Modern.az

Xankəndinin deputatı: “Seçicilər məndən nə zaman öz evlərinə qayıdacaqlarını soruşurlar ”

Xankəndinin deputatı: “Seçicilər məndən nə zaman öz evlərinə qayıdacaqlarını soruşurlar ”

23 Fevral 2011, 14:40

Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova hakim partiyanın internet saytına müsahibə verib.
Deputat öncə qeyd edib ki, tarixin elə səhifəsi yoxdur ki, azərbaycanlıların başına bəlalar, məşəqqətlər açılmasın:

- Lakin fevral ayındakı faciələrimiz heç vaxt yaddan çıxmayacaq. Çünki bunlar bizim qan yaddaşımıza yazılıb, xalqın taleyində acı izlər qoyub. Bu tarixlərə diqqət yetirsək fikrimi açıq şəkildə ifadə etmiş olaram: 10 fevral 1828-ci ildə Azərbaycan torpaqlarını param-parça edildiyi Türkmənçay müqaviləsi, 10-11 fevral 1992-ci ildə Malibəyli və Quşçular kəndlərinin işğal olunması, 17 fevralda Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı və insanların qətliamı, 26 fevralda 20-ci əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımın törədilməsi.
1992-ci ilin fevralın 25-dən 26-na Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdülər, təhqirlərə məruz qoydular. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq.

- Sizcə, ermənilərin bu siyasətinin kökündə nə dayanır?

- Əlbəttə ki, burada ermənilərin tarix boyu həyata keçirmək istədiyi məqsədlər dayanırdı. «Böyük Ermənistan» xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının – işğalçı sovet ordusunun köməyi ilə 250 min azərbaycanlını Ermənistandan, 15 mindən çox azərbaycanlı Xankəndindən böyük işgəncələrlə öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldığını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər.
Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olmuşdur ki, onlardan 63-ü uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

- Bu qətliamın törədilməsində Ermənistanın indiki prezidenti də yaxından iştirak edib?

- Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistanın başçısı Serj Sarkisyandır. O, bu hadisəyə münasibət bildirərkən utanmadan deyib: "Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq". Bu sözləri özlərini dünyaya məzlum xalq kimi tanıtmağa çalışan, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən bir millətin nümayəndəsinin, dövlət başçısının azərbaycanlılara qarşı törədilən qətliamda əli olduğunu sübut etmirmi? Belə bir ideologiyası olan dövlət başçısı ilə aparılan sülh danışıqlarının dalana dirənməsi təbiidir. Çünki o və əli azərbaycanlıların qanına batmış onun kimiləri törətdikləri cinayətin cəzasından yaxa qurtarmayacaqlarını bilirlər.

- Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri necə dəyərləndirmək mümkündür?

- Xalqımız erməni şovinistlərinin, cəlladlarının Xocalıda törətdikləri soyqırımının 19-cu ildönümünü geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürək ağrısı ilə qeyd edir. Dövlətimiz, diaspor təşkilatlarımız qeyd etdiyiniz istiqamətdə səylə çalışır. Biz həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevaya minnatdarlığımızı bildiririk. Xocalı faciəsinin bütün dünyada siyasi qiymətini alması üçün aparılan işlərdə əməyi olan hər kəsə təşəkkür edirəm.

- Qeyd etdiyiniz kimi yüz minlərlə soydaşımız Ermənistanın işğalından əziyyət çəkir. Bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini Qarabağın azərbaycanlı sakinləri, sizin seçiciləriniz necə qiymətləndirir?

- Hər dəfə seçicilərlə görüşəndə onlar sual verirlər: "Biz nə vaxt öz torpaqlarımıza qayıdacağıq?". Bütün bu məhrumiyyətləri görən insanları həyatda yaşadan dədə-baba yurdlarına, öz tarixi torpaqlarına qayıtmaq ümididir. 16 ildir ki, cəbhə xəttində atəşkəsdir, əgər buna atəşkəs demək olarsa. Bu müddətdə cəbhə xəttində nə qədər əsgərimiz erməni snayperinə tuş gəlib. Demək olar ki, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və AŞPA-nın 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiq edir. ATƏT-in Minsk qrupu Dagliq Qarabag münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma nəticə isə yoxdur. Son sözləri bu olur ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycandan asılıdır. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə hələ də buna öz münasibətini bildirməyib, sülh danışıqlarını hər vasitə ilə uzatmağa çalışır. İşğalçı dövlət bununla da Azərbaycanı müharibəyə cəlb etməyə təhrik edir.
Azərbaycan regionda iqtisadi cəhətdən inkişaf etmiş və daim tərəqqi edən bir dövlətdir. Əlbəttə, Azərbaycanın inkişafını istəməyən, yaxud da buna qısqanclıqla yanaşanlar da vardır. Biz də müharibə tərəfdarı deyilik. Çünki müharibə qandır, dağıntıdır, insan itkisidir. Lakin torpaqlarımızın bir qarışını da heç kəsə vermək niyyətimiz yoxdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu münaqişənin həllin istiqamətində apardığı qətiyyətli, ardıcıl siyasəti dəstəkləməklə biz bir daha dünya birliyinə müraciət edirik: "Münaqişəyə ikili standartla yanaşmaqdan qurtulun, Ermənistanın işğalçı siyasətinə qarşı çıxın, Azərbaycanın torpaqlarının azad edilməsinə dəstək verin”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü