Modern.az

“Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır”

“Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır”

Aktual

14 İyun 2016, 21:14

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Modern.az DTX-nın saytına istinadən verdiyi xəbərə görə,  Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını, o cümlədən Akademiyanın müəllimlərini, dinləyiciləri və kursantları, eləcə də təhlükəsizlik orqanlarının veteranlarını təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxışında bildirib ki, müasir tariximizdə 15 İyun xalqımızın taleyini, onun gələcəyini müəyyənləşdirən çox əlamətdar bir gündür: “Çağdaş yaddaşımızın ən mürəkkəb və ağrılı bir dövründə xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövlətimizi siyasi iflasdan, vətənimizi parçalanmaqdan, respublikamızı yenidən əsarət altına düşməkdən xilas etdi. Ümummilli lider Heydər Əliyev deyirdi: “müstəqilliyi əldə etmək böyük nailiyyətdir, lakin onu qoruyub-saxlamaq, yaşatmaq daha çətin və şərəflidir”. Təcrübəli, uzaqgörən və müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində böyük, ulu bir millətin oyanışı, özünəqayıdışı, ən başlıcası - Qurtuluşu idi. Biz fəxr edirik ki, Heydər Əliyev epoxasının müasirləri və onun məktəbinin yetirmələriyik. Bu həm böyük iftixar, həm də yüksək məsuliyyət deməkdir”. General-leytenant Mədət Quliyev qeyd edib ki, prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir: “Dövlət başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Möhtərəm prezidentimizin düşünülmüş, praqmatik, müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, özünün 25 illik müstəqilliyini qeyd etməyə hazırlaşan Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır”.

“Bu ilin aprel ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmənin təxribatlarının qarşısının layiqincə alınması, Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi yüksək döyüş əzmi, həyata keçirdiyi ixtisaslı hərbi əməliyyatlar və əldə edilmiş qələbə bir daha dövlətimizin qüdrətini, gücünü bariz şəkildə nümayiş etdirdi”, - deyə  Mədət Quliyev qeyd edib.

General-leytenant Mədət Quliyev çıxışının sonunda DTX-nın şəxsi heyətinin  Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasət xəttinin uğurla həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəyini bildirdi və konfansın işinə uğurlar arzuladı.

Tədbirdə Akademiyanın müəllimləri, dinləyici və kursantları, həmçinin   Heydər Əliyevin məktəbinin yetirmələri olan veteranlar Azərbaycanın bu gününün və gələcəyinin təməli - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məruzə ilə çıxış edərək bildirdilər ki, 1993-cü ilin 15 iyun günü öz müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan Respublikasının taleyində mühüm mərhələnin başlanğıcı, dönüş nöqtəsidir. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü