Almaniya NATO daxilində Avropanın ən güclü konvensional ordusunu formalaşdırmaq niyyətində olduğunu bəyan edib.
Modern.az Fox News-a istinadən xəbər verir ki, bunu Almaniyanın ABŞ-dəkı səfiri Yens Hanefeld deyib.
Hanefeld bildirib ki, Almaniya Avropanın təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət götürməyə hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada mövcud təhlükəsizlik anlayışını dəyişib.
"Almaniya üzərinə düşən məsuliyyəti artırır ", - deyə səfir Fox News-a bildirib. O əlavə edib ki, Almaniyanın NATO çərçivəsində Avropanın ən güclü konvensional ordusuna çevrilməsi uzunmüddətli öhdəlikdir.
Məlumata görə, bu dəyişiklik İkinci Dünya müharibəsindən sonra hərbi məsələlərdə ehtiyatlı mövqe sərgiləyən Almaniya üçün tarixi dönüş nöqtəsi hesab olunur. Berlin uzun illər ABŞ-ın təhlükəsizlik çətirinə arxalanıb və NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərindən geri qaldığı üçün Vaşinqton tərəfindən tənqid olunub.
Ekspertlərin fikrincə, Almaniyanın müdafiə sənayesini və hərbi imkanlarını genişləndirməsi NATO-nun gələcək təhlükəsizlik strategiyasında mühüm rol oynaya bilər.