İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi davam edir.
Modern.az xəbər verir ki, iyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç karvanı yola salınıb.
Köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarətdir.
Bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə olmaqla 17 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə olmaqla 42 nəfər köçürülüb. Beləliklə, ümumilikdə 12 ailə, 59 nəfər doğma yurduna qovuşub.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onların rahat məskunlaşması üçün zəruri şərait yaradılıb.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər. Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun şəxsi heyətinə minnətdarlıqlarını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Köç mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.