Modern.az

Aprel döyüşünün iştirakçıları: "Talış, Madagiz əraziləri bizim nəzarətimizdədir"

Aprel döyüşünün iştirakçıları: "Talış, Madagiz əraziləri bizim nəzarətimizdədir"

31 Mart 2017, 14:13

Bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan tədbir keçirilib.


Trend-in məlumatına görə, tədbirdə aprel döyüşlərində iştirak edən hərbçilər döyüşlə bağlı fikirlərini mətbuat nümayəndələri ilə bölüşüblər.

Döyüşlərdə minaya düşmüş polkovnik-leytenant Eldəniz Sadıqov bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə ermənilər Goranboy istiqamətində tanklar vasitəsilə hücuma keçmişdi:

"Lakin məlumat əldə edəndə düşmənin kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq onlara layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını qoyub qaçmışdı. Eləcə də düşmən geri çəkilib qaçmaq istəyən 15 əsgərini gülləyərək öldürmüşdü".

O əminliyini bildirib ki, Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı geri qaytaracaq: "Düşmən indi də qorxu içərisində yaşayır. Biz neçə ildir düşmənlə üzbəüz olmuşuq. Bütün bu illər ərzində aprel ayında baş verənləri gözləyirdik. Lakin düşmən aprel hadisələri zamanı hesab edirdi ki, ordumuz gücsüzdür. Düşmən elə bilirdi ki, tikanlı məftillər keçilməzdir. Bir də belə hal təkrar olunarsa, qarşı tərəf tab gətirə bilməyəcək. Çünki onların heç bir qüvvəsi qalmayıb. Əgər döyüş dayandırılmasaydı, düşmən tab gətirə bilməyəcəkdi. Heç kim istəməz ki, şəhid versin. Çünki onun acısını bizlər yaşayırıq. Torpağın qəhrəmanı çox deyilsə, millət yaşaya bilməz. Biz düşmənimizin bizimlə bağlı düşüncülərini alt-üst etdik və onlar gücümüzün qüdrətini gördülər”.

E.Sadıqov qeyd edib ki, Tapqarayonlu kəndi daim düşmənin tapdağı altında idi: “Yaxınlıqdakı yüksəklikdən düşmən ərazilərimizi nəzarətdə saxlaya bilirdi, eyni zamanda, mülki əhaliyə rahatlıq verilmirdi. Talış, Madagiz əraziləri hazırda bizim nəzarətimizdədir. Tapqarayonlu istiqamətində düşmənin təxribat törətdiyi və ələ keçirə bilmədiyi posta "Eldəniz" adı verilib. Düşmən tərəfi oranı ələ keçirmək istədi və itki verərək geri qayıtdı. Biz əsas o baryeri qırdıq. Düşmən fikirləşirdi ki, bizdə o güc yoxdur. Amma onlar özləri də bunu sonra etiraf etdi ki, biz onlardan güclüyük, Azərbaycan əsgəri həqiqətən döyüşməyi bacarır".

Polkovnik-leytant Xaqani Cəfərov bildirib ki, aprel döyüşlərində hər bir əsgərdə, gizirdə çox yüksək döyüş ruhu olub: "Çünki qarşımızda olan, ermənilərin işğal etdiyi torpaqlar bizim torpağımızdır. Torpaq üçün tökülən hər bir qan tarixə yazılır. Ona görə də bizim əsgərlərdə yüksək əhvali-ruhiyyə var idi. Döyüş ermənilər tərəfindən başlanılıb. Aprelin 1-dən 2-nə keçən gecə ermənilər artilleriya atəşi ilə kəndləri atəşə tutdular. Biz aprel döyüşlərində sübut etdik ki, lazımi qədər texnikamız var. Lakin biz onların hamısından, daha uzaq məsafəli silahlardan istifadə etmədik".

Lələtəpə istiqamətində olan döyüşlərdə iştirak edən leytenant Səbuhi Mehdizadə isə qeyd edib ki, Lələtəpəni düşməndən azad edərkən başından snayper yarası, daha sonra avtomatla güllə yarası alıb. Bundan sonra hərəkət qabiliyyətini itirib.

Leytenant aprel döyüşlərinin yalnız Azərbaycan Ordusunun gücünü deyil, Azərbaycan xalqının da gücünü göstərdiyini söyləyib:

"Ermənilər isə bizim torpaqlarımızdakı postları atıb qaçmışdılar. Biz bu döyüşlərdə ölmək haqqında deyil, torpaqlarımızı azad etmək, mövqelərimizi azad etmək barədə fikirləşirdik. Biz yaralı olarkən bizə dəstək olurdular. Hətta xarici ölkələrdən zəng edərək bizə dəstək olduqlarını bildirirdilər. Biz qazi olsaq da, xidməti davam etdiririk. Xidməti davam etdirməyə bilərdik, amma Vətən sevgisi bizi bu işdən ayırmağa qoymur".


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü