Modern.az

Əli İnsanov İstintaq Təcridxanasına köçürüldü

Əli İnsanov İstintaq Təcridxanasına köçürüldü

Aktual

25 Avqust 2016, 10:20

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə Modern.az-a Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. 

Vəkil bildirib ki, Ə.İnsanov barəsində avqustun 24-də Qaradağ rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarına görə, sabiq nazir barəsində başlanmış cinayət işi ilə bağlı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

T.Babayev yeni açılmış cinayət işlərilə bağlı Ə.insanovun həbs müddətinin uzadılacağını istisna etməyib:

“Hələ ki onun həbs müddətinin nə qədər uzadılacağı bilinmir. Oktyabra qədər onun etap müddəti olacaq. Açılan cinayət işlərilə bağlı alacağı cəza müddəti məhz o zaman bilinəcək”.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.

 

Avqustun 24-də isə eks-nazir Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama),  315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittiham irəli sürülüb.


Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı