Modern.az

Tənəzzüldən dirçəlişə doğru gedən GUAM və Azərbaycan üçün perspektivlər

Tənəzzüldən dirçəlişə doğru gedən GUAM və Azərbaycan üçün perspektivlər

29 Mart 2017, 14:57

1997-ci ildə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın iştirakı ilə GUAM – İqtisadi və demokratik inkişaf naminə təşkilatı yaradıldı. Böyük ümidlərlə yaradılan təşkilatın adı ona üzv ölkələrin baş hərflərindən ibarət idi. Daha çox Rusiyaya qarşı Qərbin yaratdığı təşkil kimi baxılan GUAM  20 illik mövcudluğu dövründə böyük uğurlara imza ata bilmədi. Əksinə, ilk vaxtlarda müşahidə olunan aktivlik ildən-ilə azalmağa doğru getdi.

 

Təkcə onu demək kifayətdir ki, sonuncu dəfə GUAM-a üzv ölkələrin prezidentləri 2008-ci ildə Batumi sammitində bir yerə toplaşmışdılar. Lakin həmən ilin avqustunda Rusiyanın Gürcüstanla müharibəsi, 2009-cu ildə GUAM-ın qızğın tərəfdarı Moldova prezidenti Vladimir Voronin postunu tərk etməsi və Ukraynada Viktor Yuşşenkonu prezident postunda Viktor Yanukoviçlin əvəzləməsi perspektiv vəd edən təşkilatın ambisiyalarına ciddi zərbə vurdu.

 

GUAM iqtisadi və siyasi inteqrasiyanı nəzərdə tutsa da, təşkilatın reanimasiya cəhdləri nəticə vermədi. Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviç isə GUAM-ın ölkəsi üçün perspektiv olmadığını açıqlamışdı. Faktiki olaraq, 2011-ci ildən təşkilatın fəaliyyəti iflic vəziyyətinə düşmüşdü. Bu ilk növbədə Gürcüstanla Rusiyanın münaqişəsi zamanı GUAM-ın vahid təşkil kimi hadisələrə düzgün reaksiya verməkdə çətinlik çəkməsi ilə bağlı idi.  

 

Lakin Ukraynadakı meydan hərəkatından sonra 2017-ci ildə rəsmi Kiyev GUAM-ın fəaliyyətini canlandırmağa cəhd etdi. Ötən gün Kiyevdə GUAM hökumət başçılarının toplantısı bunu deməyə əsas verir. Ukraynanın baş naziri Vladimir Qroysman, Gürcüstan baş naziri Georgi Kvirikaşvili, Moldova baş naziri Pavel Filip və Azərbaycan baş nazirinin 1-ci müavini İsmət Abbasov azad ticarət zonasının yaradılması barədə razılıq əldə etdilər.

 

Razılaşmanın önəmli tərəfi Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması zamanı GUAM ölkələrinin öz ərazilərində dəhliz yaradaraq qlobal tranzit xəttinini reallaşdırmasından gedir. Bunun sayəsində Azərbaycan da daxil olmaqla GUAM ölkələri arasında ticarət əlaqələrinin həcmi də dəfələrlə arta bilər. Yaxın vaxtlarda, GUAM-ın fəaliyyətinin aktivləşməsi və hətta, prezidentlərin başçılığı altında görüş keçirmələri də mümkündür.

 

Bu faktorları nəzərə aldıqda Azərbaycanın GUAM-ın tərkibində qalması təkcə sıx iqtisadi əlaqələr qurmağa deyil, həm də regional təhlükəsizliyi təmin etməyə imkan verəcək. Unutmayaq ki, təşkilata üzv hər 4 ölkə - Ukrayna (Donbas), Gürcüstan (Abxaziya və Cənubi Osetiya), Moldova (Dnestryanı) və Azərbaycan (Dağlıq Qarabağ) ərazi bütövlüyünü pozulması və həll olunmamış silahlı konfliktdən əziyyət çəkir.

 

Vüqar İSMAYILOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü