Körfəzdəki müharibənin 8-ci həftəsini geridə qoyan dünya enerji bazarı artıq köklü bir dönüş nöqtəsindədir. Hörmüz boğazından keçid faktiki olaraq dayandırılıb, ABŞ blokadası isə “boz zona” logistika sxemlərini bir-bir bağlayır. Hindistan və Çin bu vaxta qədər müvəqqəti həllərlə — üzən ehtiyatlarla, ikitərəfli sazişlərlə, riskli marşrutlarla — vəziyyəti idarə edirdilər. İndi isə həmin ehtiyat yastığı sürətlə əriyir.
Region ölkələri arasında ən həssas mövqedə HİNDİSTAN dayanır. Körfəz ölkələri bu ölkə üçün təkcə xam neft deyil, həm də məişətdə — ilk növbədə yemək bişirməkdə — istifadə olunan sıxılmış neft qazının əsas mənbəyidir. Ehtiyatlar məhduddur, çatışmazlıq artıq hiss olunur.
İqtisadi nəticələr də gecikmir. Ölkə dörd ildən sonra ilk dəfə geniş miqyaslı dizel qiyməti artırımına hazırlaşır. Bu addım artıq zəifləmiş valyuta fonunda həm inflyasiyanı artıracaq, həm də iqtisadi artımı yavaşladacaq. Daxili bazarı qorumaq üçün ixracat məhdudiyyətləri də istisna deyil.
ÇİN daha güclü mövqedən müqavimət göstərir. Bir milyard barreldən artıq strateji ehtiyat və onilliklər boyu formalaşan enerji təhlükəsizliyi siyasəti ölkəyə vaxt qazandırır. Lakin bu yastıq problemi aradan qaldırmır — yalnız onu gecikdirir.
Dövlət emalçıları artıq istehsal yükünü azaldıb. Emal gücünün beşdə birini təmin edən kiçik özəl zavodlar eyni anda üç təzyiqlə üz-üzə qalıblar: xammalın azalması, qiymətlərin yüksəlməsi və ikincil sanksiya riski. Bu zavodların bir hissəsi ya fəaliyyətini məhdudlaşdıracaq, ya da tamamilə dayanacaq.
Böhranın ən ciddi göstəricilərindən biri üzən ehtiyatların kəskin azalmasıdır. Fevralın ortasında dənizdə 20 milyon barrel Rusiya nefti alıcı gözləyirdi. İndi bu rəqəm 3–5 milyon barrellə düşüb. Üzən ehtiyatlar böhran dövründə sürətlə yenidən yönləndirilə bilən tampon rolunu oynayır. Bu tampon nə qədər kiçilirsə, hər yeni çatdırılma fasiləsi bazara bir o qədər ağrılı vurur.

Rusiya neftindəki endirim də faktiki olaraq yox olub. Ukrayna müharibəsindən sonra Hindistanın öyrəşdiyi güzəşt qiymətləri artıq keçmişdə qalıb. İran nefti isə hələ dənizdə əhəmiyyətli həcmdədir — təxminən 160 milyon barrel — lakin ABŞ blokadası Tehrana bu həcmi real alıcılara çatdırılmağa ciddi mane olur.
Beynəlxalq Enerji Agentliyinin qiymətləsinə görə, Hörmüz bağlı olduğu müddətdə dünya neft təklifinin 10 faizi bazardan çıxıb. Bu rəqəm özlüyündə böyük bir şokdur. Lakin daha ciddi siqnal başqa yerdədir: neft artıq sadəcə bahalı deyil, getdikcə əlçatmaz olur.
Böyük iqtisadiyyatlar mövcud yükləri yüksək qiymətə ala və ehtiyatlarını yandıra bilər. Lakin Asiyanın kiçik ölkələri ciddi sınaqlarla üzə üzədirlər — onların nə ehtiyat gücü, nə də siyasi rıçaqı var. Hörmüz nə qədər bağlı qalsa və sanksiya konturu nə qədər sərtləşsə, bu tablo bir o qədər də dərinləşəcək, dünyada makro-iqtisadi vəziyyət daha da pisləşəcəkdir.
Tahir Mirkişili,
Milli Məclisin deputatı