Modern.az

Azərbaycanda vergi yükü MDB ölkələrindəkindən aşağıdır - RƏSMİ

Azərbaycanda vergi yükü MDB ölkələrindəkindən aşağıdır - RƏSMİ

Aktual

15 Mart 2017, 11:10

Azərbaycanda vergi yükü ümumilikdə bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir.

Bu haqda Vergilər Nazirliyi Media və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Bildirilib ki, vergi ödəyicilərinin müəyyən dövr ərzində həyata keçirdikləri təsərrüfat fəaliyyəti ilə bağlı ödədikləri vergilərin məcmusu vergi yükü hesab olunur və bu göstəricinin səviyyəsi vergi ödəyicisinin ödədiyi vergilərin onun əldə etdiyi gəlirlərə nisbəti kimi müəyyən edilir.

Bir sıra beynəlxalq təşkilat və qurumlar dünya ölkələrinin müxtəlif metodologiyalar əsasında hesablanmış illik vergi yükü barədə məlumatları mütəmadi olaraq dərc etdirirlər. Dünya Bankının «Doing business» hesabatı (ümumi vergi dərəcəsi), Heritage Fondunun «İqtisadi azadlıq indeksi» kimi məlumatlar da bu qəbildəndir. «Doing business 2017» hesabatının Vergilərin ödənilməsi (Paying Taxes) indikatoru üzrə Azərbaycanın ümumi vergi dərəcəsi (o cümlədən sosial sığorta ödəmələri daxil olmaqla) 39,8% göstərilib. Həmin hesabatda Portuqaliya (39,8%), Niderland (40,4%), Türkiyə (41,1%), ABŞ (44%), Avstraliya (47,6%), Almaniya (48,9%), İspaniya (49,0%), Avstriya (51,6%), İtaliya (62%) və Fransa (62,8%) kimi inkişaf etmiş ölkələrin vergi yükü daha yüksək olmaqla əks etdirilib. Bu göstərici keçmiş sovet dövlətlərindən Moldovada 40,4%, Litvada 42,7%, Rusiyada 47,4%, Estoniyada 48,7%, Ukraynada 51,9%, Belarusda 54,8%-dir. Qeyd etmək lazımdır ki, bura sosial sığorta ödəmələri də daxildir.

Heritage Fondunun 2017-ci il üzrə dərc etdirdiyi rəsmi «İqtisadi azadlıq indeksi»ndə isə Azərbaycanın vergi yükü (sosial sığorta ödəmələri nəzərə alınmadan) 14,2% olmaqla 28-ci yerdə göstərilib. Bu sıralamada vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqeyə malikdir. MDB ölkələrindən Qazaxıstan (13,2%) bu sıralamada 20-ci yerdə qərarlaşıb. Hesabatın 2017-ci il üzrə göstəricilərinə əsasən Özbəkistan 19,7%, Qırğızıstan 20,8%, Tacikistan 22,8%, Belarus 23%, Ermənistan 23,5%, ABŞ 26%, Latviya 27,8%, Türkiyə 28,7%, Litva 29,3%, Rusiya isə 35,3% vergi yükünə malikdir.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü