Modern.az

Dünya Bankında Azərbaycan günləri keçiriləcək

Dünya Bankında Azərbaycan günləri keçiriləcək

Təhsil

1 Mart 2011, 17:02

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının Azərbaycan Ofisinin təşkilatçılığı ilə 15-16 mart tarixlərində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçiriləcək. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti Vaşinqtona səfər edəcək.
Mərkəzi Bankdan bildirlib ki, 1992-ci ildən etibarən Dünya Bankı ilə Azərbaycan arasında qurulan əməkdaşlıq nəticəsində Dünya Bankı Azərbaycana bazar iqtisadiyyatının qurulması, yoxsulluğun azaldılması, modern infrastrukturun yaradılması və maliyyə sektorunun inkişafında aktiv dəstək göstərib.

Dünya Bankının Vaşinqtondakı binasında keçirilən Azərbaycan günlərində də Dünya Bankı ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq qeyd olunacaq, bu çərçivədə keçiriləcək yüksək səviyyəli görüşlərlə Azərbaycan və Dünya Bankı arasındakı əlaqələr və dialoq daha da möhkəmləndiriləcək. Azərbaycan günləri çərçivəsində Azərbaycan mədəniyyəti də geniş təbliğ olunacaq.

Səfər çərçivəsində əvvəlcə Mərkəzi Bank və Dünya Bankının nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan günlərinin təntənəli açılış mərasimi keçiriləcək.
Mərasimdə həmçinin, Dünya Bankının binasında xalçaçılıq sərgisinin təşkili, DB və BVF əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı Azərbaycan milli xörəkləri, həmçinin Azərbaycan musiqi incilərinin təqdim edilməsi, eləcə də Azərbaycanı tərənnüm edən fotoqalereyanın nümayiş etdirilməsi nəzərdə tutulub. Dünya Bankındakı Azərbaycan günləri çərçivəsində Azərpoçt layihəsinin uğurlu layihə kimi təqdimat mərasimi də keçiriləcək.

İki gün ərzində ölkəmizin tarixi, təbiəti, zəngin mədəni irsimizin təbliği məqsədilə Azərbaycan mədəniyyətindən bəhs edən qısametrajlı video materiallar nümayiş etdiriləcək. Tədbirdə həmçinin, Azərbaycan haqqında məlumatlandırıcı broşur, kitabça, buklet, disk, kitab, plakat, suvenir və digər promo-materialların sərgilənməsi də nəzərdə tutulub.

Mərkəzi Bankın sədri E.Rüstəmovun proqram çərçivəsində DB-nin Prezidenti Robert Zollik, DB-nin Azərbaycanın daxil olduğu seçki qrupunun icraçı direktoru Mişel Mordasini, həmçinin BVF-nin nümayəndələri və bir sıra rəsmi şəxslərlə görüşü də planlaşdırılır.

Görüşlərin mövzusu DB, BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın hal-hazırki vəziyyəti, Azərbaycanda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə predmeti olacaq. Bununla yanaşı AMB Sədrinin tanınmış universitetlərin birində geniş auditoriya qarşısında çıxışı, yerli və xarici mətbuat nümayəndələri üçün müsahibəsi də nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü