Modern.az

Prezident müharibə veteranları ilə görüşüb

Prezident müharibə veteranları ilə görüşüb

Təhsil

9 May 2011, 11:57


İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşılayıblar. Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı müharibə veteranlarını səmimiyyətlə salamlayıb, onların hər birini Qələbə bayramı münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti 1941-1945-ci illərin ağır və çətin sınaqlarından keçmiş veteranlara yaxınlaşaraq, onların problemləri, qayğıları ilə maraqlanıb. İlham Əliyev İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Prezident İlham Əliyev mayın 9-da Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda da olub.
Dövlət başçısı alman faşizminə qarşı müharibədə misilsiz rəşadət nümunəsi göstərmiş Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstü önünə gül dəstəsi qoyub. Sonra Azərbaycan Prezidenti parkda yaradılan şəraitlə tanış olub.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun qardaşı qızı Tamilla Məmmədova ilə görüşüb söhbət edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü