Modern.az

Komitənin dəstəyi ilə Azərbaycanın səsini Avropada daha güclü çatdırırıq

Komitənin dəstəyi ilə Azərbaycanın səsini Avropada daha güclü çatdırırıq

Diaspor

6 İyul 2026, 23:22

Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü qeyd olunub. 

Modern.az-a danışan Çexiyada fəaliyyət göstərən diaspor gənci, Azərbaycan Diaspor Gənclərinin (ADG) Çexiya üzrə koordinatoru Elvin Novruzov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi siyasət dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid qüvvə kimi formalaşmasına mühüm töhfə verib.

Onun sözlərinə görə, hazırda Çexiyanın Praqa şəhərində ali təhsil alır, eyni zamanda peşəkar kinematoqraf kimi fəaliyyət göstərir və ADG-nin Çexiya üzrə koordinatoru vəzifəsini icra edir. Bu müddət ərzində ADG-nin təşkil etdiyi çoxsaylı layihə və tədbirlərdə fəal iştirak edərək gənclərin şəbəkələşməsinə yaradıcı töhfələr verməyə çalışıb.

"Düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin illərdir həyata keçirdiyi məqsədyönlü siyasət dünyadakı azərbaycanlıların vahid bir qüvvə kimi formalaşmasında əvəzsiz rola malikdir. Bu gün milli diasporumuz xaricdə yaşayan hər bir soydaşımız üçün güclü bir arxa və qürur mənbəyinə çevrilib".

Elvin Novruzov qeyd edib ki, xüsusilə diaspor gənclərinə göstərilən diqqət və yaradılan imkanlar dövlətin bu sahəyə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Onun fikrincə, vətəndən uzaqda yaşamalarına baxmayaraq, Komitənin dəstəyi sayəsində milli kimliklərini qoruyur, Azərbaycanın haqq səsini Avropa ictimaiyyətinə daha effektiv şəkildə çatdırırlar.

Diaspor fəalı bildirib ki, kinematoqraf kimi vizual sənətin imkanlarından istifadə edərək diaspor fəaliyyətinin rəqəmsal platformalarda daha müasir və təsirli formada təqdim olunmasına çalışır.

"ADG platforması biz gənclərə sadəcə bir araya gəlmək imkanı vermir, həm də ölkəmizin xaricdəki könüllü elçiləri kimi formalaşmağımıza şərait yaradır. Bizim Çexiyada keçirdiyimiz hər bir mədəni və ictimai tədbir milli birliyimizin və sarsılmaz bağlılığımızın bir nümayişidir".

O vurğulayıb ki, Komitə ilə diaspor gəncləri arasında qurulan sıx əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə inam yaradır.

"Öz adımdan və Çexiyadakı gənclərimiz adından diasporumuzun inkişafında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, birgə fəaliyyətimiz sayəsində Azərbaycanın qlobal müstəvidəki mövqeyi və nüfuzu hər zaman daha da möhkəmlənəcək".
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV