Modern.az

Azərbaycan nağdsız hesablaşmalara hazırdırmı?

Azərbaycan nağdsız hesablaşmalara hazırdırmı?

14 May 2017, 16:14

“Nağdsız hesablaşmalar haqqında” Qanun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib. Qanunun məqsədi ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffalığını, istehlakçıların hüquqlarınnı müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdən ibarətdir. 

Nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Qanunlar ilə müəyyən edilmiş ödənişlər; dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar; stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi; faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); təhsil haqlarının ödənilməsi; turagentlərə ödəmələr nağdsız qaydada həyata keçriilməlidir.

 

 

“Azərbaycan nağdsız hesablaşmalara hazır deyil”

 

Qanunun tətbiqilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycan infrastruktur baxımından nağdsız ödənişlərin həyata keçirilməsinə hazır deyil. O qeyd edir ki, nağdsız ödənişlərin stimullaşdırılması üçün infrastrukturun inkişaf etməsi vacibdir:

 

"Azərbaycanda nağdsız ödənişlərin reallaşdırılması və eləcə də, plastik kartların işləməsi üçün ölkə üzrə lazımi işlər həyata keçirilməlidir. Aparılan monitorinqlər və təhlillər göstərir ki, Azərbaycan praktik olaraq nağdsız ödənişlərə hazır deyil. İnkişaf etmiş ölkələrdə nağdsız ödənişlərin həyata keçirilməsində problemlərin olmamasının əsas səbəbi, infrastrukturun qurulmasıdır. O ölkələrdə infrastruktur olduğundan nağdsız ödənişlərə tələb olduqca azdır".

 

 

Vətəndaş ödənişi nağdsız hesablaşma üzərindən etmək istəyəndə...

 

Ekspert bildirir ki, bir çox hallarda nağdsız ödənişlərlə bağlı vətəndaşların hüquqları pozulur.:

“Nağdsız ödənişlər yalnız plastiklarla kartla icra olunmur. Bunun üçün bank və xidmət müəssisələrinin, mağaza və restoranların nağdsız ödənişlərə hazır olmasına, sahibkarların bank transeferlərini apara bilməsinə ehtiyac var. Eyni zamanda, qanunvericilik təkmilləşdirilməlidir. Çünki bəzi hallarda müştəri restoranda yemək yedikdən sonra ödənişi plastik kartdan etmək istəsə də, restoran bu ödənişi qəbul etmir. Bu zaman müştərinin ödəniş etmək və ödəniş vasitəsini seçmək hüququ pozulur. Qanunvericilikdə bu məsələ ilə bağlı cəza, cərimə nəzərdə tutulmur.

Bundan başqa, meydana çıxan problemlərdən biri də pos-terminallarla bağlıdır. Əksər vaxt  pos-terminallardan istifadə olunmur. Sahibkar pos-terminalı quraşdırmaqdan imtina etsə də belə, qanunvericilikdə bununla bağlı ciddi cəzalar yaxud cərimələr tətbiq edilmir. Biznesin hazırlanmasında nağdsız hesablaşmalar olduqca vacibdir. Həm infrastruktur, həm ənənə, həm də vərdiş olaraq nağdsız hesablaşmalara hazır olmaq lazımdır. Etiraf etmək lazımdır ki, həm pos-terminalların sayı, həm də bank hesablarının sayında artımlar var. Amma bu artımlar yetərli deyil”.

 

“Nağdsız hesablaşma vətəndaş üçün daha təhlükəsizdir”

 

Mütəxəssisin sözlərinə görə, nağdsiz ödənişlər iqtisadiyyat üçün olduqca vacibdir:

“Bu, ilk növbədə vergidən yayınmağın qarşısının alınmasında,şəffaflığın artırılmasında, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsində mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, vərdişdir. Vətəndaşın öz vəsaitini banklarda, plastik kartlarda saxlamağa üstünlük verməsi onun itmə və oğurlanma riskini azaldır. Yəni vətəndaş üçün nağdsız hesablaşmalar daha təhlükəsizdir və plastik karta yüklənən vəsaitdən dünyanın istənilən nöqtəsində istifadə edə bilər”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü