Modern.az

Azərbaycan futbolunda gizli rəqəmlər - Ən aşağı və ən yüksək MAAŞLAR

Azərbaycan futbolunda gizli rəqəmlər - Ən aşağı və ən yüksək MAAŞLAR

İdman

Bu gün, 14:41

Azərbaycan Misli Premyer Liqasında çıxış edən futbolçuların maaşı ictimaiyyətə açıqlanmır. Bu səbəbdən onların minimum və maksimum qazancı, eləcə də legionerlərlə yerli oyunçular arasında maaş fərqinin nə qədər olduğu maraq doğurur. Bəs futbolçuların maaşları hansı meyarlar əsasında müəyyənləşdirilir?

Mövzu ilə bağlı futbol mütəxəssisi, sabiq futbolçu Aslan Kərimov Modern.az-a açıqlama verib:

“Futbolçuların maaşı bir çox amildən asılıdır. Oyunçunun təcrübəsi, yaşı, oyun keyfiyyəti və perspektivi bu məsələdə mühüm rol oynayır. Məsələn, 19 yaşlı, gələcəyi vəd edən gənc futbolçunun maaşı nisbətən aşağı ola bilər. Legioner olub-olmaması da qazanca təsir edən amillərdəndir. Minimum məbləğlərdən danışsaq, bəzi gənc futbolçuların aylıq maaşı 1000 manatdan başlaya bilər. Hətta yalnız məşq prosesinə cəlb olunan daha gənc oyunçuların 500 manat maaş alması da mümkündür. Futbolda isə ödənişlər bəzən illik müqavilə əsasında müəyyənləşdirilir və ayrılan məbləğ aylara bölünərək futbolçuya verilir".

Onun sözlərinə görə, futbolçuların maksimum maaşı ilə bağlı dəqiq rəqəm söyləmək çətindir.

"Bəzi futbolçuların illik qazancı 500-600 min avro və ya dollar səviyyəsində ola bilər. Xüsusilə “Qarabağ” və “Sabah” kimi klublar heyətlərinə keyfiyyətli futbolçuları cəlb etdikləri üçün belə məbləğlərə rast gəlinməsi mümkündür. Minimum və maksimum maaşlar arasındakı böyük fərq həm yerli futbolçularla legionerlər, həm də oyunçuların fərdi keyfiyyətləri və klubların maliyyə siyasəti ilə əlaqədardır. Eyni səviyyəli legioner futbolçu bəzən yerli oyunçu ilə müqayisədə daha yüksək maaş ala bilər".

Aslan Kərimov bildirib ki, bir çox klublar futbolçuların maaşının açıqlanmasını istəmir və komanda yoldaşları belə bəzən bir-birinin nə qədər qazandığını bilmirlər. Onun fikrincə, bu məlumatların məxfi saxlanılması müəyyən hallarda komanda daxilində yarana biləcək narazılıqların qarşısını almaq məqsədi daşıyır.

"Məsələn, karyerasında uğurları və titulları olan legioner futbolçu illik 100 min maaş ala bilər, lakin zədə və ya zəif performans səbəbindən gözlənilən oyunu göstərə bilməz. Eyni zamanda, illik 50 min qazanan yerli futbolçu daha yaxşı çıxış edə bilər. Belə vəziyyətlərdə maaşlar arasındakı fərq komanda daxilində narazılıq yarada bilər. Xüsusilə yüksək məbləğlər alan futbolçu zəif oynadıqda, daha az maaş alan, lakin yaxşı performans göstərən oyunçularda onlara qarşı ədalətsizlik hissi formalaşa bilər. Bu cür problemlərin həlli isə məşqçilərin üzərinə düşür.

Komanda məğlub olanda bütün futbolçular birlikdə tənqid olunur, amma aldıqları maaşlar fərqli olur. Bu da istər-istəməz komanda daxilində müəyyən balanssızlığa və münaqişələrə səbəb ola bilər. Mən futbolçu kimi çıxış etdiyim dövrdə kapitan olduğum üçün bəzi oyunçuların müqavilələri və aldıqları məbləğlər barədə məlumatlı idim. Bununla belə, bəzən legionerlərin müqavilələrinin şərtlərini bilmirdim və açığı, bununla xüsusi maraqlanmırdım. Mənim üçün əsas məsələ futbolçunun meydançada öz vəzifəsini yerinə yetirməsi idi. Azərbaycanda klubların hazırda bu məsələyə necə yanaşdığını isə dəqiq bilmirəm. Çünki futbolçu karyeramı başa vurduqdan sonra 15 ildən, bəlkə də 17-18 ildən çox vaxt keçib”, – deyə sabiq futbolçu söyləyib.

Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar