Lizinq sahəsində boşluqlar sahibkarlar üçün risk yaradır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Rövşən Muradov deyib.
Deputat bildirib ki, lizinq münasibətlərinin tənzimlənməsində mövcud qanunvericilikdə ciddi boşluqlar və ziddiyyətlər qalmaqdadır. Onun sözlərinə görə, Mülki Məcəllə ilə Vergi Məcəlləsi arasında tam uyğunluq yoxdur, bu isə praktikada tez-tez məhkəmə mübahisələrinə səbəb olur:
“Maliyyə lizinqi müqavilələri ilə bağlı münasibətlər mülki qanunvericiliyin tələbləri ilə tənzimlənir. Bu baxımdan, Mülki Məcəllədə satıcı ilə lizinq alanın eyni şəxs olmasına hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Eyni zamanda, beynəlxalq təcrübədə lizinqin ən geniş yayılmış növləri maliyyə lizinqi, operativ lizinq və qaytarılan lizinq hesab olunur.
Vergi Məcəlləsinin 140.2-ci maddəsində isə müəyyən hallar sadalanıb və həmin hallardan hər hansı biri mövcud olduqda əmlakın icarəsi maliyyə lizinqi kimi qiymətləndirilir. Hər iki məcəllədə operativ (əməliyyat) lizinq və qaytarılan lizinq anlayışlarına ayrıca tərif verilməsə də, bu anlayışlar iqtisadi və hüquqi ədəbiyyatda geniş şəkildə izah olunur”.
R.Muradov qeyd edib ki, xüsusilə satıcı ilə lizinq alanın eyni şəxs olması məsələsi hüquqi baxımdan qeyri-müəyyən olaraq qalır və bu sahədə aydın tənzimləmə yoxdur. Deputat vurğulayıb ki, bu cür boşluqlar sahibkarlar üçün əlavə risklər yaradır, bəzən isə ciddi maliyyə itkilərinə gətirib çıxarır.
Deputat diqqətə çatdırıb ki, qanun layihəsində əsasən maliyyə lizinqi nəzərdə tutulsa da, operativ lizinq kimi geniş tətbiq olunan model qanunvericilikdə kifayət qədər əksini tapmayıb. Onun fikrincə, bu sahədə ayrıca hüquqi tənzimləməyə ehtiyac var.
R.Muradov həmçinin lizinq fəaliyyəti ilə bağlı məhdudiyyətlərə də toxunub. O bildirib ki, layihəyə əsasən, lizinq fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola bilər və onlar Mərkəzi Bankın reyestrinə daxil edilməlidir. Deputat sual edib ki, niyə fiziki şəxslərin bu fəaliyyətə qoşulmasına imkan verilmir.
Deputat əlavə edib ki, mövcud normalara görə, lizinq obyektlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərə verilməsi də məhdudlaşdırılır ki, bu da bazarın genişlənməsinə mane olur.