdə yaşayan hər bir azərbaycanlı ölkəmizin qeyri-rəsmi səfiridir. Harada yaşamağımızdan asılı olmayaraq Azərbaycanımızı sevgi ilə təmsil etməli, dilimizi və milli kimliyimizi gələcək nəsillərə ötürməliyik".

Yay düşərgələri və forumlar uzunmüddətli əməkdaşlıqların əsasını qoyur
Azərbaycan Diaspor Gəncləri Assosiasiyasının (ADG) İdarə Heyətinin üzvü və İtaliya üzrə koordinatoru Toğrul Əliyev hesab edir ki, son illər xaricdə yaşayan azərbaycanlı gənclərin bir araya gətirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və Azərbaycanla bağlarının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr real nəticələr verir.
Onun sözlərinə görə, bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirir:
"Qeyd etməliyəm ki, xüsusilə Yay Düşərgələri, forumlar, müxtəlif təlim proqramları və gənclər layihələri fərqli ölkələrdə yaşayan azərbaycanlıların bir-birini tanıması, fikir mübadiləsi aparması və ortaq təşəbbüslər irəli sürməsi üçün çox dəyərli platformalar yaradıb. Bu layihələr təkcə tədbir xarakteri daşımır, onların nəticəsində uzunmüddətli dostluqlar, əməkdaşlıqlar, yeni layihələr və aktiv diaspor fəaliyyəti formalaşır".
Toğrul Əliyev bildirib ki, Azərbaycan Diaspor Gəncləri platformasının üzvləri olaraq onlar da bu təşəbbüslərin fəal iştirakçılarıdır və əldə etdikləri təcrübə göstərir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin güclənməsi həm şəxsi inkişafa, həm də ümumi diaspor fəaliyyətinə müsbət təsir göstərir.
"Komitənin təşkil etdiyi layihələr və göstərdiyi hərtərəfli dəstək çərçivəsində qurulan əlaqələr və həyata keçirilən birgə təşəbbüslər sayəsində müxtəlif ölkələrdə yaşayan gənclər arasında güclü əməkdaşlıq mühiti formalaşıb. Bu da yaşadığımız ölkələrdə Azərbaycanı daha inamla və daha peşəkar şəkildə təmsil etməyimizə kömək edir."
O qeyd edib ki, bu gün diaspor fəaliyyəti yalnız ölkə haqqında məlumat verməklə məhdudlaşmır, eyni zamanda Azərbaycanın müxtəlif sahələrdə tanıdılmasına da xidmət edir.
"Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərə göstərdiyi dəstək onların daha fəal, təşəbbüskar və məsuliyyətli diaspor nümayəndələri kimi formalaşmasına ciddi töhfə verir".
Toğrul Əliyevin sözlərinə görə, həyata keçirilən layihələrin ən mühüm nəticələrindən biri də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında həmrəylik hissinin güclənməsidir.
"Ən önəmlisi isə odur ki, bu layihələr gənclərdə 'mən tək deyiləm' hissini yaradır. Harada yaşamağımızdan asılı olmayaraq, ortaq dəyərlər ətrafında birləşə bilir, bir-birimizi dəstəkləyir və Azərbaycanın maraqlarını birlikdə müdafiə edirik. Məncə, bu həm diasporumuzun güclənməsi, həm də gələcək nəsil azərbaycanlı gənclərin yetişməsi baxımından çox vacibdir".
İtaliya üzrə koordinator Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü münasibətilə Komitənin kollektivini də təbrik edib.
"Bu gün artıq aydın görünür ki, güclü diasporun formalaşması sistemli və davamlı fəaliyyət tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsi də illər ərzində həyata keçirdiyi layihələrlə xaricdə yaşayan soydaşlarımızın, xüsusilə gənclərin bir araya gəlməsinə, milli həmrəyliyin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq aləmdə daha fəal təmsil olunmasına mühüm töhfələr verib".
O bildirib ki, gələcəkdə də Komitənin fəaliyyətinin daha da genişlənəcəyinə inanır.
"İnanıram ki, Komitə bundan sonra da fəaliyyətini daha da genişləndirəcək, xaricdə yaşayan azərbaycanlı gənclərin təşəbbüslərinə daha çox dəstək verəcək, yeni layihələr və beynəlxalq əməkdaşlıq platformaları ilə diasporumuzun inkişafına töhfəsini artıracaq. Güclü, bilikli və fəal diaspora Azərbaycanın dünyadakı ən böyük mənəvi dayaqlarından biridir və bu istiqamətdə görülən işlərin davamlı olması hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Komitənin bundan sonrakı fəaliyyətində də yeni nailiyyətlər qazanmasını, Azərbaycan diasporunun daha da güclənməsinə xidmət edən uğurlu layihələr həyata keçirməsini arzulayıram".

Diaspor Komitəsinin dəstəyi həm peşəkar inkişafıma, həm də elmi fəaliyyətimə töhfə verib
Çində fəaliyyət göstərən diaspor fəalı, Pekin Pedaqoji Universitetinin Təhsil texnologiyaları üzrə doktorantı Murad Əliyev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti onun həm peşəkar inkişafına, həm də diaspor fəaliyyətində daha fəal iştirakına mühüm töhfə verib.
Onun sözlərinə görə, Komitənin dəstəyi ilk növbədə VI Yay Düşərgəsində iştirak etməsi ilə başlayıb və bu təcrübə onun üçün həm şəxsi, həm də milli kimlik baxımından əhəmiyyətli olub.
"Diasporla İş üzrə Dövlət Komitəsi mənim fəaliyyətimə bir neçə mühüm istiqamətdə dəstək göstərib. İlk növbədə, VI Yay Düşərgəsində iştirakım üçün yaradılan imkanlar mənə fərqli ölkələrdə yaşayan azərbaycanlı gənclərlə birbaşa ünsiyyət qurmaq, onların təcrübələrini öyrənmək və geniş bir şəbəkənin bir parçası olmaq imkanı verdi. Bu, həm şəxsi inkişafım, həm də milli kimlik baxımından çox önəmli bir təcrübə oldu".
Murad Əliyev qeyd edib ki, Komitənin sosial platformalar və diaspor şəbəkələri vasitəsilə yaratdığı informasiya mübadiləsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəaliyyəti ilə yaxından tanış olmasına da şərait yaradıb.
"Komitənin sosial platformalar və diaspor şəbəkələri vasitəsilə həyata keçirdiyi informasiya mübadiləsi mənə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyəti ilə daim tanış olmaq imkanı yaratdı".
O bildirib ki, bir tədqiqatçı kimi Komitənin göstərdiyi dəstək elmi fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına da mühüm təsir göstərib.
"Eyni zamanda, bir tədqiqatçı kimi demək istəyirəm ki, Komitənin dəstəyi ilə müxtəlif media platformalarında elmi fəaliyyətlərim işıqlandırılıb. Mənə belə bir dəstəyin göstərilməsi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə daha geniş tanınmağıma və elmi fəaliyyətimin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradıb".
Murad Əliyevin sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi onun üçün yalnız diaspor fəaliyyəti ilə məhdudlaşmayıb, eyni zamanda peşəkar inkişafı və milli kimliyinin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyıb.
"Ümumilikdə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi mənim üçün həm peşəkar inkişaf, həm şəbəkələşmə, həm də milli kimliyin möhkəmlənməsi baxımından əhəmiyyətli olub. Dəstəyə görə təşəkkür edirəm" - deyə M. Əliyev sonda vurğulayıb.